Vəli İlyasov |
Təcavüzkar Ermənistanın otuz illik işğalı dövründə vurduğu ağır zərərlərə görə Azərbaycana ödəyəcəyi təzminat məsələsi yenidən diqqət mərkəzinə çəkilib. Düşmən ölkənin politoloqları və siyasətçiləri hesab edirlər ki, Ermənistanın hazırkı iqtisadi durumu məlum təzminatı ödəməyə imkan vermir. Azərbaycanda isə bir çoxları düşünür ki, bədnam qonşumuz bunun əvəzində tarixi Azərbaycan torpağı Zəngəzuru ölkəmizə geri qaytara bilər.
İqtisadçıların hesablamalarına görə, işğal dövründə Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi ziyanın həcmi 550 milyard dollara yaxındır və İrəvan onu ödəməlidir. Eyni zamanda, təzminat məsələsi otuz il Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanı indi müəyyən məcburetməyə məruz qoymağa hesablanıb. Bu, Ermənistanın təcavüzü nəticəsində Azərbaycana nə qədər ziyan vurulduğunu dünya ictimaiyyətinə çatdırmaq üçün çox vacibdir. Artıq bütün dünya bilir ki, ermənilər 30 il ərzində ərazilərimizi insana xas olmayan vəhşiliklə və xüsusi qəddarlıqla talan ediblər. Yaşayış məntəqələrimizdə daş üstündə daş qalmayıb. Təbiətimiz yağmalanıb və məhv edilib. Talananlar Ermənistana daşınıb. İndi bunların bədəlini ödəməyin zamanı gəlib, Ermənistan törətdiklərinin müqabilində ya külli miqdarda pul ödəməli, ya da vurduğu ziyanı kompensasiya etməlidir.
Heç vaxt yaddan çıxarmamalıyıq ki, işğal müddətində maddi və mədəni mədəniyyət abidələrimiz tamamilə məhv edilib. Məscidlərimiz dağıdılıb, qalanlarda isə qonuz saxlamaqla xalqımızın inanclarını, dini etiqadını təhqir ediblər. Əcdadlarımızın onilliklər, yüzilliklər boyu qurub-yaratdığı bütün gözəlliklər, sənət əsərləri yer üzündən silinib. Ermənilərin Azərbaycan ərazilərində törətdikləri misli görünməmiş vandalizm aktlarıdır. Buna görə də ermənilər dağıtdıqları, daşını daş üstə qoymadıqları ərazilərə görə mütləq təzminat ödəməlidirlər.
Tarix göstərir ki, dünyada bu cür təcrübələr var. Məsələn, İkinci Dünya müharibəsindən sonra faşist Almaniyası digər ölkələrə vurduğu zərərlərə görə təzminat ödəməyə məcbur edilib. Xüsusən də yəhudilərin soyqırımına, Holokost faciəsinə görə faşist Almaniyası Nürmberq Məhkəməsində böyük məbləğdə təzminat ödəməyə məcbur olunub. İndi Azərbaycan da adıçəkilən məsələni Avropa Məhkəməsində qaldırıb. Ermənilərin təzminat məsələsi ciddi faktları ortaya çıxaracaq. Bu məhkəmə Ermənistanı bütün dünya xalqlarının qarşısında ifşa edəcəkdir.
Gözləniləndir ki, Ermənistan bu qədər pulu olmadığını bəhanə gətirəcək. Çünki işğalçı ölkənin hazırkı sosial durumu göz önündədir. Bu məbləğdə pulu Ermənistan kimi kasıb bir ölkə heç əlli ilə də ödəyə bilməz. Amma məqbul çıxış yolu var: pulu yoxdursa, əvəzində torpaq ödəyə bilər. Dünya praktikasında da buna bənzər hadisələr çox olub. Yunanıstan öz borcu müqabilində Egey və Mərmərə dənizlərindəki adaların bəzilərini təzminat əvəzində ödəyib. Bundan başqa, Atlantik okeanında da olan adalar bir dövlətdən başqa dövlətə pul əvəzinə verilib. Ona görə də Ermənistan ya depozit kimi illərlə boynuna borc kimi götürdüyü təzminatı ödəməyə razılaşa bilər, yaxud da qədim Azərbaycan torpağı olan, təxminən 100 il bundan əvvəl Sovet hökuməti tərəfindən Azərbaycan xalqının razılığı olmadan, zorla və həyasızcasına alınaraq Ermənistana verilmiş Zəngəzur torpaqlarını da ölkəmizə geri qaytara bilər. Bu, ermənilər üçün ən əlverişli bir qərar olardı. Əslində bu situasiyada Ermənistan heç nə itirmir, sadəcə sakit şəkildə öz torpağımızı özümüzə qaytarır. Onsuz da artıq Zəngəzurun bir hissəsi işğaldan azad olunub və bizim ordu hissələrimiz o yerlərə nəzarət edir. İndi söz Ermənistanındır, ya belsındıran 550 milyard dollar, ya da Zəngəzur!