24 dekabr 2021 11:29
865

Sosial siyasət dövlət siyasətinin prioritet istiqamətidir

Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünü təmin etmək, daxili siyasətin sosial yönümlülüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir. İnkişaf etmiş, yaxud inkişaf etməkdə olan dövlətlərin bir çoxu sosial təminatın yüksək pilləsi olan sosial rifah dövləti qurmağı hədəf kimi qarşısına məqsəd qoymuş, öz konstitusiyalarında, qanunlarında təsbit etmişlər. Bu məqamda qeyd etmək istəyirəm ki, ölkəmiz də öz mahiyyəti etibarı ilə sosial dövlətdir. Dövlətin fəaliyyətinin məqsədi öz vətəndaşının sosial rifahını yüksəltmək və onun təhlükəsizliyini təmin etməkdir. Son bir neçə ildə hər bir azərbaycanlı bunun dəfələrlə şahidi oldu. İstər bütün dünyanı cənginə alan, bir çox inkişaf etmiş ölkəni “vətəndaş” yoxsa “iqtisadiyyat” sualı üz-üzə qoyan pandemiya dövründə dövlətin ortaya qoyduğu birmənalı mövqedə, istər müasir tariximizin ən çətin sınağı ilə üz-üzə qaldığımız 44 günlük müharibə dövründə, istərsə də post-münaqişə dövründə 10 min kvadratkilometr ərazinin bərpa olunması yükünü təkbaşına dövlətin  öz üzərinə götürdüyü bugünlərdə hər birimiz dövlət siyasətinin əsas amilinin “vətəndaş rifahı” olduğunun şahidi oluruq.

Ölkə başçımızın ötən il may ayının 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı DOST mərkəzinin açılışında iştirak edərkən işlətdiyi bir ifadəni xatırlayaq: “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Bu söz adi söz deyil və adi vaxtda deyilməyib. Bu söz elə bir vaxtda deyilmişdi ki, bütün dünya pandemiyadan əziyyət çəkir və vətəndaş amili bir çox dövlət üçün bəlkə də üçüncü, dörüdüncü və daha aşağı sıralarda qərarlaşırdı. Ancaq Azərbaycan Prezidenti böyük qətiyyətlə, əzmkarlıqla vətəndaş amilini hərşeydən üstün tutduğunu bəyan etdi. Hətta Azərbaycan iqtisadiyyatının əsas dayaqlarından biri olan neft qiymətlərinin kəskin olaraq endiyi dövrlərdə belə Azərbaycanda heç bir sosial layihə ixtisar edilmədi, tam əksinə artıqlaması ilə icra olundu. Xatırladım ki, pandemiya dövründə dövlət bütün yükü üstünə götürərək COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2,7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim etmişdi. Beləliklə, bu gün əminliklə demək olar ki, Azərbaycan sosial dövlətdir və Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətini vətəndaş rifahının təminatı təşkil edir. Son günlərdə ölkə başçımız tərəfindən ard-arda imzalanan  Fərman və Sərəncamlar da bunun daha bir təsdiqi olaraq tariximizə həkk olunur. Ümumilikdə 2 milyondan çox vətəndaşı əhatə edəcək sosial islahatlar əhalinin bütün təbəqələrini əhatə etməklə xalqımızın rifah halını yaxşılaşdıracaqdır. Məlumat üçün qeyd edək ki, yeni fərman və sərəncamlar əlilliyi olan şəxsləri və birinci dərəcə əlilliyi olan şəxslərə qulluq edənləri, sağlamlıq imkanları məhdud uşaqları və onlara qulluq edənləri, yaşa görə müavinət alanları, ailə başçısını itirməyə görə müavinət alanları, müddətli hərbi xidmətdə olanların uşaqlarını, uşaqların qəyyumlarını, beşdən çox uşağı olan qadınları, bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələri, övladlığa uşaq götürənləri, işləməyən pensiyaçı elmlər və fəlsəfə doktorlarını, “Xalq” və “Əməkdar” fəxri adı olanları, doktorant və tələbələri əhatə edir. Əlavə olaraq, uşağın doğulmasına görə və dəfn üçün birdəfəlik müavinətlər də artırılır. Beləliklə, bütün bunlar Azərbaycanda yeni sosial islahatlara başlandığını deməyə əsas verir. Hazırda real maliyyə imkanlarının artması hesabına sosial siyasətin davam etdirilməsi üçün əsaslı zəmin yaranıb. 2021-ci ildən başlayaraq iqtisadiyyatımız bərpa olunmaqdadır, iqtisadi artım sürətlənir, ÜDM ötən 10 ayda 5 faizdən çox yüksəlib. Ölkəmizin maliyyə imkanları artdıqca sosial layihələrin həcmi də artır.

Bir məsələni də xatırlatmaq istərdim ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2 fevral 2021-ci il tarixli Sərəncamla təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair qarşıya qoyulmuş məqsədlərdə beş Milli Prioritetdən biri kimi “dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət”in qurulması qarşıya məqsəd olaraq qoyulmuşdur. Sənəddə bildirilmişdir ki, sosial təminat sisteminin daha effektiv və ədalətli olması hesabına aşağıgəlirli və yoxsulluğa həssas təbəqənin, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndirilməlidir. Bu məqsədlə ölkədə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsinə nail olunmalıdır. Pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığı gücləndirilməli, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi artırılmalıdır. Və beləliklə bu günlərdə məqsədə gedən yolda nəhəng addımlar atılır. Heç bir şübhə yoxdur ki, bu addımların nəticəsi olaraq ölkə əhalisinin rifahı günü-gündən yüksələcək və bütün dünyanın pandemiyadan əziyyət çəkdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatı çiçəklənməyə davam edəcək.

Rauf Əliyev,

Pirallahı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi