KÖŞƏ

Zahid Rza

Erməni faşizminin murdar siması

10 mart 2022 00:57
1224

İşğaldan qurtulmuş Qarabağın və Şərqi Zəngəzurun hər qarışı bu vəhşiliyə şahidlik edir

İkinci Qarabağ müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsi ilə təcavüzkar Ermənistanın 30 illik işğalına son qoyuldu. Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi bitdi. Azərbaycan dövləti qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurdu. Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi Qələbə regionda yeni reallıqlar yaratdı, ölkəmizin beynəlxalq aləmdə mövqeləri daha da möhkəmləndi.

Müzəffər Ali Baş Komandan, qətiyyətli sərkərdə İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi Zəfəri ilə torpaqlarımızı azad etməklə yanaşı, həm də barbar ermənilərin əsl simasını ortaya qoydu. Bütün dünya işğaldan azad edilmiş ərazilərdə ağlasığmaz erməni vandalizminin şahidi oldu. Beynəlxalq ictimaiyyət ilk dəfə yox edilmiş şəhər və kəndlərə, dağıdılmış qəbiristanlıqlara, təhqir edilmiş məscidlərə şahidlik etdi. Belə ki, müasir hərbi silahlarla bərabər, həm də təpədən dırnağa qədər nasizm, faşist ideologiyası ilə silahlanan Ermənistan ordusu 30 ilə yaxın müddətdə işğal altında saxladığı əraziləri talayıb, dağıdıb və məhv edib. Prezident İlham Əliyev Qarabağa növbəti səfərlərinin birində düşməndən təmizlənmiş ərazilərdəki müşahidələrini belə ifadə etmişdi: “Yol boyunca düşmənin dağıtdığı kəndləri görərkən bir daha şahidi oluruq ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəsmi “Instagram” səhifəsində azad olunmuş ərazilərə səfərdən paylaşdığı görüntülərdə dövlət başçısı bildirir: “Dırnaqarası “Arsax” dövləti cəhənnəmə getdi. Dövlət idisə, niyə daş-daş üstünə qoyulmayıb? Çünki bilirdilər ki, bu torpaq onların deyil. Bura Azərbaycanındır!”.

Qırx dörd günlük müharibə ərzində dünya bir daha erməni vandalizminin, erməni faşizminin şahidi oldu. 28 illik işğal dövründə bölgədəki bütün yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, qəbirlər və məscidlər, infrastruktur erməni barbarları tərəfindən tamamilə dağıdılıb. Bu müddətdə ulu əcdadlarımızdan bizə miras qalan tarixi, mədəni, memarlıq abidələrimiz və müqəddəs dini inanc yerlərimiz olan məscidlər, türbələr, qəbiristanlıqlar, dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarası, Tağlar mağarası və digər nadir maddi və mənəvi mədəniyyət nümunələri erməni vandalizminin qurbanına çevrilib. Bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarında çıxan nüfuzlu “Times of İsrael” qəzetində dərc olunmuş məqalənin müəllifi İsrael Baruk isə məqsədli şəkildə tarixi-mədəniyyət abidələrimizə qarşı vandalizm aktlarını törədən Ermənistanı “İraq-Şam İslam Dövləti” (İŞİD) terrorçu qruplaşması ilə müqayisə edərək yazırdı: “Ermənistan işğal edilmiş torpaqlarda azərbaycanlılara aid bütün izləri silməyə çalışaraq həmin rayonlarda bütün Azərbaycan toponimlərini, şəhərlərin və kəndlərin adlarını “erməniləşdirmək” siyasətini səylə tətbiq edir. İŞİD terrorçuları kimi, Ermənistan da tarixi faktları saxtalaşdırıb və ya məhv edərək yeni tarix yaratmağa çalışır. İŞİD tarixi yenidən yazmaq istədiyi kimi, erməni işğalçıları da bütün tarixi faktları təftiş etmək istəyirlər”.

Malayziyanın nüfuzlu “Utusan Malaysia” qəzetinin bu yaxınlarda Qarabağa səfərdən qayıtmış əməkdaşı Taqib Şaker “Azərbaycanın iki üzü” sərlövhəli məqaləsində bildirib ki, erməni işğalçılarının 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı Qarabağda törətdiyi vandalizm onda ermənilərə qarşı kəskin qəzəb hissi doğurdu. O buradakı mənzərənin yalnız müasir Suriya ilə müqayisə oluna biləcəyini qeyd edir. Bildirir ki, gördükləri yaşayış məntəqələri hətta Suriyadan da dəhşətli vəziyyətə salınmışdı. Vurğulayır ki, erməni işğalçılarının 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı Qarabağda törətdiyi vandalizm məndə onlara qarşı kəskin qəzəb hissi doğurdu. Buna qədər ermənilərin işğal altında saxladığı torpaqlarda törətdikləri vəhşiliklər barədə kifayət qədər məlumatlı olmadığını qeyd edir. Bütün evlərin, dini və tarixi abidələrin tamamilə məhv edildiyini malayziyalı oxucuların diqqətinə çatdırır.

Bu gün Azərbaycan dövləti təcavüzkar Ermənistanın mədəni-tarixi irsimizə, dini abidələrimizə vurduğu ziyanın dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli tədbirlər həyata keçirir. Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda çıxışları zamanı, xarici KİV-lərə müsahibələrində bu barədə ətraflı məlumatlar verir. Eləcə də Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə vacib layihələr həyata keçirir. Şübhəsiz, erməni vandallarının bu cinayətləri cavabsız qalmayacaq. Erməni faşistləri törətdikləri bütün cinayətlərə görə öz layiqli cəzalarını alacaqlar.