KÖŞƏ

Zahid Rza

Sosial şəbəkələrdə söyüş, təhqir “azadlığı”na son qoyulmalıdır

26 yanvar 2022 22:56
1910

“YouTube”da, “Facebook”da insan hüquqları ilə söz azadlığı arasındakı “qırmızı xətti” keçənlər öz layiqli cəzalarını almalıdırlar

Bu gün sosial şəbəkələrdəki söyüşlə, böhtanla dolu şərhlər, videolar milli-mənəvi və əxlaqi dəyərlərə ciddi zərbə vurduğundan, gənclərin tərbiyəsinə, psixologiyasına mənfi təsir etdiyindən cəmiyyətimizdə hiddət doğurur və etirazla qarşılanır. Çünki bu sahədə yaranan arzuolunmaz vəziyyətlə bağlı həyəcan təbili çalınır. Bir müddət əvvəl Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə keçirilən “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı “dəyirmi masa”da sosial şəbəkələrdə anarxiya, söyüş və təhqirlər müzakirə edildi. Bu məsələlərlə bağlı respublikanın hüquq-mühafizə orqanlarına müraciət edildi. Müraciətdə sosial şəbəkələrdə ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq və əhali arasında vahimə yaradan, insanları istənilən qanunazidd hərəkətlərə çağıran, o cümlədən söyüş, təhqir və böhtanlara yol verən şəxslər barəsində ciddi tədbirlərin görülməsinin zəruriliyi xüsusi ilə vurğulandı.

Birmənalıdır ki, fikir və söz azadlığı hüququ həyata keçirilərkən şərəf və ləyaqətin müdafiəsi hüququna da riayət edilməlidir. Çünki şəxsiyyətin şərəf və ləyaqəti həm milli, həm də beynəlxalq hüquqla müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilib. Həmçinin şəxsiyyətin şərəf və ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Digər yandan beynəlxalq hüquq fikir və ifadə azadlığını heç də məhdudiyyətsiz hüquq hesab etmir.

Belə bir deyim var: “Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması hesabına olmamalıdır”. Məsələ ilə bağlı ekspertlər bildirirlər ki, BMT-nin İnsan Hüquqları Komitəsinin yanaşmasına görə internet və kiberməkanda söz və fikir azadlığı olmalıdır. Bu halda insan hüquq və azadlıqları haqqında Beynəlxalq Paktın 19-cu maddəsinin ikinci bəndinə istinad olunur. Həmin bənddə göstərilir ki, insanlar adi həyatda öz fikirlərini, düşüncələrini sərbəst bölüşmək hüququna malikdirlərsə, virtual həyatda da həmin hüquqlara malik olmalıdırlar. Təbii ki, belə olan halda həmin Beynəlxalq Paktın 9-cu maddəsinin üçüncü bəndinə də istinad etmək lazımdır. Yəni, insanlar öz davranışlarına, fikirlərinə görə adi həyatda məsuliyyət daşıdıqları kimi, virtual fəaliyyətlərinə görə də məsuliyyət daşımalıdırlar. Hər hansı bir şəxs sosial şəbəkələrdə başqasını təhqir etdiyinə, heç bir əsas, fakt göstərmədən kiməsə böhtan atdığına, onu şantaj etdiyinə görə qanunvericiliyə uyğun olaraq öz layiqli cəzasını almalıdır. Əks təqdirdə cəzasızqlıq mühitindən bəhrələnən həmin zümrə internet məkanındakı nəzarətsizlikdən də istifadə edərək daha da azğınlaşır. Müşahidələr göstərir ki, söz azadlığı adı ilə insanları təhqir edərək onların şərəf və ləyaqətlərini alçaldanlara, nüfuz və imiclərinə ağır zərbə vuranlara, yalan və böhtanlarla onları gözdən salanlara biganə qalmaq, göz yummaq çox ciddi fəsadlara səbəb olur. Unutmaq olmaz ki, insan hüquqları hər cür söz azadlığından üstün dəyərdir.

Təbii ki, bütün bunlar qanunvericiliyə yenidən baxılmasını və ya məsələ ilə bağlı yeni qanun layihələri hazırlanmasını zəruri edir. Bu, artıq sosial sifarişdir. Son zamanlar ziyalıların, alimlərin, yazıçıların, ictimai xadimlərin yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirərək bu məsələyə münasibət bildirmələri sosial şəbəkələrdə söyüş, təhqir qaragüruhunun durdurulması ilə bağlı çağırışları bunun bariz nümunəsidir. Heç kim söz, fikir, ifadə azadlığının əleyhinə deyil. Lakin sosial şəbəkələrdəki bu cür “söz azadlığı” insan hüquqlarının pozulmasına, eləcə də milli-mənəvi dəyərlərimizə təhlükə yaradırsa belə “azadlığa” qarşı yubanmadan tədbirlər görülməlidir.

Bu gün dünyanın əksər ölkələrində, xüsusilə özlərini insan haqlarının, demokratiyanın beşiyi hesab edən Qərb ölkələrində belə sosial şəbəkələrin qanunvericiliklə tənzimlənməsi yolunda addımlar atılır.  Bəzi məlumatlara görə, artıq Azərbaycan Respublikası Milli Məclisində rəqəmsal aləmdə insanların hüquqlarının qorunması üçün xüsusi qanun layihəsi hazırlanır.  İnanırıq ki, parlamentdə internet məkanında milli-mənəvi dəyərlərimizə zidd olan bu məsələ ilə bağlı qanun tezliklə qəbul olunacaq. Bununla da sosial şəbəkələrdə neqativ hallar, xaos, başıpozuqluq aradan qaldırılacaq, kimsə insan haqları ilə söz azadlığı arasındakı qırmızı xətti keçməyə cürət etməyəcək.