Xalq arasında dağdağanı bədnəzərdən qoruyan bitki kimi tanıyırlar. Lakin dağdağanın bizim bilmədiyimiz bir çox faydalı xüsusiyyətləri vardır. Dağdağanın Azərbaycan və Naxçıvan Muxtar Respublikası florasında 3 növü yayılmışdır. Türkiyədə bu bitkiyə Karaağaç, çitlenbik ağacı, ahlat ağacı da deyilir.
Dağdağan ağacı dağda və qayalarda bitir. Ağac dağ və qayaların səthini parçalayıb, yarıb çıxdığına görə ona dağ dağıdan da deyirlər. Ağacın kökləri çox dərinə getdiyinə görə quraq yerlərdə uzun müddət susuz yaşaya bilir. Dağdağan ağacı müqqədəs hesab edilir. Balakən rayonunun Katex kəndi ərazisindən keçən magistral yolun kənarında bitən, yaşı min yüz ildən artıq olan dağdağan ağacına bu gün də inam və etiqad edirlər. Yerli əhali ilə yanaşı, başqa bölgələrdən də bu ağaca niyyət edib, ziyarətə gələnlər vardır. Bədnəzərdən qorumaq üçün budaqlarından düzəldilən təsbeh və muncuqlar uşaqların boğazından asılır və ya qollarına taxılır.
Yunan coğrafiyaçısı Strabonun əsərlərində qeyd olunur ki, Albanlar dağdağan ağacını müqqədəs hesab edirlər. Aya inam dövründə onlar güman edirdilər ki, ayın kosmik enerjisini dağdağan ağacı udur və bu da insanlardakı mənfi enerjiyə müsbət təsir göstərir. Ona görə də onlar xəstələri dağdağan ağacının yanına gətirir və ağacdan şəfa diləyirdilər.
Dağdağan ağacının meyvələri mərciməkdən böyük olur. İlk vaxtlarda meyvəsi dadsız, yetişdikdən sonra isə çox ləzzətli və ətli olur. Meyvəsi, yarpaqları, toxumları tibbdə istifadə edilir. Bitki E və B qrupu vitaminlərlə zəngindir. Tərkibində kalsium, natrium, maqnezium, fosfor, sink, manqan və.s minerallar vardır.
Yaraların sağalmasına, böyrək qumlarının tökülməsinə köməklik edir, sidikqovucudur. Ağızdan axan suları kəsir, iştah artırır. Dalaq üçün faydalıdır, ayaq tərləməsini azaldır. Dağdağan ağrıkəsici təsirə malikdir. Mədədəki ağrıları sakitləşdirir. Bitkinin toxumları əzilib, süzmə çiçək balı ilə qarışdırılır, alınan məcun hər gün sabah ac qarnına bir çay qaşığı qəbul edilir. Bu qarışım tezliklə mədə ağrılarını zəiflədir və yox edir.
Öskürək və bronxitin müalicəsində də toxumları balla qatılaraq yeyilir. Həmçinin bitkinin yarpaqları suda qaynadılıb bala qatılaraq qəbul edildikdə yaxşı təsir göstərir. Dağdağanın yarpaq və meyvə qarışımından ishal və dezinteriyanın müalicəsində istifadə edilir.
Dağdağanın iştahaçıcı təsiri böyükdür. Bunun üçün hər gün bir çay qaşığı toxumu əzib süzmə bal ilə birlikdə qarıştıraraq ac qarnına gündə bir dəfə yeyilməsi məsləhətdir. Çəkisi az olan insanlar dağdağanın yarpaqlarını qərənfil və darçınla suda bir qədər qaynadaraq yeməkdən sonra çay şəklində qəbulu etdikdə qısa bir zamanda çəki alırlar.
Yapraqlarını saf su ilə 15-20 qaynadıb, alınan suyu saça masaj etdikdə saç rəngini olduqca tündləşdirir. Bu üsuldan əsasən saç boyası istifadə etməyən, təbii rəng almaq istəyən qadınlar istifadə edə bilər.
Dağdağanın toxumlarını və saqqızını əzərək məcun halına gələnə qədər qarışdırılaraq yaraların müalicəsində istifadə edirlər. Bu məlhəmi yara olan hissəyə gündə 3-4 dəfə sürtdükdə yara tez bir zamanda qapanır və izi qalmır.
“Çinin tibbi bilikləri” kitabına görə dağdağan ağır menstrual və uşaqlıq qanaxmalarının müalicəsində işlədilir. Amerika əhalisi boğaz ağrısının, dəri-zöhrəvi xəstəliklərinin müalicəsində dağdağan ağacının qabığından istifadə edirlər. Misirli elm adamları dağdağan yarpaqlarının tərkibində antioksidant və sitotoksik maddələr olduğunu müəyyən etmişlər. Həmçinin dağdağan yarpaqların yaşlanmaya qarşı və xərçəng xəstəliyinin qarşısını almaq xüsusiyyəti olduğunu göstərmişlər.
Erroziya əleyhinə tətbiq edilən qiymətli bitkidir. İntroduksiya edilən növləri vardır. Odunacağı qiymətlidir, quraq iqlim rayonlarının yaşıllaşdırılmasında istifadə edilən faydalı bitkidir. Gövdəsi bərk olduğundan ət döymək üçün toxmaq hazırlayırlar.
Dağdağan ağacı Naxçıvan Muxtar Respublikası florasında Babək rayonun Əshabi-Kəhf dağında, Culfa rayonun Dərəşam ərazisində və Ordubad rayonun Gənzə kəndi ətrafında yayılmışdır. Məhdud ərazidə tək-tək bitdiyindən bitkinin ehtiyatı azdır. Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitabı”na daxil edilmişdir. Hazırda dağdağan ağacı AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Nabatat bağında becərilir.
Zülfiyyə Salayeva,
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutu,
Biologiya üzrə fəlsəfə doktoru, dosent