KÖŞƏ

Vəli İlyasov

Məmur çirkaba bulaşarsa, cəzası çox sərt olacaq

15 yanvar 2022 01:14
820

Korrupsiya və rüşvətxorluq bütün zamanlarda cəmiyyətin bəlasına çevrilib. Bir qrup vəzifəli şəxsin korporativ maraqları, başqalarından fərqlənmək, meşşan həyat tərzi keçirmək istəkləri onları cəmiyyətin parazitinə çevirir. Ona qarşı nə qədər mübarizə aparılsa da kökünü kəsmək mümkün olmayıb. Təəssüf ki, ölkəmizdə də bu neqativ hallara rast gəlinir. Bir neçə rayonun icra hakimiyyəti başçılarının, inzibati orqan işçilərinin,  bələdiyyə sədrlərinin, hətta həkimlərin rüşvət almağa görə məhkəmə hökmü ilə  məhkum olunmaları dediklərimizə əsas verir. Görünür, məsələ ciddi xarakter aldığına görə dövlətimizin başçısı vəzifəli şəxsləri dəfələrlə xəbərdarlıq edib.

Prezident İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın bütün sahələrdə qazanılan uğurlarla bərabər, bəzi məmurların korrupsiya və rüşvətxorluğa qurşanmasından, onların həbs edilərək məhkəmə qarşısında dayanmalı olduqlarından da danışıb. “Son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət, hesab edirəm ki, hər kəs üçün dərs olmalıdır. Çünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir - ən yüksəkvəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq… Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq. Amma bu, işin bir tərəfidir. Artıq 18 ildir ki, mən Prezident vəzifəsində işləyirəm və mənim təşəbbüsümlə çoxlu kadr dəyişikliyi edilib. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır.”

Bəzi məmurların süründürməçiliyi, qulluq mövqelərindən sui-istifadə etmələri, rüşvət almaları barədə məlumatlar insanlarda dərin təəssüf doğurur. Onlar Prezident İlham Əliyevin bu neqativ hallara qarşı səsləndirdiyi  fikirləri və qəbul etdiyi qərarları yüksək qiymətləndirirlər. Milli Məclisin üzvü Elman Nəsirov bu barədə öz düşüncələrini bizimlə bölüşdü: “Azərbaycan ictimaiyyəti görür ki, bu sahədə son vaxtlar,  çox ciddi kadr islahatı aparılıb. Hakimiyyətin demək olar ki, bütün qollarında ciddi kadr islahatları həyata keçirilib. Nazirlər Kabinetində, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq  ciddi kadr dəyişikliyi baş verib və bu, hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq”.

Millət vəkili onu da vurğuladı ki, ölkəmizdə korrupsiya və rüşvətxorluğun kökünün kəsilməsində inzibati orqanlarla bərabər, geniş ictimaiyyətin, hər bir vətəndaşın köməyi vacibdir. Yəni, belə çirkin, neqativ hallara qarşı ümumxalq mübarizəsi son dərəcə əhəmiyyətli effekt verə bilər.

Bu gün artıq inamla demək olar ki, on səkkiz ildə uğurdan-uğura, qələbədən-qələbəyə doğru irəliləyən ölkəmizdə bu narahatlıq doğuran hallar da müvəffəqiyyətlə aradan qaldırılacaq, cəmiyyətimiz tamamilə sağlam həyat tərzinə qovuşacaqdır.

Nilufər Mustafaqızı
Sərsəm təxəyyül fəsadı
Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?