KÖŞƏ

Mahir Rəsuloğlu

Müqəddəs torpaq satqınları qəbul etməz!

12 oktyabr 2021 23:19
1539

Künc zərbəsi

Şuşa dəyərdir, dəyərlidir! 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizin möhürüdür uca qalamız, saçlarına dumandan-çiskindən, qardan-qırovdan dən düşmüş qoca qalamız! Yağıya sipər olan sıldırım qayaları onun azadlığı üçün ölümünü gözə almış oğullarına yol verdi, qucaq açdı Şuşa, güllə səsinə sevindi, mürgüləyən ruhu oyandı türk yurdunun. Bu gün Vaqifin ruhu burada səslənən şeirdən rahatlıq tapır, təşnə olduğu muğam səsi ilə, “Qarabağ şikəstəsi” ilə dincəlir Şuşa, illərin acısını çıxarır. Və bu gün illərdir həsrət qaldığımız İsa bulağının, Natəvan bulağının buz kimi, bal kimi suyu məlhəm olur ayrılıqdan ağrı tapmış ürəyimizə!

İşğaldan qarış-qarış qan bahasına, can bahasına azad etdiyimiz torpağımızın hər yeri bir cür gözəldir, əzizdir, doğmadır – Ağdamı da, Hadrutu, Suqovuşanı, Füzulisi, Cəbrayılı, Zəngilanı da, Qubadlısı, Laçını, Kəlbəcəri  də. Ancaq Şuşa bir başqadır. Ürəyimiz atdanır, çırpınır Şuşaya getmək üçün. 29 ildən sonra gedənlər də, ilk dəfə gedənlər də sehrinə, cazibəsinə elə düşür ki, qayıtmaq istəmir. Şuşaya getmək ürəyində Vətən sevgisi olan hər kəs üçün arzudur, ziyarətdir!  

Şükürlər olsun ki, indi bizi bu müqəddəs ziyarətə aparan Zəfər yolumuz var. Bu yolla şuşalılar, yerli və xarici jurnalistlər, ziyalılar, sənətçilər, ölkəmizdəki diplomatik korpusların nümayəndələri səfər edir yenidən qurulan və dirçələn Şuşamıza.

...Dövlətimiz bu imkanı siyasi əqidəsindən asılı olmayaraq hamıya yaradır – elə ölkədə qurulmuş yeni siyasi konfiqurasiyanın, iqtidar-müxalifət dialoqunun göstəricisi olaraq Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə Şuşa şəhərinə təşkil edilən səfər zamanı da Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalara dəvət göndərilmişdi. Səfərə 43 siyasi partiyanın 55 nümayəndəsi təkcə partiya mənsubu kimi deyil, həm də azad Şuşanı görüb ziyarət etmək istəyən vətəndaş kimi qatıldı. Üzrlü səbəblərdən gedə bilməyənlər də oldu və... Dəvəti qəbul etməyənlər də. Gözlənildiyi kimi, öz həmkarlarının təbirincə desək, milli maraqlara qarşı olan qüvvələrin “cib müxalifəti” – AXCP və Müsavat Partiyası Şuşa səfərində iştirak etmədilər. Niyə gözlənildiyi kimi? Çünki Vətən müharibəsindən öncə də, döyüşlərin getdiyi o ağır, ancaq qürurverici günlərdə bütün xalqımız yumruq kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşəndə də, bütün digər partiyalar siyasi ambisiyalarını bir kənara atıb vətəndaş mövqeyi sərgiləyəndə də, müharibədən də betər ölkəmizə yönəlmiş təhdidlərə qarşı ümummilli birlik nümayiş etdirmək lazım gələndə də AXCP və Müsavat Partiyasının rəhbərliyi xarici hamilərinin buyruğuna qul olub erməni dəyirmanına su tökməklə məşğul idilər. Çünki müharibədən sonra azad Şuşamızda bütün bəndləri ilə ölkələrimizin gələcək inkişafının yol xəritəsi, tərəqqiyə, sülhə və sabitliyə çağırış, təhlükəsizliyimizin təminatı baxımından atılmış ciddi addım olan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalananda da digər 48 siyasi partiya kimi bu Bəyannaməyə dəstək bəyanatını imzalamayan Əli Kərimli, Arif Hacılı öz çirkin qarayaxma, şərləmə təlimatlarını yerinə yetirirdilər. Çünki digər torpaqlarımız kimi, Şuşanın 30 ilə yaxın əsarətdə qalmasında ermənilər qədər günahkar olan, ermənilərin yurdumuzu yağmaladığı günlərdə Vətənə sahib çıxmaq əvəzinə Bakıda hakimiyyət, vəzifə davası aparan bu partiya rəhbərlərinin indi həmin yerlərə getmək qorxuları var. Çünki şəhidlərimizin qanı bahasına düşmən tapdağından azad edilmiş o torpaqlar xainləri, satqınları qəbul etməz, ayaqları od tutub yanar...

Şuşanı müqəddəs, Zəfər yolunu ziyarət yolu bilməyənlərin milli kimliyi “marionet” iplərinin əllərində olduğu, maliyyələşdikləri xarici qüvvələrin kimlikləri kimi şübhəlidir. Vətənin bütövlüyünə, azadlığına sevinməyən, ölkəmizin iqtisadi gücünün, hərbi qüdrətinin artmasından qürrələnməyən, tula payına dövlətin imicini zədələməyə çalışmaqla düşmənlərin yanında dayananların qarşısında xalq var – “dəmir yumruq” kimi bir olmağı bacaran xalq, ona xilaf çıxanların başını əzməyə qadir xalq!

Və bu xalq, bu millət dar gündə dayaq olanını da, arxa çevirənini də yaxşı tanıyır, bilir, unutmur və unutmayacaq!