KÖŞƏ

Vəli İlyasov

Ermənistanda at izi it izinə qarışıb

18 yanvar 2022 00:58
1355

İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyətdən sonra Ermənistandakı bir qrup revanşist  və özünü müxalifətçi elan etmiş hakimiyyət hərisləri bunu həzm edə bilmir və Azərbaycanla sülhə aparan yola hər vəchlə əngəl yaratmağa çalışırlar. Daşnak əhval-ruhiyyəli bu adamları sadə erməni vətəndaşlarının ağır sosial vəziyyəti qətiyyən düşündürmür. Son aylarda baş nazir Nikol Paşinyanın Azərbaycanla və Türkiyə ilə anlaşmaq planları, Zəngəzur dəhlizinin açılmasına hazırlıq onları ciddi narahat etməkdədir. Müharibənin ağır nəticələrindən hələ də lazımi dərs götürməyən başıpozuq qruplar qızışdırıcı şüarlarla ordusu məğlub olmuş ölkəni Azərbaycanla yeni müharibəyə çağırırlar. Başıpozuqlar Nikol Paşinyan hökumətindən Azərbaycanın ərazi bütövlüyünü tanımamağı, Zəngəzur dəhlizinin açılmamasını  tələb edirlər. Səbəb məlumdur, araqarışdıranlar gələcəkdə güclənib Azərbaycandan yeni ərazilər qoparmaq üçün, necə deyərlər, əl yeri qoymaq istəyirlər.     

Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə yerli televiziyalara müsahibəsində yanlış yolda olan erməni müxalifətinin çirkin planlarını alt-üst etmişdir. Dövlətimizin başçısı həmin qruplara elə bir mesaj vermişdir ki, neçə gün keçsə də Ermənistanda bu barədə çınqırını çıxarıb söz deyən yoxdur: “Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq”.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla Türkiyə arasında ilk rəsmi danışıqlardan iki gün əvvəl səsləndirdiyi fikirlərdir. Göründüyü kimi, burada dövlətimizin başçısı İrəvandakı araqarışdıranlara barmaq silkələyərək ağıllı olmağı xatırladıb. Təbii ki, “dəmir yumruğ”u dadanlar onun nə demək olduğunu yaxşı bilirlər.

İrəvanda deyirlər ki, Paşinyanın hakimiyyəti dövründə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana qarşı müharibəyə başlamamaq şərtlərini açıqlayır, Paşinyan isə Azərbaycanla “sülh erası”nın açılmasından danışır. Revanşistlər və saxta müxalifətçilər mütəmadi olaraq Ermənistan ordusunun yenidən silahlandırılması, Azərbaycanla yeni müharibəyə ciddi hazırlıq aparılması çağırışını edirlər.
Prezident İlham Əliyev bu çağırışlara cavab olaraq Ermənistana yenidən xəbərdarlıq etdi: “Biz Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyirik. Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir”.
Dövlət başçısı qeyd etdi ki, Bakı ordunun döyüş hazırlığını artırmaq üçün müasir silah və sursat almağa davam edəcək.
Şübhəsizdir ki, bu sözlər özlərini müxalifət adlandıran hakimiyyət iddiaçılarına tutarlı şapalaq effektini vermişdir. Ancaq araqarışdıranlar gah Azərbaycanla sərhəddə, gah da İrəvanda təxribatlar törətməklə iki ölkənin barışığa gedən yollarında süni maneələr yaratmaqdan əl çəkmirlər. Düzgün yola getsələr, onda erməni olmazlar axı. Təəssüf doğuran odur ki, ölkənin zəif rəhbərliyi onun qərarlarına qarşı çıxanları yerlərində oturtmaqda acizdir.

Ermənistanda baş verən hadisələri izləyəndə açıq görünür ki, orada it yiyəsini tanımır, yəni,  at izi it izinə qarışıb…Bu izləri isə hələlik ayırd edən tapılmır.