KÖŞƏ

Zahid Rza

Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir

01 mart 2022 00:59
1612

Prezident İlham Əliyev: Bizim üçün ən cəlbedici tərəfdaş Türkiyədir. Birincisi, çünki biz müttəfiqik və düşünürəm ki, Türkiyə və Azərbaycan arasında qarşılıqlı fəaliyyət təsəvvür oluna biləcək ən yüksək səviyyədədir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfəri bütün dünyaya Azərbaycanın gücünü, qüdrətini bir daha nümayiş etdirdi.  Vətən müharibəsi qəhrəman əsgər və zabitlərimizin yüksək qələbə əzmini, vətənpərvərliyini, xalqımızın milli birliyini, Azərbaycanın heç vaxt işğalla barışmadığını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü və tarxi ədaləti bərpa etmək əzmində olduğunu bir daha təsdiq etdi.

İkinci Qarabağ müharibəsində qardaş Türkiyə Cümhuriyyətinin Azərbaycana möhkəm dostluq mövqeyini gördük, güclü dəstəyini hiss etdik. Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənir. Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca önəmlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib.

Vətən müharibəsində Türkiyə Cümhuriyyətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın ən bariz nümunəsidir. Həmin dövrdə Türkiyənin dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Türkiyə bütün beynəlxalq təzyiqlərə sinə gərərək Azərbaycana qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bütün bunlar, Azərbaycan və Türkiyənin siyasi-hərbi rəhbərliyinin qarşılıqlı intensiv səfərləri Ermənistanda qorxu və vahimə yaratmaqla yanaşı, onun havadarlarına da siyasi baxımdan mesaj idi. Təcavüzkar ölkə və onun noxtasını əllərində saxlayan dairələr, Ermənistan vasitəsi ilə Cənubi Qafqazda öz çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr bir daha gördülər ki, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanındadır və onun maraqlarını sonadək müdafiə edəcək.

Ölkəmizin başçısı dəfələrlə bildirib ki, Türkiyə və Azərbaycan arasında bundan sonra da müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıq davam etdiriləcək. Dövlətimizin başçısı Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması ilə Türk Silahlı Qüvvələrinin Qarabağ bölgəsinə, Azərbaycan torpağına gəlməsini tarixi hadisə adlandırıb.

Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə bildirib ki, Türkiyə Azərbaycana İkinci Qarabağ müharibəsinin ilk günlərindən siyasi və mənəvi dəstək göstərən ölkə oldu: “İkinci Qarabağ müharibəsinin ilk günündən, ilk saatlarından Prezident Ərdoğan bəyanatla çıxış etdi və sonra dəfələrlə Azərbaycanı dəstəkləyən bəyanatlar verdi. Təəccüblü deyil ki, indi Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır. İşğaldan azad edilən Şuşa şəhərində ötən il iyunun 15-də müttəfiqlik barədə Şuşa Bəyannaməsi imzalanmışdır. Türkiyə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkə idi. Azərbaycan müstəqil dövlət kimi ən birinci addımlardan Türkiyə tərəfindən mənəvi dəstəyi hiss etdi. Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyard dollar, Türkiyə isə Azərbaycana 13 milyard dollar sərmayə qoyub. Podratçı kimi Türkiyə şirkətləri tərəfindən icra olunan çoxlu infrastruktur layihələri var. Təbii ki, mədəni yaxınlıq, dil yaxınlığı, etnik yaxınlıq- bunlar çox vacibdir. Bu, həmin bünövrədir ki, bizə bu münasibətləri misli görünməmiş səviyyəyə yüksəltməyə imkan verib”

Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər özünün ən qürurverici anlarını yaşayır. Bu iki qardaş ölkə şərəflə ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.