KÖŞƏ

Vəli İlyasov

Anti-Paşinyançılar doğrudanmı ağıllanıblar?

21 dekabr 2021 00:59
1024

İllər boyu öz günahı üzündən blokadada qalan Ermənistan nəhayət, oradan çıxmaq üçün qəti qərara gəlib. Ağılsız iddialarından əl çəkməli olan bu ölkə qonşularla münasibəti normallaşdırmaq üçün artıq heç bir şərt irəli sürmədən Türkiyə ilə bağlı siyasətində düzəlişlər etməyə hazır olduğuna açıq işarə edib. Keçən həftənin sonunda bu istiqamətdə real addımlar da atılıb. Brüssel görüşündən sonra Paşinyan hakimiyyətində təmsil olunanlar erməniləri başa salmağa çalışırlar ki, köhnə və “kanalizasiya qoxusu” verən iddialar Ermənistanı bir dövlət kimi uçuruma aparır.

Artıq Ankara və İrəvan münasibətlərin normallaşması üçün özlərinin xüsusi nümayəndələrini təyin etdiklərini bildiriblər. Türkiyəni təcrübəli diplomat, bu ölkənin  ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç, Ermənistanı isə vitse-spiker Ruben Rubinyan təmsil edəcək.

Paşinyanın bu vəzifəni niyə Ruben Rubinyana tapşırması bir çoxları üçün həm müəmmalıdır, həm də maraqlıdır. Bu şəxs vitse-spiker olmamışdan əvvəl qısa müddətli olsa da, xarici işlər nazirinin müavini idi. Lakin elə düşünməyin ki, diplomatik məharətinə görə bu missiyanı ona həvalə ediblər. Xeyr, elə deyil. Bunun müxtəlif səbəbləri var. Birincisi, Puben Rubinyan baş nazir Nikol Paşinyana yaxın şəxsdir və görünür, erməni baş nazir Türkiyə ilə danışıqların detallarının dar çərçivədən kənara vaxtından əvvəl sızmasını istəmir. Yəni, ən məxfi işləri yalnız özünün inandığı və etibar etdiyi adamlara tapşırır. İkincisi, Ruben Rubinyan “məxməri” inqilaba qoşulmaq üçün Ermənistana gəlməmişdən bir qədər əvvəl - 2017-2018-ci illərdə Türkiyədə fəaliyyət göstərib. O,  Hrant Dink Fondunda işləyib və Sabançı Universitetində araşdırmalar aparıb.  Yadınızdadırsa, hətta İkinci Qarabağ müharibəsindən sonra parlamentdə vitse-spiker seçiləndə Ermənistanın  müxalifət mediası ona qarşı “türkün agenti” ittihamını da irəli sürürdü. O da xüsusi qeyd olunmalıdır ki, Rubinyanın Türkiyədəki erməni icması ilə yaxın münasibətləri var və hazırda Nikol Paşinyanla həmrəy olan erməni icması Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir. Onlar ermənilərin Türkiyəyə, türklərin isə Ermənistana sərbəst gediş-gəlişlərinin, iqtisadi münasibətlərin inkişafının tərəfdarı olduqlarını bildirirlər. Çünki münasibətlərin normallaşması ilə onların həyat şəraitlərinin daha da yaxşılaşması real imkan yaradacaqdır. Bir sözlə, bu iki dövlətin mehriban qonşuluğu Türkiyədə yaşayan ermənilərə tamamilə sərf edir.

Baş nazir Nikol Paşinyanın bu misiyanı “türklərin dilini yaxşı başa düşən” Ruben Rubinyana  həvalə etməsi həm də normallaşma müzakirələrindən daha qazanclı çıxmaq istəyindən irəli gəlir, çünki İrəvan heç bir şərt irəli sürmədən danışıqlar aparmaq istəyir. Ancaq  Ankara təkidlə müzakirəni Bakının maraqları çərçivəsində aparacağını deyir. Görünür, Ermənistan rəhbərləri Türkiyənin bu şərtinə əməl etmək məcburiyyətindədirlər, yəni buna da razıdırlar.

Son günlərdə Bakının 10 nəfər erməni əsiri azad etməsi Ermənistan və dünya ictimaiyyətində Azərbaycanın humanist mövqe göstərməsi razılıqla qarşılanıb. Azərbayycanın bu humanist missiyası Ermənistanda anti-Paşinyanları müəyyən qədər geri çəkilməyə vadar edib. Ermənilər anlamağa başlayıblar ki, başqa çıxış yolu da yoxdur, çünki Türkiyə və Azərbaycan öz tələblərində möhkəm durduqlarını dəfələrlə bəyan ediblər. Bu tələblər isə çox deyil, birincisi Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Türkiyə ərazilərinə torpaq iddialarını həmişəlik dəfn etməli,  ikincisi, uydurma “erməni soyqırımı” birdəfəlik rədd edilməli, üçüncüsü, Zəngəzur dəhlizi açılmalıdır.

 Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu günlərdə Ankarada səfərdə olan Malayziyanın xarici işlər naziri Dato Saifuddin Abdullahla birgə keçirilən mətbuat konfransında da bu barədə bildirib. M. Çavuşoğlu deyib ki, yaxın gələcəkdə Ermənistana birbaşa təyyarə reysləri fəaliyyətə başlayacaq: “Daha öncə “Atlas Global” şirkətləri uçuşları təmin edirdi, hazırda bəzi şirkətlərin müraciətləri olub. Nəqliyyat və İnfrastruktur Nazirliyi və Mülki Aviasiya İdarəsi ilə bərabər bu istiqamətdə fəaliyyətləri davam edir, bu müraciətlərə baxılır”.

M. Çavuşoğlu bir daha vurğulayıb ki, Ermənistanla bağlı verilən bütün qərarlarda Azərbaycanla birgə məsləhətləşmələr aparılır və qərar verilir: “Bizim arzumuz Cənubi Qafqazda sülhün bərqərar olması, Zəngəzur dəhlizinin açılmasıdır”.

Qeyd etmək lazımdır ki, revanşistlərdən və bəzi qatı millətçilərdən başqa ermənilərin tam əksəriyyəti artıq bunlarla razılaşırlar. Onlar inanırlar ki, yaxın qonşularla ədavəti, ərazi iddialarını və bəzi sərsəm ideyaları bir kənara atmasalar, erməni toplumunun Azərbaycan ərazisində onun-bunun hesabına quraşdırdıqları dövlət dağılıb yerlə-yeksan ola bilər. O halda nə çox güvəndikləri qəssab II Tiqran, nə dünyaya zəhər paylayan cəllad-yazıçı  Zori Balayan, nə də siyasi avantüraçı Mixail Qorbaçov onların köməyinə yetişə bilməyəcəklər. İkinci “dəmir yumruq” isə bu qurama qurumu tamamilə darmadağın edib xəritədən silə bilər. Nə olar erməni olanda, bunları qanmaq ölüm deyil ki!