KÖŞƏ

Zahid Rza

Revanşistlər unutmamalıdırlar ki…

23 fevral 2022 00:15
1060

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Ordusu işğal olunmuş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində azad etdi. Erməni millətçilərinin üzdəniraq “artsax” xülyaları məhv edildi. 

Ermənistan silahlı qüvvələri beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozaraq 2020-ci il oktyabr ayının 4-dən etibarən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni mütəmadi olaraq “Toçka-U”, “SCUD” raketləri ilə atəşə tuturdular. Gəncəyə atılan raketlər nəticəsində şəhərin infrastrukturuna ciddi ziyan dəydi, dinc sakinlər həlak oldular, yaşayış binaları və tarixi abidələr dağıdıldı. Həmin raket atəşi nəticəsində 1 nəfər həlak oldu, zərər çəkənlərin arasında 10 aylıq körpə Zəhra Eyyubova da var idi. Oktyabrın 10-da isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada əldə edilən humanitar atəşkəs rejiminin elə ilk dəqiqələrindən Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq humanitar hüququn öhdəliklərini pozaraq, məqsədyönlü şəkildə Azərbaycanın mülki əhalisini hədəf aldı, raket və artilleriya atəşinə tutdu. Erməni vandalları 2020-ci il 11 oktyabr saat 02:00 radələrində daha bir terror törətdilər. Gəncə Ermənistan ərazisindən “Skad-B” taktiki-əməliyyat raket kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutuldu. Nəticədə “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları dağıldı, 5-i qadın olmaqla 10 nəfər həlak oldu, 6-sı uşaq, 16-sı qadın olmaqla 34 nəfər yaralandı.

Döyüş bölgəsindən xeyli uzaqda olan Gəncəyə ən qanlı və qəddar raket hücumu isə 2020-ci il oktyabrın 17-də gecə saatlarında oldu. Həmin gün Füzuli şəhəri, xeyli sayda kənd işğaldan azad edilmişdi. Bunu həzm edə bilməyən erməni faşistlərinin oktyabrın 17-də Gəncəyə növbəti raket hücumu nəticəsində 15 nəfər həlak oldu, 55 nəfər yaralandı. Onların arasında azyaşlı, yeniyetmə və qadınlar da var idi. Bütövlükdə isə Gəncə əhalisinə qarşı terror nəticəsində 26 nəfər həyatını itirdi, 100-dən çox insan yaralandı. Bundan başqa, xeyli yaşayış evi və digər mülki obyektlər, tarixi abidələr dağıdıldı, ya da ciddi zərər gördü. Belə ki, “İmamzadə” Dini-Memarlıq Abidə Kompleksi, 1887-ci ildə inşa edilmiş Aleksandr Nevski Rus Pravoslav Kilsəsi, vaxtilə “Kişi gimnaziyası” kimi fəaliyyət göstərən, hazırda isə Azərbaycan Dövlət Aqrar Universitetinin istifadəsində olan yerli əhəmiyyətli tarixi abidə və “Nizami” kinoteatrı zərər gördü. Bir sıra məktəblər və körpələr evi, uşaq bağçaları, həmçinin Gəncə Musiqi Kollecinin binasına ciddi ziyan dəydi.

Təcavüzkar Ermənistanın silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu qırx dörd günlük Vətən müharibəsində beynəlxalq hüququn bütün qanunlarına riayət edərək və istər Dağlıq Qarabağda, istərsə də Ermənistan ərazilərində mülki obyektləri hədəfə almadı. Ölkə başçısının söylədiyi kimi, Azərbaycan Ordusu Gəncə və digər şəhər və kəndlərimizdə düşmən tərəfindən həlak olmuş mülki şəxslərin qisasını xain düşməndən fərqli olaraq döyüş meydanında artıqlaması ilə aldı. Şübhəsiz, işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə cavab verməlidir və verəcək. Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə verdiyi müsahibədə erməni faşizmini bir daha ifşa etmişdi: “Bizim son vaxtlar apardığımız işlər onu göstərir ki, hər hansı bir revanşist meyil olarsa, onun məsələsi dərhal yerindəcə həll olunacaq. Çünki müharibədən sonra Ermənistan tərəfindən bir neçə dəfə belə cəhdlər oldu və onun acı nəticələrini onlar özləri gördülər. Ona görə hələ ki gec deyil, mən onlara artıq dəfələrlə müraciət edərək demişdim, bizim şərtlərimizi qəbul etməlidirlər, yollarla, kommunikasiyalarla bağlı hər hansı bir qeyri-səmimi yanaşmaya son qoyulmalıdır”. 

Ermənistan tezliklə sülh sazişini imzalamalıdır. Bu ölkənin hərbi-siyasi rəhbərliyi unutmamalıdır ki, haradan dəstək alsalar da, yenə də “dəmir yumruğ”un qarşısında tab gətirə bilməyəcəklər. Revanşist ritorikadan çıxış edən erməni siyasətçiləri bilməlidirlər ki, sirkə nə qədər tünd olsa öz qabını çatladar. Azərbaycan dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, Ermənistanda baş qaldıran istənilən revanşist qüvvəyə ən sərt şəkildə cavab veriləcək.