KÖŞƏ

Vəli İlyasov

SSRİ Ali Sovetinin 20 Yanvarla bağlı iclasının stenoqramı niyə yoxa çıxıb?

14 yanvar 2022 02:58
461

SSRİ Ali Sovetinin Bakıda törədilən qanlı  20 Yanvar hadisələrinin müzakirə olunduğu III sessiyasının stenoqramı məxfi arxivlərdən müəmmalı surətdə yoxa çıxıb. Sənədin necə yoxa çıxdığı və ya məhv edilməsi barədə heç bir məlumat yoxdur. Çox güman ki, bu, əlini Azərbaycan xalqının qanına batırmış Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun komandası tərəfindən həyata keçirilib. Aradan illər ötüb, yalnız indi  müəyyən versiyalar ortaya çıxarılır.

Bu barədə 1989-91-ci illərdə SSRİ xalq deputatı olmuş rusiyalı politoloq, fəlsəfə elmləri namizədi, Boris Yeltsinin Prezident Şurasının sabiq üzvü Alla Yaroşinskaya yazdığı məqalədə qeyd edib. Sabiq deputat Rusiya KİV-i üçün yazdığı məqalədə bu sənədin arxivlərdən yoxa çıxdığını bəyan edib.

Məlumdur ki, 1990-cı ilin fevralın 19-da qapalı keçirilən iclasda SSRİ rəhbərliyinin iştirakı ilə Bakıda sovet ordusunun törətdiyi vəhşiliklər müzakirə edilib. Yaroşinskaya yazır ki,  həmin iclasın stenoqramını tapmaq mümkün olmur. O zaman nədənsə onu hətta Ali Sovetin üzvləri üçün belə çap etmədilər. Həmin qapalı iclasda Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçov, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Nikolay Kryuçkov,  daxili işlər naziri Vadim Bakatin və daha bir neçə yüksək çinli şəxslər də  iştirak ediblər. Qorbaçovun “yenidənqurma” dövrünün rəsmi sənədləri isə sübut edir ki, 1989-cu ildən başlayaraq SSRİ-nin siyasi rəhbərliyində ölkəni dağıda biləcək addımlara əl atmaq əməlləri artmağa başlamışdı.

Bu qəbildən olan “partiya-xalq” qarşıdurması Bakıda faciə ilə nəticələnib. 1990-cı ilin 20 yanvarında sovet ordusu dinc əhaliyə atəş açdı. 1989-cu il hadisələri ilə bağlı çox yazılsa da, Bakı hadisələri barədə geniş ictimaiyyətin məlumatı çox deyil. Bakıda o zaman nə baş vermişdi? Azərbaycanda hansı Konstitusiya quruluşu müdafiə edilmişdi? Kreml tərəfindən ekstremist adlandırılan adamlar kimlər idi? Bu sualların cavabları açıq qalıb.

Sabiq deputat deyir ki, o, faciədən bir ay sonra, 1990-cı ilin 19 fevralında SSRİ Ali Sovetinin qapalı keçirilən üçüncü sessiyasında iştirak edib. Orada Bakıdakı qanlı hadisələr müzakirəyə çıxarılmışdı. İclasda SSRİ rəhbərliyi ilə Azərbaycandan olan deputat qrupu arasında sərt polemika oldu. Mübahisənin qızğın vaxtında SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Yevgeni Primakov bəyan etdi ki, “18 yanvarda Azərbaycan Xalq Cəbhəsi tərəfindən Bakıda xüsusi vəziyyət elan olunmuşdu.  25 min nəfərlik kütlə Mərkəzi Komitənin üzvlərini binaya buraxmırdı. Orada üç dar ağacı quraşdırılmışdı”.

AXC-nin Bakıda xüsusi vəziyyət elan etməsi, əlbəttə, tamamilə yalandır və bu, özlərinə alibi axtaranların uydurmasıdır. Həmin cinayətkar rəhbərlər əslində  Bakıda xalqın qəzəbinə gəlmiş respublika partiya rəhbərliyini dəyişmək əvəzinə, onları müdafiəyə qalxaraq günahsız insanları vəhşicəsinə qırdırıblar.

Xatırladaq ki, Bakıda milli zəmində ekstremist ermənilərin təşkil etdikləri təxribatlar, Ermənistanın Dağlıq Qarabağda və onun ətrafındakı rayonlarda törətdikləri qanlı hadisələr Moskvanı qətiyyən narahat etmirdi. Yalnız Bakıda Kommunist Partiyasının hakimiyyətini itirməsi Moskvanı xalqla müharibəyə girməyə məcbur etdi. Kreml dəhşətli dərəcədə qorxurdu ki, Bakıda qurulmuş “dar ağacları” sabah bütün SSRİ-yə yayıla bilər. Ona görə də general Aleksandr Lebedin rəhbərliyi altınada sovet ordusunu Bakıya göndərdi.

Məlumdur ki,  qapalı iclasda Azərbaycanın deputatı Tofiq İsmayılov SSRİ müdafiə naziri Yazovdan istefa verməyi tələb edib. “Bu qırğın mənim respublikama qarşı yaxşı planlaşdırılmış provokasiyanın bir zənciridir.  Ordunun Azərbaycana yeridilməsinə heç bir səbəb yox idi”,-deyə deputat kəskin şəkildə etirazını bildirib. V.  Bakatin isə cavabında məsuliyyətdən yayınmaq üçün deyib ki, Bakı hadisələrinə görə sovet ordusunu və Müdafiə Nazirliyini ittiham etmək lazım deyil. Əcaib məntiqdir, ssenarini yazanları və icra edənləri, qan tökənləri ittiham etmək lazım deyilsə, bəs onda kimi ittiham etmək lazımdır?

Mixail Qorbaçov isə Azərbaycan deputatlarına replika ataraq deyib ki, Azərbaycan hakimiyyətinin təmsilçiləri indi susurlar. “Ancaq onlar mənə deyirdilər ki, Xalq Cəbhəsi tərəfindən silahla hədələnirlər. Onlar mənə deyirdilər ki, Naxçıvanın SSRİ tərkibindən çıxmaq qərarı tapança lüləsinin təzyiqi ilə qəbul edilib,”-deyə SSRİ rəhbəri vəziyyəti öz xeyrinə dəyişməyə çalışıb.

 SSRİ Ali Sovetinin sözügedən qapalı iclasında Bakı hadisələrini təhqiq edən komissiyanın bəyanatını Naxçvan MSSR-dən deputat seçilmiş Qurban Abbasov oxuyub. “Səhər açılanda bakılıarın gözlərinin önündə dəhşətli mənzərə göründü. Dinc sakinlərin qanına qərq olmuş asfalt, eybəcər hala salınmış meyidlər, güllə ilə dəlik-deşik edilmiş, yararsız hala salınmış maşınlar, gülləbaran edilmiş binalar və xəstəxanalar… Kim gözə dəyibsə,  öldürülüb. Təcili yardım maşınları tankla əzilib… Bu insanlıqdan kənar olan əməliyyata SSRİ müdafiə naziri Dmitri Yazov və daxili işlər naziri Vadim Bakatin rəhbərlik edib,”- bəyanatda qeyd olunub.

Bu minvalla Kommunist Partiyası xalqı qanına qəltan etməklə öz hakimiyyətini bir müddət də uzada bildi. Bir ildən sonra aydın oldu ki, bu, artıq aqoniya imiş…Eyni zamanda bu, şəxsən Mixail Qorbaçovun və onun ermənipərəst ətrafının Azərbaycan xalqına nifrətinin sübutu idi.

Mixail Qorbaçovun və əli qanlı komandasının Bakıda törətdiyi qanlı qırğına ilk siyasi qiymət Azərbaycanın böyük öğlu, ümummilli liderimiz Heydər Əliyev tərəfindən faciənin ertəsi günü verildi. Ulu Öndərimiz yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza başsağlığı verərək faciənin əsl günahkarlarını kəskin ittiham etdi.

Əli xalqımızın qanına batmış baş cəllad Mixail Qorbaçov mühakimədən yayınsa da  onu mühakimə edəcək ən böyük hakim tarix özü olacaq. O, bizim yaddaşımızda qanımızı tökən qart düşmən kimi qalıb.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?