KÖŞƏ

Elçin Zaman

İranın Azərbaycana qarşı ideoloji təxribatları ara vermir

12 oktyabr 2021 22:18
2367

Bu gün İran İslam Respublikası ilə Azərbaycan arasında artan gərginliyin səbəbkarı bu ölkənin şovinist rejimidir. Bu rejim ona görə narahatdır ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu Ermənstan hərbi birləşmələrini darmadağın etməklə bölgədə geosiyasi üstünlük əldə etdi. Bəli, İran heç vaxt qonşuluğunda güclü Azərbaycanı görmək istəməyib. Ona görə də Qarabağ münaqişəsinin davam etdiyi  30 ildə İran həmişə Ermənistana hərbi, maddi və siyasi dəstək verib. Hətta İran rəhbərliyinin 1992-ci ilin may ayının 8-də Şuşa şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmasına hərtərəfli şərait yaratmaları da bir acı həqiqətdir. Ona görə də Şuşanın işğalı İranın Azərbaycana arxadan vurulan bir zərbəsi kimi tarixə düşüb.

Azərbaycan Ordusunun 44 günlük müharibədə İranla 130 kilometrlik sərhəd xəttini erməni işğalçılardan təmizləməsi də bu ölkə üçün ağır zərbə oldu. Çünki  bu ölkənin narkotranzit xətti bağlandı. Bununla da Qarabağdakı erməni saparatçıları ilə  birgə qonşu ölkələrə tonlarla narkotik ötürən və milyardlarla çirkli pul qazanan İranın sözdə İslam, əməldə isə şeytan siması tam aydınlığı ilə ortaya çıxdı.

Bəli, bu gün İran tamamilə Azərbaycana qarşı ideoloji çirkab axıdır. Onlar iddia edir ki, guya Azərbaycanda, xüsusilə də İranla sərhəddə İsrail hərbi bazaları yerləşdirilib. Bu, tam yalan və dünyanın inanmadığı sərsəm bir iddiadır. Əslində, onların bu iddiaları Ermənistan rəhbərliyinin iddiaları ilə üst-üstə düşür. Bu, o deməkdir ki,  İran Ermənistanla eyni cəbhədən, eyni mövqedən çıxış edərək ölkəmizə qarşı revanşizmi qıcıqlandırır.

Ötən gün isə İranın hərbi təşkilatının rəhbəri daha irəli gedərək ölkəmizi təhdid etməyə başlayıb. Belə ki, İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) tərəfdarları bir neçə sosial şəbəkə hesablarında Azərbaycanda «Hüseynçilər» müqavimət hərəkatının yaradıldığını elan ediblər. Guya bu təşkilat ölkəmizə qarşı ciddi təxribatlar törətməklə  siyasi stabilliyi poza bilər. Lakin bu onların sadəcə xəyalı ola bilər. Əvvəla ona görə ki, Azərbaycanda sarsılmaz xalq- iqtidar birliyi mövcuddur. Digər tərəfdən, baxmayaraq ki, əhalimizin əksəriyyəti şiələrdir, amma uzun illərin sovet idarəçiliyindən sonra Azərbaycan əhəmiyyətli dərəcədə dünyəvi dövlətə çevrilib. Yəni, saxta islamçılar ölkəmizdə at oynada bilməzlər.

Son 30 ildə İran öz «islam» inqilabını da Azərbaycana ixrac etməyə can atıb, amma istəyinə nail ola bilməyib. Azərbaycanda 1991-ci ildə təsis edilən İslam Partiyası İran tərəfindən gizli maliyyələşdirildiyinə, dövlət çevrilişinə və ölkədə İslam respublikası qurmağa cəhd etdiyinə görə dörd il sonra bağlanıb.

Siyasi analitiklərin fikrincə, İranın Azərbaycan sərhədləri yaxınlığında keçirdiyi hərbi təlimlər və ölkəmizlə gərgin münasibətləri sözün birbaşa mənasında münaqişəyə gətirib çıxarmayacaq. Amma İran digər Yaxın Şərq ölkələrində olduğu kimi, dağıdıcı müxalif qrupları maliyyələşdirməklə iyrənc əməllərinə davam etmək istəyəcək.