KÖŞƏ

Zahid Rza

Dəyişməyən iblis xisləti

24 fevral 2022 01:35
1353

Ermənistanın minalanmış ərazilərlə bağlı xəritələri bugünədək Azərbaycana təqdim etməməsi böyük insan tələfatı ilə nəticələnib.

Qırx dörd günlük Vətən müharibəsi zamanı, o çətin və ağır vaxtlarda respublikamızın suverenliyi və ərazi bütövlüyü naminə Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Bu “dəmir yumruq” sayəsində işğalçı Ermənistan ordusu darmadağın olundu, təcavüzkar ölkə kapitulyasiya aktına imza atdı, Qarabağ işğaldan azad edildi. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq, tikinti və abadlaşdırma işləri geniş vüsət alıb. Qarabağ yenidən qurulur, dirçəlir. İnsanların tezliklə öz doğma torpaqlarına qayıdışını təmin etmək üçün genişmiqyaslı tədbirlər görülür. Prezident İlham Əliyev regiona hər səfəri zamanı yeni inşa edilən obyektlərin açılışını edir, təməlqoyma mərasimlərində iştirak edir.

Azərbaycan İkinci Qarabağ savaşındakı tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaratdı. Ölkəmizin başçısı bütün görüşlərdə, yüksək tribunalardan bəyan edir ki, bu gün yeni reallıqları qiymətləndirməyə və əməkdaşlığın müsbət imkanlarına və sülh şəraitində birgəyaşayışa nail olmaq üçün hamımızın birgə addımlar atmağımıza böyük ehtiyac var.

Təbii ki, əhalinin azad olunmuş ərazilərə geri dönməsi, məskunlaşması üçün ilk növbədə həmin ərazilərin təhlükəsizliyi təmin edilməlidir. Bu baxımdan hazırda əsas məsələ Ermənistanın minalı ərazilərin xəritələrini Azərbaycana verməməsinin yaratdığı fəsadlardır. Minalar işğaldan azad olunmuş ərazilərdə elektrik xətləri boyunca, yol kənarlarına, kənd və qəsəbədaxili cığırlara, çay kənarlarına və digər yerlərə basdırılıb. Həmin minalar partlayır, dinc vətəndaşlar həlak olur. Əslində beynəlxalq hüququn bütün prinsiplərinə, eyni zamanda, beynəlxalq humanitar hüququn prinsiplərinə, müharibə qaydalarına uyğun olaraq həmin xəritələr müharibədən sonra ermənilər tərəfindən heç bir qarşılığı olmadan Azərbaycana qaytarılmalı idi. Çox təəssüf ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından bugünədək Ermənistanın minalanmış ərazilərlə bağlı xəritələri Azərbaycana təqdim etməməsi ciddi fəsadlar törədib, ən əsası insan tələfatı ilə nəticələnib. Bu hal Böyük Qayıdış prosesinin uzanmasına təsir göstərməklə yanaşı, mina qurbanlarının da sayının artmasına gətirib çıxarır. Ermənistanın atdığı addım beynəlxalq qanunvericiliyə və konvensiyalara əsasən hərbi cinayətdir, beynəlxalq hüquq prinsiplərinə ziddir. Bu ölkənin minalanmış ərazilərin xəritəsini verməməkdə əsas məqsədi Azərbaycanın daha çox ziyan görməsinə yönəlib.

Həmçinin Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə iki ölkə arasında etimadın yaranmasına ziyan vurur və regional əməkdaşlığa mane olur. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalarla bərabər, təmizlənməsi kifayət qədər çətin olan tələlər də qurulub. Bu da minalardan təmizləmə əməliyyatına mane olur. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsinin gedişində bölgədə piyada və tank əleyhinə minalardan geniş istifadə olunub.  

Bu gün işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi Azərbaycan hökuməti üçün prioritetdir və bərpa prosesinin vacib bir hissəsidir. İndiyə qədər bu istiqamətdə xeyli iş görülüb, böyük sayda mina zərərsizləşdirilib. Bu prosesdə Azərbaycana artıq beynəlxalq miqyasda da müvafiq yardımlar edilir. Məlumdur ki, minaların təmizlənməsi prosesində Azərbaycan Türkiyə ilə işbirliyi həyata keçirir.  Böyük Britaniya da bu prosesdə ölkəmizə köməklik göstərir. Britaniyanın Vətən müharibəsindən sonra regionda atdığı addımlara baxsaq, biz bu niyyətin praktiki təzahürlərini aydın şəkildə görərik. Bu ölkə Qarabağın minalardan təmizlənməsi sahəsində Azərbaycana əhəmiyyətli dəstək verməkdədir. Bu günədək Britaniyadan Azərbaycana bu xüsusda mütəxəssislər göndərilib, sentyabr ayında isə Britaniya hökuməti BMT-nin İnkişaf Proqramına Qarabağdakı minalardan təmizləmə fəaliyyətinə dəstək məqsədi ilə 500 min funt- sterlinq maliyyə vəsaiti ayırıb.

Təbii ki, Qarabağın minalardan təmizlənməsi Böyük Qayıdışın sürətlənməsinə ciddi təkan verəcək, soydaşlarımızın tezliklə öz doğma yurdlarına qayıtmasına şərait yaradacaq.