KÖŞƏ

Elçin Zaman

Ermənistanın nəfəsliyi daralır

26 oktyabr 2021 23:58
2651

Paşinyan tarixi sülh sazişini imzalamaqdan başqa yolu yoxdur

Ermənistanın baş naziri Nikol Paşinyan israrlı şəkildə Azərbaycan Prezidenti İlham Əliyev ilə birbaşa təmaslara can atır. Düzdür, Azərbaycan Prezidenti onun bu cəhdlərinə müsbət reaksiya verməklə bərabər, həm də təmkinli davranış nümayiş etdirir. Ona görə ki, ölkəmizin başçısı görüşdə lokal deyil, qlobal məsələlərin müzakirə ediləcəyi, həmçinin konkret nəticələrin olacağı təqdirdə erməni baş nazir ilə görüşə bilər. Yəni, Ermənistanın zaman qazanmaq məqsədilə süni müzakirə gündəmi yaratmağa göstərdiyi cəhdlər ölkəmizin başçısı üçün qətiyyən məqbul deyil.

Ötən həftə MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Prezident İlham Əliyevin Ermənistanın ünvanına sərt ittihamlar səsləndirməsi və Nikol Paşinyanın bu ittihamlar qarşısında susması, hətta «Azərbaycan Ermənistan ərazisindən Naxçıvana marşrut əldə etməlidir» deməsi Ermənistanın artıq öz taleyi ilə barışdığının göstəricisidir.

Siyasi analitiklərin fikrincə, MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistan baş nazirinin dövlət başçıları qarşısında bu açıqlaması işğalçı dövlətin regionda yaranmış yeni gelsiyasi reallıqla barışması anlamına gəlir. Artıq bundan sonra Nikol Raşinyanın ciddi auditoriya qarşısında dilə gətirdiyi açıqlamanı inkar etmək şansı yoxdur.

Düzdür, İrəvan küçələrində müxalifət tərəfdarları paşinyanın son açıqlamasına narazılıqlarını bildirsələr də ancaq anlayırlar ki, Azərbaycanla bərabər, burada Rusiyanın təzyiqi də hiss edilir. Hətta Rusiya Prezidenti Vladimir Putin ötən həftə keçirilən «Valday» diskussiya forumunda Azərbaycanın öz torpağı olan Naxçıvanla kommunikasiyaların açılmasını təbii hal kimi dəyərləndirib. Bununla da o Ermənistanın bu istiqamətdəki bütün bəhanələrinə yer qalmadığını bildirib. Eyni zamanda, Rusiya Prezidenti forumda «Azərbaycan və Ermənistan arasındakı sərhəd problemləri Rusiya ordusunun Baş Qərargahında olan xəritələr vasitəsilə həll oluna bilər» deyə vurğulayıb.

İndi bütün bu fikirlərin əsl mənası ortaya çıxmağa başlayıb. Belə ki, Ermənistan mətbuatı yazır ki, noyabrın 9-da Moskvada Rusiyanın dövlət başçısının vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında iki önəmli anlaşma imzalanacaq. Həmin anlaşmalarda birinci sənəd Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyasına aid olacaq. Bu sənədə görə, SSRİ Müdafiə Nazirliyinin Baş Qərargahının 1920-ci illərə aid xəritələri əsasında Ermənistan və Azərbaycan qarşılıqlı olaraq, dövlət sərhədlərini və ərazi bütövlüyünü tanıyacaq. İkinci sənəddə isə Zəngəzur dəhlizinin açılması əsas yer tutacaq.

Rusiyanın Kremlə yaxınlığı ilə tanınan rian.ru saytı da noyabr ayında Əliyev-Putin-Paşinyan görüşünün keçirilə biləcəyi barədə məlumat yayıb. Həmin məlumatda da etibarlı mənbəyə istinadən, yeni üçtərəfli anlaşmaların imzalanacağı vurğulanır. Saytın bu barədə sualına cavabında isə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov «Anlaşma olacağı təqdirdə məlumat verəcəyik» deməklə yayılan məlumatları təkzib etməyib.

Bir müddət öncə Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı açıqlama verərkən, «Bu hədəfimizə çatmaq üzrəyik» demişdi. Təbii ki, Azərbaycan Prezidenti bu məsələnin reallaşacağına əmin olmasaydı belə açıqlamalar verməzdi. Bu isə o deməkdir ki, tarixi anlaşma o qədər də uzaqda deyil.

Ermənistanın siyasi analitikləri də bildirirlər ki, əgər bütün bunlar doğru olarsa, deməli, Paşinyan hakimiyyəti saxta «Artsax xalqı»nın özmüqəddəratını təyinetmə hüququnu birdəfəlik dəfn edəcək. Məhz buna görədir ki, qondarma «DQR»in qondarma «prezidenti» Araik Arutunyan «ordusunu» buraxmağa və siyasətdən getməyə qərar verib. O, bunları Azərbaycan dövlətinin təzyiqi ilə etdiyini etiraf edib.