KÖŞƏ

Vəli İlyasov

Solovyov “Tam əlaqə” verilişində niyə göynədi?

13 noyabr 2021 01:58
681

Rusiyalı teleaparıcı, həmişə ermənipərəst mövqeyi ilə seçilən “Bazar axşamları Vladimir Solovyovla” verilişinin redaktoru Vladimir Solovyov bu dəfə Ermənistan əleyhinə fikirlər söyləyib. Təəccüblüdür ki, həmişə ermənilərin daşını başına döyən və ermənidən də pis erməni olan bu tip indi qurban olduqlarının əksinə danışır. Niyə? Çünki çox sevdiyi həmin ermənilər indi onun mənsub olduğu xalqı təhqir edir, ölkəsini “kirli Rusiya” adlandırır, ruslara qəzəb və nifrətlərini isə açıq şəkildə bildirirlər.

Növbəti məsxərə-verilişində əvvəlcə erməni xalqını çox sevdiyini deyən Solovyov bu günlərdə İrəvanda keçirilən mitinq zamanı Rusiyaya qarşı rus dilində sərt fikirlər səsləndirən Vahe Qasparyan adlı şəxsin sözlərindən hiddətlənib. Zəhər tuluğuna oxşayan Vladimir görün ağzını necə açır:  "Paşinyan və Ermənistan rəhbərliyinə sualım var. Rusiyada bunu necə başa düşək? İkinci Qarabağ müharibəsi zamanı darmadağın edilmiş erməniləri əlində silah olan Qasparyan yox, Rusiya sülhməramlıları xilas etdi. Siz acı məğlubiyyətə uğradınız və qalib gəlmək şansınız yox idi. "Artsax"ı biz ayaqda saxladıq!

Bu Vahe adlandırılan insan niyə azadlıqdadır? Niyə Ermənistan rəhbərliyi, erməni cəmiyyəti, erməni ziyalıları buna reaksiya vermir? Niyə Rusiya vətəndaşları və Ermənistanı xilas edən rus sülhməramlılar bunu eşitməlidir? Və Soros tör-töküntüsü, ABŞ-ın pulu ilə mövcud olan birisi bunları deyir. ABŞ-ın dünyada ikinci ən böyük səfirliyi Ermənistandadır”.

Solovyov "onlar azlıqdadır", "onları dəstəkləyən azdır" və s. kimi bəhanələri qətiyyətlə indidən rədd etdiyini də bildirib. O deyib ki, necə ola bilər, Qasparyanın cavabı verilmir, əksinə, alqışlanır?

Mitinqdə Rusiyaya qarşı sərt fikirlər söyləyən Vahe Qasparyan deyib ki, tarixdə heç vaxt erməni- rus dostluğu olmayıb. Ermənistan Rusiyanın əlində marionetka olub və indi bu dostluq mifi ifşa edilib, bu, artıq ermənilər üçün aksiomdur. Vahe çıxışını rus şairi Lermontovun sözləri ilə "Əlvida, kirli Rusiya” deyərək bitirib. Təkcə Vahe deyil, mitinqçilərin bir çoxu Rusiya və Vladimir Putin əleyhinə şüarlar səsləndiriblər. Çoxminli mitinq iştirakçıları isə onları  alqışlayıblar.

Bəli, cənab Solovyov və solovyovkimilər, uzun illər gen və dərin qazdığınız quyuya özünüz düşdünüz. Belə də olmalı idi. Bütöv bir xalqın heysiyyatı ilə nə qədər oynamaq olar? Bakıda, Xocalıda, Kəlbəcərdə və onlarla Azərbaycan şəhər və kəndlərində ermənilərin vəhşicəsinə törətdikləri soyqırımları sevincək surətdə təqdim etdiklərin, hələ üstəlik azərbaycanlıları günahkar kimi qələmə verdiklərin ağ yalanlar nəhayət, bir gün sənə qənim olacaqdı. Gəncədə, Tərtərdə, Bərdədə, Goranboyda, Ağdamda, Ağcabədidə dinc sakinlərin qanına qəltan edilməsini, ermənilər tərəfindən  onlara raket hücumunun üstündən sükutla keçməyini niyə etiraf etmirsən? Gecəyarısı yatmış körpələrin al qanına bulaşmasını gizlədəndə sən əslində vicdanını gizlədirdin. Ermənistanda rusofobiyanın yayıldığını, rusdilli məktəblərin bağlandığını, milliyətcə rus olan vətəndaşların sıxışdırılıb bu ölkədən çıxarıldıqlarını bilə-bilə daşnaklara “gözün üstə qaşın var” demirdin, əksinə, az qala onların da günahını azərbaycanlıların üzərinə yıxmağa can atırdın. İndi heç göynəmə,  Vladimir Solovyov, əkdiyini biçirsən.

Hikkəsindən çatlamaq həddinə çatan Vladimir Solovyov verilişin sonunda  İrəvan küçələrində anti-Rusiya əhval-ruhiyyəli mitinqi nümayiş etdirən videonu tamaşaçılara təqdim edib.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?