KÖŞƏ

Zahid Rza

Ermənistan Zəngəzur dəhlizi ilə bağlı tarixi verməsə…

08 dekabr 2021 01:59
1248

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli Bəyanatda Naxçıvanla respublikamızın əsas hissəsi arasında dəhlizin yaradılmasını və kommunikasiyaların açılmasını özündə ehtiva edən müddəa da yer alıb. Bəyanatın 9-cu bəndində deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir”.

Təbii ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın tarixi, milli və siyasi maraqlarına tam cavab verir. Bununla Naxçıvanın blokadasına son qoyulacaq. Eyni zamanda, ölkəmizlə qardaş Türkiyə arasında ikinci dəmir yolu bağlantısı yaranacaq. Bəhs olunan dəhlizin açılması, həmçinin region dövlətləri arasında yeni əməkdaşlıq imkanlarının yaranması, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılması, bölgədə uzunmüddətli və dayanıqlı sabitliyin təmin olunması baxımından cəlbedicidir. Zəngəzur dəhlizi bütün bölgə üçün mühüm imkanlar yaradacaq. Orada çəkiləcək avtomobil və dəmir yol xətti bütün region ölkələri üçün geniş iqtisadi-ticari imkanlar açacaq. Bu baxımdan nəqliyyat, kommunikasiya, infrastruktur layihələri iştirakçı dövlətlərin hər birinin maraqlarına uyğun gəlir.

Təəssüf ki, işğalçı Ermənistanın hakimiyyət dairələri reallıqla barışmaq istəməyərək kommunikasiyaların açılmasına hər vəchlə maneə törətməyə çalışır və absurd iddialar səsləndirirlər. Ancaq Ermənistanın rəhbərliyi nəhayət, anlamalıdır ki, Zəngəzur dəhlizi, ilk növbədə, bu ölkənin özünə lazımdır. Belə ki, dəhlizin açılması ilə bu ölkə uzunmüddətli təcriddən çıxacaq, iqtisadi əlaqələri inkişaf etdirəcək, aclıq və səfalətdən xilas olacaq. Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası unutmamalıdırlar ki, Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün qətiyyətli siyasi iradə göstərir. Ermənistan istəsə də, istəməsə də bu məsələ öz müsbət həllini tapacaq.

Prezident İlham Əliyev dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində sakinlərlə görüşü zamanı deyib ki, ermənilər bizə tarix versinlər ki, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq: “Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər. Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun. Çünki İkinci Qarabağ müharibəsi bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdi. Yol boyunca gələndə gördüm, şəhidlərin şəkilləri vurulub. Hər bir yerdə belədir, - mən son vaxtlar Qarabağ bölgəsinə tez-tez gedirəm, - kəndlərdə şəhidlərin şəkilləri vurulub. Yəni, bu Zəfəri bütün Azərbaycan xalqı əldə edib”.

Güclü, qüdrətli dövlət olan Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün qətiyyətli siyasi iradə nümayiş etdirir və bu müstəvidə zəruri tədbirlər görür. Artıq bu istiqamətdə müvafiq infrastrukturun yaradılması işləri uğurla davam etdirilir. Regionda yeni kommunikasiya və nəqliyyat dəhlizlərinin, o cümlədən mühüm əhəmiyyəti olan Zəngəzur dəhlizinin yaradılması, bölgədə sülhü, əməkdaşlığı və təhlükəsizliyi daha da gücləndirəcəkdir. İnanmaq istərdik ki, Ermənistan hökuməti, xüsusilə də N. Paşinyan bunu tezliklə başa düşəcək və Zəngəzur dəhlizinin açılması qrafikini verəcək. Əks təqdirdə…