KÖŞƏ

Vəli İlyasov

“Demokratiya sammiti”nə “həri” deyənlər çağırılıblar

16 noyabr 2021 00:16
1490

Bu il dekabrın 9-10-da ABŞ-da keçirilməsi nəzərdə tutulan "demokratiya sammiti” həmişəki kimi,  yenə də bu dövlətin maraqlarına xidmət edən hadisədir. Təəccüblüdür ki, dünyanın yüz ölkəsindən sammitə nümayəndələr dəvət olunsa da, Türkiyə və Azərbaycan “yaddan çıxıb.”  Okeanın o tayında hər iki dövlətə soyuq münasibətin olması heç kəsə sirr deyil. Amma soyuqluğun da bir səbəbi və həddi olmalıdır. Görünür, Türkiyənin və Azərbaycanın müstəqil siyasət yeritmələri, ölkəmizin öz ərazisini azad etməsi Co dayının xoşuna gəlmir. Gülməli orasıdır ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan, Azərbaycan xalqına soyqırımılar yaşadan, insanlıqla bir araya sığmayan ağır cinayət əməlləri törədən Ermənistan “demokratiya sammiti”nə dəvət olunub. Amerika ordularının yüz minlərlə əhalisini qırdıqları ölkələrin nümayəndələrinə də tədbirdə yer verilib. Burada xoruzun quyruğu görünür.

Belə çıxır ki,  ABŞ demokratiyanı əldə dəstəvuz tutaraq digər dövlətlərə təzyiq etmək və onları istədiyi istiqamətə yönləndirmək üçün bir alət kimi istifadə edir. Yəni, ABŞ-ın "ixrac demokratiyası” ilə həqiqi demokratiyanın heç bir əlaqəsi yoxdur. Ona görə də "demokratiya sammiti” həm də məhz bu məqsədə xidmət edən tədbir kimi qiymətləndirilməlidir. Dəvət olunanların tərkibi belə deməyə əsas verir ki, oraya ancaq bakılılar demiş, “həri” deyənlər çağırılıblar.

Beynəlxalq münasibətlərin hazırkı mərhələsi onu deməyə əsas verir ki, bu, doğrudan da belədir. Necə olur ki, Qərb imperializmi İraqı, Liviyanı, Suriyanı, Yəməni və Yaxın Şərqin digər müsəlman ölkələrini məhz bu "demokratiya silahı” ilə dağıtdı, indi isə bölüb parçaladığı, 2 milyondan artıq vətəndaşını öldürdüyü İraqı “demokratiya sammiti”nə dəvət edir? Bu, istehza və ironiya doğurur. Eyni zamanda, yuxarıda qeyd etdiyimiz kimi, terrorçu dövlət olan və 30 il müddətində Azərbaycan xalqına qarşı dövlət səviyyəsində hər cür terror həyata keçirən,  işğalçı Ermənistanı "demokratiya sammiti”nə dəvət edir. Sırf Ermənistanın dəvət edilməsi kontekstində bu sammit demokratiya sammiti yox, işğalçılığın, soyqırımının,  etnik separatizmin və terrorçuluğun təşviq edilməsi sammiti kimi xarakterizə oluna bilər. Militarist sammitin əsas dəstəkçiləri məkrli məqsədlərinə çatmaq üçün ölkələrdə yuva salmış heysiyyatı olmayan “cib demokratları”dır.  İmperializmin "cib demokratları”na gəldikdə isə onların vəzifəsi informasiya müstəvisində mənsub olduqları xalqı və dövləti terrora məruz qoymaqla demokratiyanı sifariş aldıqları imperialist mərkəzlər üçün daha effektiv silaha çevirməkdir. Ona görə də informasiya terroru ilə məşğul olan "cib demokratları” sosial şəbəkə və internet resursları vasitəsi ilə bu hadisəni uzun müddət Azərbaycana qarşı manipulyasiya edəcəklər. Çünki Azərbaycan saxta “qlobal”  imperializmə, onun yalançı “beynəlxalq hüquqlar”ını yerinə yetirməyərək öz ərazi bütövlüyünü bərpa edib, bölücü imperializmin iradəsindən kənara çıxıb. Ona görə də o, "demokrat” ola bilməz. Bax məsələ bu qədər sadə, "demokratiya sammitləri” isə bu qədər primitivdir.  Ona görə də bu həqiqəti ifadə edən qardaş Türkiyə də dəvət almayıb. Çünki qardaş ölkə müstəqil siyasət həyata keçirir, Qərb imperializminin Yaxın Şərqi dövlətsizləşdirmək və terrorlaşdırmaq planını pozur.

Qarşıdakı düşməni görmək, haradan zərbə vuracağını bilmək və ona qarşı əks-tədbir hazırlamaq o qədər də çətin deyil. Pis orasıdır ki, ocağımızın başındakı düşmənlərin xəncəri haradan vuracağını bilmirik. Bu sözlərlə Azərbaycandakı fürsətcil dağıdıcı müxalifləri nəzərdə tuturam. Onlar ölkə daxilində olduğu kimi, onun hüdudlarından min kilometrlərlə uzaqlarda belə xalqımıza qarşı namərdlik edir, onun dövlətçiliyinə zərbə vurmaqla məşğuldurlar. Bircə faktı xatırlatmaq istərdim.

Azərbaycan diaspor nümayəndələri ABŞ Konqresi qarşısına toplaşıb qatı daşnak Masis Mayılyana etiraz edəndə bəlli oldu ki, “Milli Şura” sədri Cəmil Həsənli də  Vaşinqtondadır.  Sizcə “elmi tədqiqat işləri üçün ABŞ-a gəlmiş” MŞ sədri  Cəmil Həsənlinin Masis Mayılyanla paralel şəkildə  konfrans keçirməsi təsadüfi idimi? Qətiyyən təsadüfi deyildi. İnanan daşa dönsün.  Daşnak Masis Mayılyan Konqres nümayəndələrindən  qondarma “dqr”in  müstəqilliyini” tanımağı həyasızcasına tələb edərkən Cəmil Həsənli abırsızcasına  “Azərbaycanda demokratiyanın yerli-dibli olmaması barədə” danışırdı. Belə faktlar saysız-hesabsızdır.

Belə bir şəraitdə bizə istər daxili, istərsə də xarici bədxahlarımızla son dərəcə ehtiyatlı davranmaq lazımdır. Ona görə ki, llər bizlərə kimim kim olduğunu öyrədib. Lap kəsə desək, ilanın ağına da lənət, qarasına da...