Qarşıdakı 10 il ərzində ölkədə aparılacaq bərpa- quruculuq işlərinin istiqamətlərinin göstərildiyi «Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də, Birləşmiş Millətlər Təşkilatının «Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik»də ölkədaxili və qlobal nəqliyyat-kommunikasiyaların əhəmiyyəti xüsusilə qeyd olunur. Bildirilir ki, Vətən müharibəsində qazanılan Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Milli Prioritetlərdə qeyd olunur ki, doğma torpaqlarından köçkün düşən insanların evlərinə qayıdışının təminatı üçün yeni nəqliyyat-logistika dəhlizləri bərpa olunacaq, müasir tələblərə uyğun yol infrastrukturu bərpa ediləcək. Bu baxımdan işğaldan əzad edilmiş torpaqlarda yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi inkişafına xüsusi diqqət göstərilir. Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə Zəngəzur dəhlizinin bərpasının ilk addımı olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması bütünlükd ə türk dünyası və region dövlətləri üçün tarixi hadisə idi.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Sammitində sovetlərin hakimiyyəti dövründə Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi ilə türk dünyası coğrafiyasının pozulduğunu, müsəlman ölkələri ilə əlaqələrin kəsildiyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirmişdir ki, «3+3» formatının reallaşması, Zəngəzur dəhlizinin açılması ilə bölgə dövlətləri üçün yeni imkanlar yaranacaqdır: «Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər. Zəngəzur koridoru isə həm türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir və bu gün bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir.»
Zəngəzurun dəhlizinin bərpası ilə türk dünyasının pozulan coğrafi bağlantısı, tarixi ədalət bərpa olunacaq. Bölgənin dörd qonşu ölkəsi ilə enerji bağlantısı olan Azərbaycanın yol- nəqliyyat infrastrukturunun coğrafiyası da genişlənəcək. Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi ilə bölgə dövlətləri arasında iqtisadi əlaqələr daha da güclənəcək. «Mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq» söyləyən Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Şuşa Bəyannaməsinin imzalanma mərasimində də Zəngəzur dəhlizinin tarixindən, region dövlətləri üçün əhəmiyyətindən ətraflı danışıldı.
Bildirildi ki, təkcə iki dövlət üçün deyil, region ölkələri üçün əməkdaşlıq körpüsü olacaq Zəngəzur dəhlizi keyfiyyətcə yeni əlaqələr yaradacaq, gələcək iş birliyinin etibarlı təminatçısı olacaq. Tarixi Qars müqaviləsinə istinad edilən, Şuşada imzalanan ğüttəfiqlik Bəyannaməsində İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsi olan Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapması türk birliyinin, siyasi iradənin nəticəsidir. «Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır» söyləyən Prezident İlham Əliyevin sözlərinin təsdiqi kimi səslənən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Digər tərəfdən, Azərbaycanın Cənubi Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edir və onu da dəstəkləyirik. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacaqdır. Bu, çox böyük əhəmiyyət kəsb edir» ifadələrinin eynilik təşkil etməsi türkçülüyün böyük təbliğatçısı İsmayıl bəy Qaspiralının «Dildə, əməldə, fikirdə birlik» ideyasının müasir həyatımızda təsdiqidir.
44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan üzərində Zəfər çalan Azərbaycan artıq işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini sürətlə davam etdirir. Böyük Qayıdış üçün ən zəruri addımlar atılır, ərazilər minalardan təmizlənir, yol-nəqliyyat infrastrukturu yenilənir, su və enerji ilə təminat məsələlərinə diqqət artırılır. Təbii ki, bu yeniliklər Zəngəzur dəhlizinin inşasını da sürətləndirir. Ağdam, Füzuli, Şuşa şəhərlərinin tikintisinin Baş planları işlənib hazırlanıb. Deyildiyi kimi, «yaşıl enerji”» prinsipləri əsas prioritet kimi diqqətdə saxlanılır. Qarabağ və Şərqi Zəngəzur «yaşıl enerji”» zonası və «ağıllı şəhər”», «ağıllı kənd»” konsepsiyası əsasında yenidən qurulacaq. Sevindirici haldır ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasında ən başlıca rolu Türkiyə şirkətləri oynayır. Vətən müharibəsinin ilk günlərindən Azərbaycana siyasi və mənəvi dəstək göstərən Türkiyənin bərpa-quruculuq işlərindəki fəallığı da qardaşlıq yardımının ifadəsidir. Əlaqələrin yüksələn xətlə inkişafının məntiqi nəticəsi Türkiyə və Azərbaycan arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə çatdırılmasıdır.
Bu günlərdə Rusiyaya rəsmi səfəri çərçivəsində TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə Türkiyə-Azərbaycan münasibətlərinin müttəfiqlik səviyyəsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev Zəngəzur dəhlizinin bərpasında hər iki qardaş ölkənin birgə səyini yüksək qiymətləndirmişdir: « İşğaldan azad edilən Şuşa şəhərində ötən il iyunun 15-də mən və Prezident Ərdoğan tərəfindən müttəfiqlik barədə Bəyannamə imzalandı. Bu da bizim malik olduqlarımızın formallaşdırılması idi, çünki Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri birinci il deyildi ki, mövcud idi. Türkiyə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkə idi. Biz müstəqil dövlət kimi ən birinci addımlardan Türkiyə tərəfindən mənəvi dəstəyi hiss etdik. Son illər ərzində Prezident Ərdoğanın prezidentliyi dövründə və mənim dövrümdə, - bu dövrlər ümumilikdə daha çox üst-üstə düşür, - biz faydalı əməkdaşlıq fəaliyyətimizin əmsalını əhəmiyyətli şəkildə artırmışıq.» Dövlət başçımız İkinci Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycana siyasi və mənəvi dəstək göstərən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın haqq işimizi dəstəkləyən bəyanatlarını diqqətə çatdırdı: «Təəccüblü deyil ki, indi Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır, onlar bizə çox kömək edirlər.»
Türk dünyasına açılan qapı olan Zəngəzur dəhlizinin mənəvi əhəmiyyətini milli dəyərlərə bağlılıq baxımından dəyərləndirən Prezident İlham Əliyevin «Məhz bu idi mənim ürəyimdə olan fikirlərim və ürəyimdə olanları mən hələ ki, deməyəcəyəm. Amma babamın məzarını ziyarət etməklə, eyni zamanda, ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir» sözləri dövlət başçımızın nəsil şəcərəsinə sadiqliyidir.
Xuraman İsmayılqızı, «İki sahil»