KÖŞƏ

Vəli İlyasov

Yeni körpü Kürün sol sahilini Zəngəzur dəhlizinə birləşdirəcək

22 dekabr 2021 00:58
1616

Az müddətdən sonra Zəngəzur dəhlizi mühüm nəqliyyat qovşağına çevriləcəkdir. Artıq bu sahədə real işlər görülməkdədir. Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttinin Ələt-Osmanlı hissəsində, Kür çayı üzərində yeni körpü tikilir. Bu körpü Kürün sol sahilini mühüm nəqliyyat qovşağı ilə birləşdirəcəkdir. Bununla da ölkəmizin bu bölgəsinin iqtisadi həyatının daha da canlandırılması üçün yeni bir layihə həyata keçiriləcəkdir.

Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində aparılan yeni dəmiryol körpüsünün inşasına bu ilin əvvəlində başlanılıb. Körpünün uzunluğu 260 metr, eni 5,7 metrdir. Körpünün əsas bünövrə hissəsi möhkəm dəmir-beton konstruksiyalardan ibarətdir, qalan hissələri isə metal konstruksiyalardan ibarət olacaq.  İnşaat işləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sifarişi ilə “Körpü-Bina-Tikinti” MMC tərəfindən həyata keçirilir.

Tikintiyə başlamazdan əvvəl ağırtonnajli texnikaların və digər nəqliyyat vasitələrinin normal hərəkət etməsi üçün Kür çayı üzərində müvəqqəti estakada qurulub. Artıq qısa müddətdə xeyli sayda svaylar vurulub, körpünün yan dayaqlarının özülündə isə dəmir-beton işləri yekunlaşıb. Hazırda dəmir-beton işlərinin görülməsi ilə yanaşı aşırım hissəsində metal konstruksiyalar quraşdırılır.

Layihənin icrası dəmir yolu ətrafında yerləşən yaşayış məntəqələrinin simasının dəyişməsi və işğaldan azad olunan bölgələrdə insanların işlə təmin olunmasına, Horadiz Ağbənd, Füzuli-Şuşa və gələcəkdə Zəngəzur dəhlizi ilə dəmir yolu istiqaməti üzrə infrastrukturun qurulmasına və fəaliyyətinin daha da yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.

Ölkədə qəbul olunmuş Dövlət proqramlarının, Strateji Yol Xəritələrinin, ortamüddətli sosial-iqtisadi inkişaf konsepsiyasının dəstəkləməsi də bu layihənin əsas məqsədlərindən hesab olunur. Tikinti işləri başa çatdırılıb istismara veriləndən sonra dəmir yolu körpüsü ölkəmiz üçün həm mühüm starteji, həm də iqtisadi əhəmiyyətə malik olacaq. Dediyimiz kimi, layihələndirilən körpü mövcud dəmiryolu xəttinin ərazisində davam etdirilir. Tikinti işləri sona çatdıqdan sonra dəmir yolu şpalları quraşdırılacaq və dəmir yolu xətlərinin ətrafı təhlükəsizlik üçün metal maneələrlə mühafizə olunacaq. Bundan sonra yüz ildən artıq yaşı olan mövcud körpünün yenidən qurulmasına başlanacaq.

Yeni dəmiryol körpüsünün inşasının iki il müddətinə başa çatdırılması nəzərdə tutulur. Ancaq işlərin sürəti ondan xəbər verir ki, tikinti planlaşdırılan müddətdən daha tez başa çatdırılacaqdır. Podratçı təşkilatın kollektivi bunun üçün gərgin əmək sərf edir və işlərin keyfiyyətini  ön planda saxlayır.

Bir daha qeyd edək ki, Kür üzərində salınan yeni körpü Azərbaycan iqtisadiyyatının daha da gücləndirilməsində mühüm əhəmiyyətə malik olacaqdır.