KÖŞƏ

Vəli İlyasov

Ermənilər Qarabağdan “daban 56”ya qərar verdilər

23 oktyabr 2021 00:23
1395

2020-ci ilin 10 noyabr üçtərəfli razılaşmasının mühüm bəndlərindən biri Ermənistan ordusunun qalıqlarının Azərbaycanın bütün ərazilərindən, o cümlədən də Qarabağ ərazisindən çıxarılmasıdır. Ağdam və Kəlbəcər rayonları bu yolla düşməndən təmizlənəndən sonra erməni quldur dəstələri Xankəndidə qurduqları yuvalara soxularaq getmək istəmir, müxtəlif bəhanələrlə vaxtı uzadırlar. Ermənilər az qala bir ildir ki, silahı yerə qoymaq tələbini yerinə yetirməkdən qaçırlar. Amma görünür, daha qaçmağa yerləri yoxdur. Necə deyərlər, “divar” qurtarıb,  çünki Azərbaycanın getdikcə artan təzyiqləri qarşısında tab gətirə bilmirlər. Xüsusilə də Azərbaycanın antiterror əməliyyatı keçirəcəyindən qorxan ermənilər nəhayət, sağ başla aradan çıxmaq üçün silahları yerə qoymalı olduqlarını başa düşübblər. Artıq silahlı ermənilər anlayırlar ki, bundan sonra Qarabağda qalmaq girov həyatı yaşamaqdan başqa heç nə deyil. Azərbaycan polisi günlərin birində pasport yoxlaması aparanda necə cavab verəcəklər? Axı, onlar Ermənistan vətəndaşlarıdır və orada qeydiyyatdadırlar. Odur ki, onlar futbol termini ilə desək, quldurlar “daban 56”ya qərar veriblər. Yəni, hər şeyi atıb aradan çıxmağa.

Kürkünə birə düşən, özünü hələ də qondarma rejimin “prezidenti” adlandıran Araik Arutyunyan Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan və Azərbaycan ərazisində qalan qanunsuz silahlı birləşmələri -onları müharibəyə qədər “dqr müdafiə ordusu” adlandırırdılar- buraxmağa hazırlaşır. Bu barədə Ermənistan parlamentində Qarabağdan olan erməni köçkünlərin problemlərinin müzakirəsi zamanı məlumat verilib. Müzakirələr parlamentin İnsan haqları və ictimai məsələlər üzrə daimi komissiyası tərəfindən təşkil edilib. Araikin “dqr ordusunu” buraxmağa hazırlaşdığını isə özünü “Şuşadan qaçqın düşmüş erməni əhalisi” adlı QHT şurasının üzvü kimi təqdim edən Aşot Arutyunyan çatdırıb. Aşot deyir ki,

“Mən ondan soruşdum: “Kim sənə bu haqqı verib?”, Araik cavab verdi ki, “azərbaycanlılar tələb edir”.  Xatırladaq ki, darmadağın edilmiş Ermənistan ordusunun təxminən 10-15 min nəfərlik qalıqları 44 günlük müharibə başa çatandan sonra Rusiya sülhməramlılarının məsuliyyət zonasında qalıb. Həmin qanunsuz silahlı birləşmələr ərazidə Azərbaycan Ordusunun bölmələrinə qarşı bir neçə dəfə diversiya və təxribatlar törədiblər.  Ona görə də Azərbaycan mütəmadi olaraq Ermənistandan həmin dəstələrin çıxarılmasını tələb edir. Əgər həmin cinayətkar dəstələr çıxarılmasa onda antiterror əməliyyatının keçirilməsi qaçılmaz olacaq.

Bəli, “Azərbaycan tələb edir.” Bu sözləri deyən müharibə canisi həmin Araik Arutyunyandır ki, “gücünü” Gəncədə, Bərdədə, Tərtərdə, Ağdamda, Ağcabədidə, Goranboyda körpə uşaqlara, qocalara, qadınlara göstəmişdi, şirin yuxuda ikən onların evlərinə raket atmağı əmr etmişdi. Nəticədə yüzlərlə ev dağılmış, yüzlərlə dinc sakin öldürülmüş və yaralanıb şikəst olmuşdular. Murdar ağzından zəhər yayan Araik Arutyunyan indi qaçıb gizləndiyi sonuncu sığınacağında biabırçılıqla məğlub edildiklərini, silahı yerə qoyub qaçmalı olduqlarını etiraf edir. Ancaq bununla yaxasını qurtara bilməz. Nəhayət, bir gün onu gizləndiyi yuvadan tapıb çıxaracaqlar, çünki tökdüyü nahaq qanlara görə ədalət məhkəməsində oturdulmalı və “layiqli” cəzasını almalıdır. Yəqin ki, ona da az qalıb.