KÖŞƏ

Zahid Rza

Suren Papikyan sələfi Arşak Karapetyanın səhvindən nəticə çıxarmasa…

17 noyabr 2021 01:57
651

Özlərinin də dedikləri kimi, artıq iki ayağı yaralı itə bənzəyən, sınıq-salxaq Ermənistan ordusunu bu dəfə Azərbaycanın dəmir yumruğundan kimsə xilas edə bilməyəcək

Keçən həftədən başlayaraq Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr düşmən ölkədə vəziyyəti həddindən artıq gərginləşdirib. Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri təxribatlar nəticəsində 60 erməni hərbçi ordumuz tərəfindən mühasirəyə alındı və geri qaytarıldı. Həmçinin Azərbaycan bir neçə kilometr məsafə irəlilədi. Erməni hərbçilərin Azərbaycan Ordusu qarşısında düşdükləri vəziyyətin görüntüləri Ermənistan ictimaiyyətində hakimiyyətə qarşı ciddi etiraz yaratdı. Baş verənlər, həmçinin düşmən ölkədə Ermənistanda siyasi hakimiyyətlə ordu arasında ixtilafların, çəkişmələrin pik həddində olduğunu bir daha nümayiş etdirdi.

Baş verənlərin fonunda Ermənistanın baş naziri N.Paşinyan  sərhəddəki vəziyyətin gərginləşməsinə görə məsuliyyətdən yaxa qurtarmaq üçün “günah keçisi” kimi müdafiə naziri Arşak Karapetyanı istefaya göndərdi. Belə ki, noyabrın 15-də Ermənistan Respublikasının prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanın təklifi ilə Arşak Karapetyanı müdafiə naziri vəzifəsindən çıxararaq onun yerinə baş nazirin müavini Suren Papikyanı təyin edib. Baş nazir N.Paşinyan bu addımını  Ermənistan Təhlükəsizlik Şurasının noyabrın 15-də keçirilən iclasında son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən və erməni ordusunun necə miskin durumda olduğunu bir daha üzə çıxaran hadisələrlə əlaqələndirib. 

Yeri gəlmişkən, Ermənistanın yeni müdafiə naziri Suren Papikyanın tərcümeyi-halındakı bəzi məqamlar xüsusilə diqqəti cəlb edir. Belə ki, o, 2010-2016-cı illərdə Yerevan məktəblərindən birində tarix müəllimi işləyib. Həmçinin “asfalt maqnatı” kimi tanınan Papikyan keçmişdə həbs həyatı yaşayıb. Belə ki, o, orduda xidmət etdiyi dövrdə komandirini bıçaqladığı üçün barəsində cinayət işi başlanılıb. 2006-cı il martın 27-də isə törətdiyi əmələ görə təqsirli bilinən Suren Papikyan 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, 2007-ci il fevralın 23-də amnistiya ilə azadlığa buraxılıb.

Müdafiə naziri vəzifəsinə yeni təyinat Ermənistan mətbuatında maraqla qarşılanıb. Məsələn, “Joqovurd” qəzeti hökumətdəki mənbələrinə istinadla Suren Papikyanın müdafiə naziri vəzifəsinə müvəqqəti təyin olunduğunu yazıb. Bildirilir ki, N. Paşinyan S.Papikyanı nazirlikdə baş verənləri aydınlaşdırmaq  üçün təyin edib: “Hökumətdəki mənbələrimizin məlumatına görə, Paşinyan Papikyanı bir məqsədlə təyin edib – hərbi idarədə nə baş verdiyini anlamaq üçün. Məsələ ondadır ki, nazirliyin daxilində didişmə gedir. Hərbi məmurlar bu və ya digər iş üçün məsuliyyəti bir-birilərinin üzərinə atmaqla, bir-birilərini rəhbərliyə satmaqla məşğuldurlar...”. Həmçinin deyilir ki, N.Paşinyan Müdafiə Nazirliyini yaxşıca “silkələmək” niyyətindədir və “çox kəllələrin gedəcəyi” gözlənilir. Nəticədə bir çox rəhbər, o cümlədən yüksək rütbəli hərbçilər, xüsusən də Baş Qərargah rəisi Artak Davtyan, onun müavinləri və digər generallar işdən çıxarılacaqlar.

N. Paşinyanın yaxın silahdaşı olan və 3 ay bundan əvvəl bu ölkənin infrastruktur naziri vəzifəsini daşıyan, ordu ilə heç bir əlaqəsi olmayan S.Papikyanın bu vəzifəyə təyinatı erməni ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmayıb. Belə ki, tanınmış erməni ekspertlərindən Vanoni Şirinyanın “Ordumuz ata itirmiş uşaq kimidir”, Aram Şahbazyanın “Yazığım gəlir sənə, erməni dünyası”, Karen Arutyunyanın “Ordumuz artıq iki ayağı yaralı itə bənzəyir” kimi tənqiramiz statusları sosial şəbəkələrin erməni seqmentində geniş müzakirələrə səbəb olub.

Xülasə, görünən odur ki, məğlub Ermənistanda, xüsusilə düşmən ölkənin sialhlı qüvvələrində cərəyan edən hadisələr bu ölkənin ictimaiyyəti tərəfindən hələ uzun müddət müzakirə mövzusu olacaq. Necə deyərlər, bu xəmir hələ çox su aparacaq. Ancaq inanmaq istərdik ki, bu ölkənin yeni müdafiə naziri Suren Papikyan yəqin ki, özündən əvvəl həmin vəzifəni yerinə yetirən Arşak Karapetyanın buraxdığı səhvlərdən əməlli başlı nəticələr çıxaracaq. Əks halda, özlərinin də dedikləri kimi, artıq iki ayağı yaralı itə bənzəyən, sınıq-salxaq Ermənistan ordusunu bu dəfə Azərbaycanın dəmir yumruğundan kimsə xilas edə bilməyəcək.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?