KÖŞƏ

Vəli İlyasov

Keçən ilki “möcüzə”nin sevincini hələ də yaşamaqdayıq

14 oktyabr 2021 00:57
1145

Otuz üç ildir ki, Qarabağ münaqişəsinin ədalətli həllinə inanmayanlar, bunun yalnız möcüzə sayəsində həll oluna biləcəyini düşünənlər bir ildir ki, bu “möcüzə”nin sevincini yaşamaqdadırlar. Qüdrətli Azərbaycan dövlətinin rəhbəri, Ali Baş Komandanımız İlham Əliyev özünün siyasi iradəsi, xalqın dəstəyi və müzəffər  ordumuzun gücü ilə bu “möcüzə”ni həqiqətə çevirdi. Münaqişənin hərbi yolla həllinin mümkün olmadığını iddia edənlər gördülər ki, münaqişə cəmi 44 günə həll edildi və tarixin arxivinə verildi. Deməli, münaqişə artıq keçmişdə qalıb. Prezidentimiz hərbi nailiyyətlərlə bəradər informasiya müharibəsində də dostlarımızı sevindirdi, düşmənlərimizi və bədxahlarımızı isə xar etdi.

Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda videoformatda çıxışı zamanı bir sıra vacib məqamlara toxundu. Dövlət başçısı 44 günlük Vətən müharibəsində məğlub edilmiş Ermənistanın 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur olduğunu vurğulayaraq bildirdi ki, artıq Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Cənab Prezidentin də qeyd etdiyi kimi, münaqişə artıq bitib. Bundan sonra onun razılaşmadan asılı olan bəzi məqamları-kommunikasiyaların açılması, infrastrukturun yaradılması və əhalinin yerləşdirilməsi kimi detalları qalıb. Bunlar da qarşılıqlı müzakirələr əsasında həll olunacaq.

Prezident İlham Əliyev Qarabağ həqiqətlərini 44 günlük müharibə zamanı da, ondan əvvəl və sonra da beynəlxalq mötəbər tribunalarda səsləndirib. Hətta hərbi əməliyyatların getdiyi gərgin vaxtlarda xarici telekanallara verdiyi müsahibələri ilə informasiya “müharibəsinə” də komandanlıq edirdi. Dövlətimizin başçısı  bütün beynəlxalq forumlarda çıxışı zamanı, Qoşulmama Hərəkatının zirvə toplantılarında, eyni zamanda BMT-nin 76-cı sessiyasındakı videoformatdakı çıxışı zamanı da bunu dəfələrlə vurğulayıb. Beynəlxalq ictimaiyyətə çatdırıb ki, biz həqiqətən münaqişəni həll etmişik. Ermənistanın daxilində və beynəlxalq aləmdə bəzi qüvvələr proseslərə kənardan müdaxilə etməyə cəhd edirlər. Ermənistan daxilində bəzi qüvvələr var ki, münaqişəni hələ də bitməmiş hesab edirlər, revanşist addımlar atmağa cəhd edirlər. Amma bunların heç bir faydası olmayacaq. Çünki Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və Dağlıq Qarabağ münaqişəsi adlı bir münaqişə gündəlikdən birdəfəlik çıxarılıb. Münaqişənin bitmədiyini iddia edənlərin məkrli məqsədləri var. Ancaq onlar heç nəyə nail ola bilməzlər.

Bütün dünya bilir ki, 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsi 44 günlük müharibədə Ermənistanın kapitulyasiyası ilə həll olundu. Münaqişənin aradan qaldırılmasında Qoşulmama Hərəkatının üzv dövlətləri də öz töhfələrini veriblər. Hərəkatın yeddi ölkəsinin Azərbaycanın haqq işinə verdiyi dəstək mühüm əhəmiyyət kəsb edir. O da məlumdur ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi iyirmi yeddi ildir ki, icra olunmurdu. Azərbaycan həmin qətnamələri öz gücü hesabına yerinə yetirdi. BMT-nin görməli olduğu işi Azərbaycan təkbaşına etdi. Sonuncu çıxışında da Azərbaycan Prezidenti bunu dəfələrlə vurğuladı və bütün dünyaya mesaj göndərdi. Bütün dünya ictimaiyyətinə, sona çatan münaqişəni yenidən alovlandırmağa çalışan qüvvələrə çatdırdı ki, bu münaqişə birmənalı olaraq həll olunub və onu yenidən alovlandırmaq, hansısa müdaxilələr etmək yolverilməzdir. Azərbaycan qətiyyən buna imkan verməyəcək. Bütün məsələlər 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının şərtləri əsasında öz həllini tapacaq. Artıq Naxçıvana olan hava yolu açılıb, Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə olunub, digər məsələlərin həll edilməsi üçün isə danışıqlar və hazırlıq işləri başa çatmaq üzrədir. Bütün bunlar regionda sülhün möhkəmlənməsinə, qarşılıqlı iqtisadi münasibətlərin normallaşmasına və sonda xalqların sosial rifahının daha da yaxşılaşdırılmasına aparıb çıxaracaqdır.