Vəli İlyasov |
Xankəndidəki “pullu iş yerlərini” bir müddət də əldə saxlamağa çalışan separatçılar düzəltdikləri oyuncaq qurumda yağlı vəzifə tutmaq üçün sirkdəki klounlar kimi hər oyundan çıxırlar. Bütün pulların Araik Arutyunyanın əlindən gəlib keçdiyini yaxşı bilən siyasiləşmiş don kixotlar onu kürsüsündən “aşırıb” quldurbaşı mövqeyini ələ keçirmək üçün ən müxtəlif hoqqalardan çıxırlar. Bir sözlə, Qarabağdakı separatçılar arasında quldurbaşılıq uğrunda mübarizə getdikcə qızışır.
İrəvanda nəşr olunan “Hraparak” qəzetinə istinadən xəbər verilir ki, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra separatçıların rəhbərliyindən gedəcəyinə söz vermiş Araik Arutyunyan vədinə xilaf çıxaraq tərəfdarlarına bildirib ki, “siyasətdən getməyəcək”. Araikin bu bəyanatı Qarabağ separatçıları arasında ona müxalif olanların kəskin narazılığı ilə qarşılanıb. “Hraparak” yazır ki, çox qələtlər qarışdıran Araik Arutyunyanın ətrafında çevrə yenidən daralıb, onu devirmək istəyən bədxahları hərəkətə keçiblər. Belə ki, əvvəllər uzun illər separatçılara rəhbərlik etmiş və külli miqdarda pulları rahatca həzm-rabedən keçirmiş və dişləri şirəyə batmış eks baş terrorçular Bako Saakyan və Arkadi Qukasyanın “şayka”larının yenidən fəaliyyətə keçdikləri bildirilir. Onların separatçılar arasında Araik Arutyunyana qarşı qüvvə formalaşdırdıqları barədə məlumatlar yayılır. Xankəndidə gedən oyunbazlıqları azacıq diqqətlə izləsək bu oyunların heç də əbəs olmadığı qənaətinə gələ bilərik. Bunu son günlər Araikin özü də etiraf etməli olub. Belə ki, baş terrorçunun ayaqları altında qazılan quyular dərinləşir və sayları gündən-günə çoxalır. Hətta iş o yerə çatıb ki, Araikin yeddi cangüdənindən ikisinin onun dəstəsinə casus kimi yerləşdirildiyi məlum olub. Bundan bərk qorxuya düşən Araik qardaşını, onun oğullarını və yaxın qohumlarını özünə cangüdən təyin etməli olub. Onun bu “mühafizə planı” ermənilər arasında istehzaya səbəb olub-Ara, bu öz canının hayındadır, bəs bizim canımızı necə qoruyacaq?-deyirlər. Ancaq Saakyan və Qukasyan bununla kifayətlənmir, opponentlərinə qarşı amansız hücum təşkil edirlər. Onlar Araik Arutyunyanı İkinci Qarabağ müharibəsində məğlubiyyətlərinin əsas günahkarlarından biri kimi ittiham edirlər. Arutyunyan isə “siyasətdə qalacağını” bəyan etməklə neçə ildir yığdığı yüz milyonlarla dolların haqq-hesabının çəkilməsindən canını qurtarmağa çalışır. Necə deyərlər, keçi can hayında, qəssab piy axtarır. Vaxtilə Ermənistan büdcəsindən və xarici ölkələrdən “Qarabağın abadlaşdırılması” adı ilə aldıqları yüz milyonlarla dolların aidiyyəti üzrə xərclənmədiyi məlum olandan sonra bu barədə suallar getdikcə artır. Fırıldaqlarının üstü açıldıqca Araikin əsl sifəti aşkara çıxır.
Bu yaxınlarda baş nazir Nikol Paşinyan parlamentin bir qrup deputatı ilə görüşdə əsəbi şəkildə bildirdi ki, təkcə Qubadlının abadlaşdırılması adı ilə xarici ölkələrdən milyonlarla dollar pul göndərilib. Siz isə yalnız Qubadlının adını dəyişib bir dəmir lövhəyə Sanasar yazmaqla işinizi bitmiş hesab etmisiniz. İndi baxın, görün ora Qubadlıdır, yoxsa Sanasar? Sonra Paşinyan onları azərbaycanca “talançılar” adlandırıb.
Azərbaycan Ordusu işğal altında olan torpaqları azad edəndən sonra bütün dünya gördü ki, ermənilər həm Azərbaycan torpaqlarını, həm də Ermənistan büdcəsini necə talayıblar. Otuz ildə talanmış milyardlarla dollar pulun müqabilində isə yalnız şəhər və kəndlərin xarabalıqları qalıb.
Təbii ki, həmin talançıların başçılarından biri Araik Arutyunyan və indi quyruğu qapı arasında qalan digər yanlardır. Bütün çabalamaları da açıqca onu göstərir ki, Araik və onun ətrafı quyrudlarını getdikcə sıxmaqda olan qapının arasından çıxarmağa çalışırlar. Dovşan rolunun ifaçısı Araik Arutyunyan tülkü və çaqqalın-Bako və Arkaşanın tələlərindən yayınmağa can atır. Bacaracaqmı? Bunu yaxın gələcək göstərəcək.