KÖŞƏ

Zahid Rza

Əli Kərimlinin xəyanəti yenə kök vurub, gül açır…

29 mart 2022 02:17
1744

AXCP sədri Əli Kərimlinin mayası xəyanətlə yoğrulub. Bir vaxtlar Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) komsomol təşkilatı katibi olan Ə.Kərimli elə o illərdə bu təhsil müəssisəsində yaradılan “Yurd” təşkilatının rəhbərliyinə gətirildi. Qısa müddət ərzində xüsusi xidmət orqanları tərəfindən onun pafoslu təbliğatı aparıldı. Ə.Kərimlinin saxta “demokrat” obrazı yaradıldıqdan sonra Azərbaycan Xalq Cəbhəsinə yeridildi. Həmin gündən etibarən AXC-də təfriqələr, intriqalar və xəyanətlər başladı. AXC-Müsavat tandeminin birillik hakimiyyəti dövründə dövlət idarəçiliyində yüksək postda təmsil olunan Ə.Kərimli baş verən bütün xəyanətlərdə və uğursuzluqlarda öz rolunu məharətlə oynadı. Keçmiş dövlət başçısı, AXC-nin sədri mərhum Əbülfəz Elçibəy müsahibələrində bunu dəfələrlə vurğulamışdı. Ə.Elçibəy deyirdi ki, Ə.Kərimlinin bir əli mənim cibimdə, digər əli isə başqalarının cibindədir. Ə.Kərimli nəinki el malına, respublikanın var-dövlətinə xain gözlə baxmış, o hətta ona çörək vermiş, vəzifə sahibi etmiş öz lideri Ə.Elçibəyə də xəyanət etmişdi. Ə.Elçibəy Kələkidə olarkən Ə.Kərimli “cəbhə”nin idarəçiliyini ələ almış, inhisarında olan qəzetlərin muzdlu mirzələrinə onun barəsində dilə gətirilməsi mümkün olmayan təhqirlər yazdırmışdı.

Təbii ki, xəyanətin, satqınlığın bir bumeranq effekti var. Yəni, xəyanət edən özü də əməllərinin bədəlini ödəmiş olur.  Bu günlərdə Xocalı rayonunun Fərrux kəndinin Azərbaycanın tam nəzarəti altına keçməsi ilə bağlı Ə.Kərimlinin öz  “Facebook” səhifəsində paylaşdığı statusa soydaşlarımızın ciddi etiraz bildirməsi bunun əyani təsdiqidir. Ə.Kərimli yazır: “Rusiya Müdafiə Nazirliyi açıqlama verib ki, Azərbaycan tərəfilə danışdıq (yəni onları başa saldıq), hərbçilərini Fərrux kəndindən geri çəkdilər. Rusiyanın bir acıqlı bəyanatı ilə hərbçilərimizi Fərrux kəndindən geri çəkəcəkdinizsə, daha bu qədər hay-küyə nə ehtiyac var idi? Neçə dəfə dedik ki, arxasında dura bilməyəcəyiniz sözləri danışmayın, ya da dediyiniz sözün, atdığınız addımın arxasında durmağı öyrənin, nəhayət. Özünüz heç, millətin heysiyyatı ilə oynayırsız”.

Xəyanətkar, erməni lobbisi ilə işbirliyində olan bəzi beynəlxalq təşkilatların qrantları ilə bəslənən, Fərrux kəndində Azərbaycan bayrağının dalğalanmasından narahat olan AXCP sədrinin bu antimilli mövqeyindən qəzəblənən vətəndaşlarımız onun statusuna şərhlər yazaraq sərt şəkildə qınayıblar. Məhz bundan sonra Ə.Kərimli öz statusuna tələm-tələsik əlavələr edib: “Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayaraq (açıqlama şərh bölümündə), Rusiya Müdafiə Nazirliyini təkzib edib. Bildirib ki, Fərrux kəndi və digər yüksəkliklər ordumuzun nəzarətindədir. Təki dediyi doğru olsun”.

Göründüyü kimi, Əli Kərimlinin “siyasi” fəaliyyəti Azərbaycana qarşı yönəlib. Şübhəsiz, cəmiyyətimiz AXCP sədri Ə.Kərimlinin xəyanətkar əməllərindən xəbərdardır. Öz liderinə xəyanət edən, onun haqqında muzdlu mirzələrinə min cür hədyan və təhqir yazdıran bir adamdan bundan artıq nə gözləmək olar? Ə.Kərimli kimi siyasətbazlar hər fürsətdə çalışıblar ki, öz ağalarının sifarişlərini yerinə yetirərək ictimai rəyi çaşdırsınlar, milli birliyimizə zərbə vursunlar.

Təbii ki, AXCP sədri Ə.Kərimlinin xəyanətlərini sadalamaqla bitməz. Təəssüf ki, bu şəxs tarixin ibrət dərslərindən nəticə çıxarıb bu cür xəyanətkar əməllərindən hələ də əl çəkmir.