KÖŞƏ

Vəli İlyasov

Naxçıvanın otuz illik blokadadan çıxacağı gün uzaqda deyil

21 oktyabr 2021 21:55
1307

1988-ci ildə ermənilərin İrəvanın Teatr meydanında “miatsum” bağırtılarından sonra Naxçıvana gedən yollar təhlükə altına düşdü. Azərbaycanlılar öz torpaqlarında ölkənin bir yerindən digər tərəfinə getməyə çətinlik çəkdilər. Vəziyyət düzəlmək əvəzinə daha da pisləşməyə doğru gedirdi.

1990-cı ilin sonlarında isə Bakı-Naxçıvan qatarı ilə gediş-gəliş çətinləşdi. Azğınlaşmış ermənilər qatarları daşa basır, sərnişinlərə və qatarlara ziyan vururdular. Təbii ki, bölgədə olan sovet qoşun hissələri guya belə məsələlərə qarışmır, əslində cinayətkarların hərəkətlərinə göz yumur, SSRİ-nin hüquq-mühafizə orqanları isə quldurluq edən ermənilərin qarşısını qəsdən almırdılar.  Təbii ki, ermənilərin törətdikləri bütün qanunsuzluqların və cinayətkar əməllərin başında Mixail Qorbaçov və komandası dururdu. Ona görə də cəzalandırılmayan ermənilər daha da aqressivləşirdilər. Vəziyyət getdikcə mürəkkəbləşir, qatarların hərəkəti mümkün olmurdu. Avtomobil yolu ilə gediş-gəliş isə tamamilə dayandırılmışdı. 1991-ci ilin payızında soyuq silahlarla yaraqlanmış ermənilər Mehri stansiyasında Naxçıvan-Bakı qatarına hücum edərək maşinistləri döyüb təhqir etdilər və bildirdilər ki, bir də gəlməsinlər, yoxsa öldürüləcəklər. Quldur dəstəsi sərnişinlərə də ağır fiziki xəsarətlər yetirərək “bizim torpaqdan bir də keçməyin” deyirdilər. Azğınlaşmış kütlə vaqonların pəncərələrini qırıq-qırıq etmişdi. Bu, Naxçıvandan Bakıya gələn sonuncu qatar oldu. O vaxtdan indiyə qədər Naxçıvan üzücü blokadada qalmaqdadır. Yeganə əlaqə hava yolu ilə mümkün idi ki, o da 2020-ci ilin sentyabrında, yəni İkinci Qarabağ müharibəsi başlayanda qapadıldı. 44 günlük müharibədə məğlub olan Ermənistan üçtərəfli Bəyanatın tələbləri və  Bakının təzyiqi ilə Naxçıvanı blokadadan azad etməyə məcbur oldu. Düz bir il bir aydan  sonra Bakı-Naxçıvan aviareysi bərpa edildi. İndi Naxçıvan əhalisi təyyarə ilə rahat gəlib-gedə bilir. Təbii ki, yalnız hava yolu muxtar respublika əhalisinin tələbatını tam ödəyə bilməz. Avtomobil və dəmir yolları da açılmalıdır. Bunun üçün isə Zəngəzur dəhlizinin açılması zəruridir. Hazırda bu istiqamətdə aparılan məqsədyönlü işlər müsbət nəticə verir. Sıxışdırılan Ermənistan rəhbərliyi Azərbaycanın tələblərini yerinə yetirməyə bilməz. Əslində bu yolların açılması Ermənistanın özünə də mənfəət gətirər. Ölkə düşdüyü blokada vəziyyətindən çıxar və böhran keçirən iqtisadiyyatını dirçəldə bilər.

Xatırladaq ki,  2020-ci il 10 noyabr üçtərəfli razılaşmasına əsasən bölgədə kommunikasiyaların açılması nəzərdə tutulub. Nəhayət, bir neçə gün əvvəl Naxçıvana olan quru yolların açılması ilə bağlı razılıq əldə edildi.

"Bölgədə kommunikasiyaların açılması nəticəsində Naxçıvan Muxtar Respublikası Bakı ilə dəmir yolu və avtomobil yolu əlaqəsi əldə edəcək". Ermənistanın baş naziri Nikol Paşinyan Minskdə MDB Dövlət Başçıları Şurasının iclasında çıxışında belə deyib. O, yaxın gələcəkdə regional kommunikasiyaların açılmasında konkret nəticələr əldə olunacağına ümid etdiyini bildirib. Bəli, Nikol  Paşinyan artıq başa düşür ki, Ermənistanın iqtisadi blokadadan çıxması üçün Zəngəzur dəhlizi açılmalıdır və o nə qədər tez açılsa onlar üçün bir o qədər yaxşı olar.

Yaxın zamanda qatar və avtomobil yolları açılandan sonra naxçıvanlılar və muxtar respublikanın qonaqları mənzil başına rahat, tez və təhlükəsiz gəlib-gedə biləcəklər. Bundan da əlavə, istər Azərbaycan, istərsə də Ermənistan hər il  bu yollarla yükdaşımalarından külli miqdarda qazanc əldə edəcək.