KÖŞƏ

Vəli İlyasov

Paşinyan niyə tez-tez arxasına baxır?

18 dekabr 2021 00:12
1264

Baş nazir masaların altında gizlətdiyi zənbildə nə gəzdirir?

Bəli, bəli, bu belədir. Əgər fikir vermisinizsə, Nikol Vovayeviç bir çox görüşlərdə və yığıncaqlarda qəflətən başını çevirib arxasına baxır. Onun belə gözlənilməz hürkək baxışı çoxlarının diqqətini cəlb edib. Hamı bunu təəccüblə qarşılayıb. Yozmağa bir səbəb görünməyib. Ancaq tək bu deyil, dediyimiz kimi, bir qəribəliyi də diqqət çəkir. Adətən, görüşlərdə bir də əlində kompüter çantasına oxşayan bir qara zənbil gəzdirir. Yüksək səviyyəli görüşlərə gələndə həmin qara zənbili özü ilə gətirib çox ehtiyatla masanın altında ayağının yanına  qoyur. Düşündürücüdür...O zənbildə nə ola bilər? Təbii ki, partlayıcı gətirib orada intihar etmək istəməz. Bəyəm ölməyə yer qəhətdi? Bəlkə təhlükəsizliyini daha etibarlı surətdə təmin etmək üçün hansısa bilmədiyimiz bir cihazdır? Ya da atom bombasının düymələri olan aparatdır? Bu lap gülməli çıxdı...Məndən soruşan yoxdur ki, Ermənistanda belə ən müasir texnika olsaydı, 44 gündə niyə darmadağın olurdu? Heç olmazsa bir-iki il davam gətirib döyüşərdi, müqavimət göstərərdi, malik olduğu müasir texnikanı nümayiş etdirərdi. O ki qaldı təhlükəsizliyə, İrəvandan uzaqlarda olan ölkələrdə, özü də dövlət başçılarının yanında ona kim ölüm təhlükəsi yarada bilər ki?! Kimdir onu rus demişkən, “vajnı persona” kimi qəbul edən? Olsa-olsa onu elə İrəvanda öz erməniləri öldürmək istəyər. Bəlkə arxasında terrorçuluqda ad qazanmış öz başkəsən ermənilərini görür? Çünki dörd ilə yaxındır ki, bədbəxtlərə cəhənnəm əzabı yaşadır. Əvvəllər Ermənistanda ona yüngülvari sui-qəsd təşkil ediblər, ancaq Nikol Vovayeviç ölməz Kaşşey kimi hamısından sağ-salamat qurtara bilib. Bəlkə öz “astvas”ına düzgün bəndəlik edir? Ancaq həyatdakı əməlləri bunu demir axı. Cəmi 44 günün içində iyirmi minə qədər erməninin “merraxos” olmasına və yaralanıb şikəst olmasına bais olub. Onların bir çoxunun valideynləri Paşinyanın arxasınca nalayiq ifadələr işlədir, təhqir edir, ondan intiqam almaq üçün yollar axtarırlar. Ermənistanda artıq hamı Paşinyanı sözünün arxasında dura bilməyən gahgir, qurnaz köşə və  lağlağı bir adam kimi tanıyır.

Aqil babalarımız cavanlara həmişə nəsihət veriblər ki, həmişə başı-tuşuna getmə, hərdən dönüb arxaya, keçmişinə də bax. Amma bu Paşinyanın nə özünün, nə də millətinin elə də zəngin keçmişi yoxdur axı, dönüb baxsın və ibrət götürsün. İki yüz ildir ki, ermənilər özlərinə saxta keçmiş düzəldirlər. Baxanda da saxtalıqdan başqa bir həqiqət görünmür. Yox, bu, o baxmaqdan deyil. Hiss olunur ki, adam nədənsə qorxur, ehtiyatlanır və ona görə də hürkə-hürkə arxasına baxır. Yəqin Ermənistanda çıldağ olmadığı üçün Nikolun qorxuluğunu götürməyə bir çarə tapılmır. Görəsən, bu bədbəxt nə vaxta qədər arxasına baxacaq, qara zənbili nə vaxtadək gəzdirəcək? Bu qəribə sualların cavabını isə yəqin ki, bir özü bilir, bir də “astvas”ı.