KÖŞƏ

Vəli İlyasov

Kim “dəmir yumruğu” qulağının dibində görmək istəyirsə...

29 oktyabr 2021 00:58
1191

Son günlər Füzuli rayonunda iki ölkə rəhbərinin görüşməsi və açılış tədbirində iştirakları bir sıra ölkələrdə medianın gündəmində əsas yer tutub. Xarici mətbuatda bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında açılış lentini kəsməsi tarixi əhəmiyyət kəsb edir. Bu, bir daha dünyaya göstərdi ki,  Türkiyə hər zaman Azərbaycanın yanındadır.

Türkiyə və Azərbaycan şirkətləri 8 ay ərzində dünya standartlarına cavab verən hava limanının tikintisində bərabər çalışıblar. Qardaş Türkiyə müharibə dövründə bütün imkanlarıyla bizim yanımızda oldu. İndi də Qarabağda aparılan quruculuq işlərində Türkiyə şirkətləri iştirak edir. Hər iki ölkə prezidentlərinin çıxışlarında pozitiv məqamlar diqqət çəkdi. Bu səfər çərçivəsində hər iki ölkə rəhbəri tərəfindən Zəngəzur dəhlizinin təməli atıldı. Bildirildi ki, kimin razı olub-olmamasına baxmayaraq Zəngəzur dəhlizi açılacaqdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu səfər çərçivəsində Ermənistana və onun havadarlarına öz mövqeyini bir daha çatdırdı. Keçirilən mətbuat konfransında bir sıra ciddi məqamlara diqqət yetirildi. Prezident İlham Əliyev müharibə dövründə və müharibədən sonrakı mərhələdə Türkiyənin dəstəyini önə çəkib qardaş ölkəyə həm özünün, həm də Azərbaycan xalqının adından təşəkkürlərini bildirdi. Ərdoğan qeyd etdi ki, bundan sonra da Azərbaycanla münasibətlər inkişaf edəcək. Türkiyə Prezidenti bildirdi ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə, Azərbaycanla münasibətləri normallaşdırmaq üçün konkret addımlar atarsa, Türkiyə ilə Ermənistan arasında münasibətlər düzələ bilər. Yəni, Türkiyə dövləti Ermənistanla əlaqələri normallaşdırmağa hazırdır. Bunun üçün Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, demarkasiya və delimitasiya işlərində problem yaratmamalıdır, Qarabağda yaşayan ermənilərdən müəyyən təxribatlar üçün istifadə etməyi dayandırmalıdır. Bu məsələlər Ermənistanın rifah içində bir dövlət kimi yaşamasına şans yaradacaq. Həmin səfərdə Türkiyənin xarici işlər və müdafiə nazirlərinin iştirak etmələri də  təsadüfi deyil. Bu, o deməkdir ki, Türkiyə özünün müdafiə imkanları ilə hər zaman Azərbaycanın yanındadır.

Qeyd etdiyimiz kimi, hava limanının açılışında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı, onların mehriban qardaşlıq münasibətləri bir çox ölkələrdə diqqətlə izlənilib. ABŞ-ın Azərbaycandakı keçmiş  səfiri Metyu Brayza qeyd edib ki, Ərdoğanın Azərbaycanın Füzuli rayonuna səfəri simvolik, strateji və praktik xarakter daşıyır: "Azərbaycana ən yaxın müttəfiq ölkənin lideri Füzuliyə səfəri qardaş ölkənin ötənilki 44 günlük müharibədə qazandığı qüdrətli Qələbəni vurğulayır ki, bu da Azərbaycan tarixində ən böyük hərbi və diplomatik qələbədir. Prezident Ərdoğanın Füzuliyə səfəri bütün dünyaya göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək bütün Cənubi Qafqaz regionunun reinteqrasiyasına kömək etmək üçün indi Füzulidə nəqliyyat qovşağı yaratmağa hazırdır".

Diplomat əlavə edib ki, Ərdoğanın səfəri Türkiyə ilə Azərbaycan arasında strateji baxımdan sıx münasibətləri nümayiş etdirir. “Azərbaycanla Türkiyə arasında münasibətlər, əlbəttə ki, onilliklər ərzində çox yaxın olub və indi də yaxındır” deyən Brayza məşhur “Bir millət, iki dövlət” devizini xatırladıb.

Açılışda Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı Ermənistan və onun bir-iki havadarı tərəfindən qısqanclıqla qarşılansa da çoxlu dost ölkələrdə xoş təəssüratlar yaradıb. Bu, həm də regionda sülhün bərqərar olunmasını istəməyən geosiyasi qüvvələrə və revanşist çağırışlar edənlərə bir ciddi xəbərdarlıqdır. Buna təşəbbüs edən bəziləri səhvlərini anlayaraq hərəkətlərində dərhal korrektə etdilər. Xəbərdarlıq yenə də öz qüvvəsində qalır. Yəni, kim “dəmir yumruğu” qulağının dibində görmək istəyisə, buyursun.