KÖŞƏ

Zahid Rza

AXCP və “Milli Şura”nın Qarabağ düşmənçiliyi

03 noyabr 2021 00:57
1484

Azərbaycanın qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfəri, işğaldan azad edilmiş ərazilərdə başlatdığı bərpa-quruculuq işlərinin sürətləndirilməsi, soydaşlarımızın 28 illik düşmən işğalından azad edilmiş torpaqlara qaytarılması istiqamətində görülən işlər, ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi, dövlətimizin başçısının xalq arasında inam və etibarının gündən-günə güclənməsi, reytinqinin yüksəlməsi, xalqımızın hədsiz sevinc və çoşqusuna səbəb olsa da, dağıdıcı müxalifətdə təmsil olunan antimilli ünsürləri kədərə qərq edib.

Təxminən 30 ilə yaxın müddətdə anti-Azərbaycan qüvvələrlə işbirliyinə girərək düşmən dəyirmanına su tökən dağıdıcı müxalifət başbilənləri-AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli və onların ətrafındakılar həm İkinci Qarabağ müharibəsi dövründə, həm də bu gün Azərbaycana qarşı düşmənçilik mövqeyi nümayiş etdirərək dünya erməniliyi ilə eyni cəbhədə yer alırlar.  Başda Ə.Kərimli olmaqla dağıdıcı müxalifətdə təmsil olunanlar bu günə qədər işğalçı Ermənistanın hərbi cinayətləri ilə bağlı bir kəlmə də olsun danışmayıblar. Bu satqınlar düşmən ölkənin minalı ərazilərin xəritəsini hələ də Azərbaycana təqdim etməkdən boyun qaçırması ilə bağlı bir kəlmə belə deməyiblər. Axı onlar yaxşı anlayırlar ki, bu minalar Azərbaycanın hərbçiləri və mülki şəxsləri arasında çox ciddi itkilərə səbəb olur. Ermənilər tərəfindən basdırılan minalar münaqişədən sonrakı dövrdə mülki şəxslərin həyatı, təhlükəsizliyi və yaşayış imkanları üçün çox ciddi təhdiddir. Hazırda işğaldan azad edilmiş ərazilərin kütləvi minalanması Azərbaycanın həyata keçirdiyi bərpa və yenidənqurma işlərinə ciddi əngəl yaradır.

Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən basdırılan minaların insanların həyatını itirməsinə səbəb olması faktını qınamağa çağırıb. Belə olan halda görəsən, niyə dağıdıcı müaxalifətin başbilənləri, AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli və onların tör-töküntüləri bu məsələlər ilə bağlı ağızlarına su alıb dururlar.

Təbii ki, cəmiyyətimiz bu dağıdıcı, pozucu, xəyanətkar zümrənin Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra milli maraqlarımıza xidmət edən mövqeyinə, bir çıxışına və bəyanatına heç rast gəlməyib. Əksinə, onlar öz çirkin məqsədlərini həyata keçirmək üçün erməni lobbisi ilə işbirliyinə girərək şəxsi maraqları və ambisiyaları naminə milli maraq və mənafelərimizə qarşı zidd əməllərini bu gün də davam etdirirlər.  Antimilli ünsürlər tarixi Zəfərimizə kölgə salmaq, milli birliyimizə xələl gətirmək, cəmiyyəti çaşdırmaq, insanlar arasında etimadsızlıq, ümidsizlik, ruh düşkünlüyü yaratmaq üçün dəridən-qabıqdan çıxaraq xəyanətkar fəaliyyətlərinin miqyasını gündən-günə genişləndirirlər. Satqın, şərəf və ləyaqətini itirən məlum antimilli qüvvələr bu gün, hətta erməni lobbisi ilə, eləcə də Ermənistan mətbuatında ölkəmizin əleyhinə yazılanlarla həmrəy olduqlarını nümayiş etdirməkdən belə çəkinmirlər.

Azərbaycanın uğurlarını, tarixi torpağımız olan Qarabağın düşmən işğalından azad edilməsini həzm edə bilməyən xarici və daxili bədxahlarımız unutmamalıdırlar ki, onların bütün anti-Azərbaycan cəhdləri iflasa uğrayacaq. Çünki xalqımız bu antimilli ünsürləri, milli dönük və qaragüruhçu tör-töküntüləri, dövlətimizə, dövlətçiliyimizə qarşı müxalifətdə olanları, Qarabağımıza xəyanət, düşmənçilik yolunu seçən AXCP və “Milli Şura” və onların əqidədaşlarını çoxdan tarixin zibilliyinə göndərib.