KÖŞƏ

Vəli İlyasov

Gün hayandan doğub, yoxsa..?

04 dekabr 2021 00:11
1117

ABŞ dövlət katibinin Azərbaycan və Ermənistan arasındakı nizamlamalara müsbət münasibət bildirməsi həm məmnunluq, həm də təəssüf hissi oyadır.

Nəhayət, hiss olunur ki, illər uzunu Azərbaycana bədxahlıq etmiş ölkələrin başçıları ya peşman olublar, ya öz qınlarına çəkiliblər. İkinci Qarabağ müharibəsində Ermənistanın qələbə çalacağına əmin olan həmin ölkələr istəklərinin daşa dəyməsindən sonra susaraq guya tərəfsizlik göstərirdilər. Əslində isə onlar otuz il susaraq işğalçı Ermənistana münbit şərait yaratmaqla şəhər və kəndlərimizin dağıdılıb yandırılmasına, soydaşlarımızın kütləvi surətdə vəhşicəsinə qətlə yetirilməsinə və əhalimizin soyqırımlara məruz qoyulmasına, torpaqlarımızın otuz ilə yaxın işğal altında qalmasına, yeraltı və yerüstü sərvətlərimizin talanıb aparılmasına göz yummuşdular.  Avropada təhlükəsizliyi, haqq-ədaləti təmin  etməli olan ATƏT-in Minsk qrupu mövcud olduğu iyirmi yeddi ildə yalnız ikili standartlar “quraşdırmaqla” məşğul olur. Təşkilatın həmsədrləri bir qayda olaraq təcavüzkarla təcavüzə məruz qalanı eyni tutmağa çalışır, ermənilərin ziyanına olaraq tərəzinin pərsənginin əyilməsinə” imkan vermirdilər. Onların Bakıya və İrəvana nəticəsiz səfərləri artıq əhali arasında istehza ilə qarşılanır, məzəli  lətifələr də yaradılırdı. Bir sözlə, bu təşkilat qeyri-ciddi, əfəl, işə-gücə yaramayan bir qurum kimi səciyyələnirdi.

ABŞ-ın dövlət katibi Entoni Blinken ATƏT-in İsveçin paytaxtı Stokholmdakı iclasında Vaşinqtonun Bakı və İrəvan arasında birbaşa dialoqun bərpa olunmasını alqışladığını bildirib.

Entoni Blinken tərəfləri humanitar məsələlər üzrə aktiv dialoqa çağırıb. “Tərəfləri minaların zərərsizləşdirilməsi, itkin düşənlər, beynəlxalq hüququn pozulması məsələləri də daxil olmaqla humanitar dialoqda irəliləyişə nail olmağa çağırış edirik. Bakı və İrəvanı delimitasiya və demarkasiya, iqtisadi və kommunikasiya xətlərinin bərpasına, həmçinin ATƏT-in Minsk qrupu ilə təmasları davam etdirməyə çağırırıq”, - o deyib.

ABŞ dövlət katibinin nizamlamalar qarışması və münasibət bildirməsi ilkin olaraq xoş təəssürat yaradır. Ancaq söylədiyi fikirlərin mənasına varınca, görünür ki, bizim üçün tam qaneedici deyil. Əslində cənab Blinkenin çağırışında qaldırdığı məsələlər daha çox Ermənistana aiddir, çünki onların səbəbkarı və günahkarı əzizləyib tumarladıqları Ermənistandır. Üçtərəfli 10 noyabr Bəyanatının müddəalarını da yerinə yetirməyən Ermənistandır və bu məsələlərdə Azərbaycana qarşı “düzəldilən” yeni ikili standart yenə də heç bir işə yaramır və bizim tərəfimizdən qətiyyən qəbul edilən deyil.

ATƏT-in Minsk qrupunun digər həmsədri Fransanın Azərbaycana ədalətli münsif mövqeyindən yanaşmadığı məlumdur. Bu ölkənin prezidenti Makron müharibədə Ermənistanın biabırçı məğlubiyyətindən sonra hətta ermənilərə qahmar çıxmağı, Azərbaycana hədə-qorxu gəlməyi belə özünə rəva görürdü. Ondan Azərbaycana xoş münasibət gözləmək yalnız sadəlövhlük olardı. Bütün bunlara baxmayaraq Azərbaycan qarşısına qoyduğu hədəflərə çatmaq üçün inamla irəliləyir və bu yolda ona heç kim maneə yarada bilməz. Yəni, kimsənin hansı istəyindən asılı olmayaraq Zəngəzur dəhlizi açılacaq, demarkasiya və delimitasiya işləri həyata keçiriləcək, üçtərəfli 10 noyabr Bəyanatındakı bütün müddəalar yerinə yetiriləcəkdir. O ki, qaldı ATƏT-in Minsk qrupuna, bu qurum bacara bilmədiyi missiyasını başa çatdırıb, yəni artıq o, seytnotdadır və “dirildilməsinə”  isə heç bir lüzum qalmayıb.