KÖŞƏ

Vəli İlyasov

Nedə “net” deyəkmi?

16 dekabr 2021 01:58
1099

Təəccüblüdür ki, ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays Azərbaycanda bəlli cinayət əməllərinə görə həbs edilən  Saleh Rüstəmovla bağlı Twittersəhifəsində narahatlığını ifadə edən mətn yayıb.

Radikal müxalifətin Ned Praysın hazırda əldə bayraq etdiyi statusunda bildirilir: “Saleh Rüstəmovun vəziyyətinin pisləşməsi ilə bağlı xəbərlər bizi çox narahat edir. Adekvat tibbi yardım ala bilməsi üçün Azərbaycan onu humanitar əsaslarla azad etməlidir. O, otuz beş gündür aclıq aksiyası keçirir və ölüm təhlükəsinə yaxındır”.

Qəribədir, ermənilərin törətdikləri Xocalı kimi dəhşətli soyqırımında yüzlərlə azərbaycanlının-uşaqların, qocaların, qadınların vəhşicəsinə öldürülməsinə, Birinci Qarabağ müharibəsində minlərlə günahsız azərbaycanlının qanının axıdılmasına  qarşı çıxmayan və narahat olmayan Ned nədənsə Salehin halına acıdığını və “çox narahat olduğunu” bildirir.

Maraqlıdır, kiçik bizneslə məşğul olan Saleh Rüstəmov ABŞ və Ned üçün nədən belə gülməşəkər oldu?

Saleh Rüstəmovu aclığının 35-ci günündə yada salan Ned Prays Gürcüstanın prezidenti olmuş Mixeil Saakaşvilinin aclıq aksiyasının yalnız 43-cü günündə demişdi: “Vaşinqton Gürcüstan hakimiyyətini sabiq prezident Mixeil Saakaşvili ilə ədalətli və ləyaqətli şəkildə, beynəlxalq normalara uyğun davranmağa çağırır. ABŞ baş verənləri izləyir və Gürcüstan hakimiyyətini Saakaşvilinin fiziki və mənəvi sağlamlığı üçün tədbirlər görməyə dəvət edir. Vaşinqton Saakaşvilinin adekvat tibbi yardım almasına şərait yaradılacağını gözləyir”.

Baxın,  Saakaşvilinin azad olunması tələbi varmı? Yoxdur!

Dediyimiz kimi, adam bu ölkənin prezidenti olub, Tiflis hətta Saakaşvilinin dünyadakı nüfuzuna və ölkə daxilindəki ən böyük müxalifət partiyasının mənəvi rəhbəri olmasına tüpürərək, ona əlavə ittihamlar səsləndirir, hətta onu gülməli şəkildə korrupsiyada ittiham edir, 6 illik həbsinin üstünə daha bir neçə il əlavə etməyə çalışır. Saakaşvili türmədə ac qalır, yalnız 43-cü gün Ned Prays “onunla düzgün rəftardan”, “tibbi müalicə almasına çağırışdan” bəhs edir. Hətta bu çağırışda onun mülki xəstəxanaya yerləşdirilməsi belə tələb edilmir!

Ancaq  Ned Prays Saleh Rüstəmovun aclığının 35-ci günündə  ölümə yaxın olduğunu bildirərək, “Azərbaycan onu humanitar əsaslarla azad etməlidir” mesajını göndərir.

ABŞ dövlətinin başçıları isə Azərbaycanı Demokratiya Sammitinə layiq bilmir, əvəzində iyirmi doqquz il bundan əvvəl bir neçə ay icra başçısı işləyən, hazırda isə xırda ticarətlə məşğul olan şəxslə bağlı azadlıq çağırışı edir! O şəxs ki, Saakaşvilidən fərqli olaraq, istintaqda  bütün əməllərini  sərbəst surətdə etiraf edib və 2019-cu ildə məhkəmənin hökmü ilə 7 il, 3 ay  həbs cəzası alıb. Beləliklə, adam 2019-cu ilin 27 fevralında cəza alır, 2021-ci ilin noyabrında aclıq aksiyası keçirib, azad olunmasını istəyir. Bəs, o, cəza alanda niyə etiraz etmirdi? Nə baş verdi ki, otuz iki aydan sonra aclıq etmək qərarına gəldi? Nə üçün Prezidentdən əfv olunmasını xahiş etmədi? Bəlkə Prezident onu da bir çox başqaları kimi əfv edəcək, sonrakı narahatlıqlara ehtiyac qalmayacaqdı?

Nə baş verdi ki, ölkədən gedib xaricdə küllənənlər onun müdafiəsi üçün bu qədər “böyük kampaniya” qurdular, ATƏT-ə, ABŞ Dövlət Departamentinə qədər bu məsələ uzandı?

Ancaq günahsızlığına dair bir görüntüsü əsla olmayan, ona təzyiq edilməsinə aid bir videosu üzə çıxmayan, adi, sıradan bir vətəndaş olan Saleh Rüstəmovu həbsdə saxlamaq olmazmış! Niyə axı? Onun üzü qara olsa da, qaşı-gözü qara deyil axı. Bütün bunlardan bir məkrli məqsəd var. Bədxahlarımızın məqsədi Saleh Rüstəmovu təzyiq göstərməklə azad etdirmək və bununla da guya Azərbaycanda qanunların işləmədiyini, demokratiyanın kobud şəkildə pozulduğunu və adamın nahaq həbs olunmasını isbat etmək. Sonrası da məlumdur...

Gün kimi aydındır ki, Saleh Rüstəmov kimi dünənə qədər tanımadığımız və sabah da  unudacağımız bir şəxsin türmədə qalmasından kimlərsə istifadə edib ara qarışdırmaqla məşğuldur. Ancaq heç narahat olmasınlar, “qara köpəyə də əziyyət verməsinlər”, Saleh Rüstəmov cəzasını çəkər, sonra gedib  təkərini satar. Bu adamdan milli qəhrəman çıxarmaq mümkün deyil. Ancaq ABŞ-da Azərbaycanı ləkələməyə çalışan milli lakeylərimiz Salehi hətta Ned Praysa günahsız və hüququ pozulan şəxs kimi təqdim ediblər. Qısaca desək, Neddə  Saleh Rüstəmov sevgisini  öz “balta”larımız yaradıblar. Nedin qanunsuz tələbinin isə rusca bir cavabı var: Net!