KÖŞƏ

Zahid Rza

Azərbaycan Ermənistanı yenidən oyundankənar vəziyyətə saldı

15 mart 2022 01:57
1213

İran İslam Respublikasının ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumu imzalanması bunun əyani təsdiqidir

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi, respublikamızın ərazi bütövlüyü bərpa olundu. İşğalçı Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur edildi. Müharibədən sonra Prezidentimizin ardıcıl, praqmatik və gərgin siyasi-diplomatik fəaliyyəti sayəsində Azərbaycanın milli maraqları qətiyyətlə təmin olundu.

Qırx dörd günlük müharibədə qazanılan tarixi Qələbə regionda tamamilə yeni reallıqlar yaratdı. Ölkəmizin başçısının qeyd etdiyi kimi, Cənubi Qafqazda yeni təhlükəsizlik formatı yaradıldı. Bu mənada 2020-ci il martın 11-də Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Bakıda keçirilən 15-ci iclasının yekununda iki ölkə arasında yeni sənədlər imzalanması diqqətçəkicidir. Müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən sənədlərdən biri də İran İslam Respublikasının ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumudur. 

Anlaşma Memorandumunun məqsədi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Sənədə əsasən, tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini öz öhdəsinə götürür. Tərəflərin qanunvericiliyi ilə müəyyənləşdiriləcək şirkət tərəfindən layihə sənədləri bir ay müddətində hazırlanacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılacaq. Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək. Həmçinin İran İslam Respublikasını Naxçıvan MR-in Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirəcək. Bu Anlaşma Memorandumu bütövlükdə regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq layihədir.

Yeri gəlmişkən, Ermənistan ilyarım ərzində Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətdi, müxtəlif bəhanələrlə, qəsdən onu əngəlləməyə çalışdı. Halbuki bu dəhlizin yaradılması iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın özü üçün olduqca mühüm əhəmiyyət kəsb edirdi. Zəngəzur dəhlizi ilə açılacaq nəqliyyat və enerji xətlərinin texniki əsaslandırılması hazırlandı, lakin Ermənistan üzərinə götürdüyü öhdəliklərə zidd olaraq onun reallaşmasını əngəlləmək məqsədilə müvafiq yer ayırmadı. Ermənistan rəhbərliyi elə zənn edirdi ki, belə bir kommunikasiya yalnız onun ərazisindən və onun icazəsi ilə yaradıla bilər. Əslində Ermənistan bu amili Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etməyi, ölkəmizin özündən asılı vəziyyətdə saxlamağı planlamışdı.

Təbii ki, yeni layihə ölkəmizə böyük iqtisadi dividendlər gətirməklə yanaşı, həm də Naxçıvanın blokadadan çıxmasında, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı əlaqələrinin yaradılmasında mühüm rol oynayacaq. Bu gün elektrik enerjisi ixracatçısı olan Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana, Türkiyəyə, daha geniş mənada Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazanacaq. Bu layihənin gerçəkləşməsində İranla Azərbaycan arasında dostluq, yaxın qonşuluq münasibətlərinin olması mühüm rol oynadı. Hazırda Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların getdiyi və Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq edildiyi, bununla bağlı Şərq-Qərb nəqliyyat-tranzit dəhlizlərinin Rusiyadan keçən seqmeninin məhdudlaşdığı dövrdə İran ərazisindən keçəcək yeni kommumikasiya bağlantısı mühüm əhəmiyyətə və böyük perspektivə malikdir. 

Ölkəmizin iqtisdadi inkişafında mühüm rol oynayacaq yeni iqtisadi layihənin gerçəkləşməsi tarixi hadisə, Azərbaycan diplomatiyasının mühüm qələbəsidir. Bütün bunlar bir daha deməyə əsas verir ki, iki ölkə arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında imzalanan Anlaşma Memorandumu Azərbaycanın geostrateji müstəvidə yeni qələbəsi, tarixi əhəmiyyətə malik hadisədir.