KÖŞƏ

Zahid Rza

12 aprel 2022 02:15
1451

Böyük Qayıdış: Əzm, iradə, birlik və həmrəylik

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  qəhrəman ordumuz qırx dörd günlük Vətən müharibəsində otuz il ərzində Azərbaycanın ayrılmaz parçası olan Qarabağı işğal altında saxlayan təcavüzkar Ermənistanı diz çökdürdü. Torpaqlarımız işğaldan azad olundu.

Müharibədən dərhal sonra azad olunmuş torpaqlarda sosial-iqtisadi inkişaf, abadlıq və quruculuq işlərinin yüksək səviyyədə icrasına başlanıldı.  Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağa və Şərqi Zəngəzura davamlı səfərləri zamanı həyata keçirilən təməlqoyma və açılış mərasimləri, reallaşdırılan digər layihələr bunu deməyə əsas verir. Bu gün düşməndən azad edilən torpaqlarda minatəmizləmə əməliyyatları ilə paralel olaraq əsas infrastruktur layihələri sürətlə reallaşdırılır. Sosial iqtisadi infrastrukturun formalaşdırılması, yolların çəkilməsi, elektrik enerjisi, qaz, su təchizatı ilə bağlı layihələr həyata keçirilir. “Qarabağ Dirçəliş Fondu”nun yaradılması,  fərqli mənbələrdən vəsaitlərin bu prosesə cəlb edilməsi, xarici sahibkarlıq subyektləri və investorlar ilə aparılan müzakirələr,  onların müəyyən mərhələlərdə bu prosesə cəlb edilməsi Qarabağın gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

 2021-ci il işğaldan azad edilmiş ərazilərdə icra edilən layihələrin başa çatdırılması ilə əlamətdar oldu. Güləbird Su-Elektrik Stansiyasının, 7 yarımstansiyanın, Suqovuşan və Talışa gedən yolların istifadəyə verilməsi, Şuşanın su və elektrik təchizatının təmin edilməsi, Bülbülün ev-muzeyinin, Molla Pənah Vaqifin məqbərəsinin, o cümlədən büstünün, Üzeyir bəy Hacıbəylinin heykəlinin,  “Xarıbülbül” və “Qarabağ” hotellərinin açılışı bunun əyani təsdiqidir. Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı kimi nəhəng və möhtəşəm layihələrin tam başa çatdırılması Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi.

Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir vəsilə olacaq. Azad edilmiş torpaqlarda iqtisadi fəaliyyətin təşkili işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu İqtisadi məsələlər üzrə İşçi Qrup əmlakın inventarlaşdırılması, işğaldan əvvəl mövcud olan xəritələrin vektorlaşdırılması, habelə iqtisadi fəallığın dəstəklənməsi kimi proseslər üzərində işləyir.

Prezidentimiz ölkədə iqtisadi islahatların sürətləndirilməsi ilə yanaşı, işğaldan azad olunan ərazilərimizə Böyük Qayıdışın ən yüksək səviyyədə təmin edilməsi üçün bu torpaqlarda bütün dünyanı heyrətə gətirən layihələr reallaşdırır. Dövlətimizin başçısının imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmandakı yeni bölgüyə 14 iqtisadi rayon sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da adlarının salınması, kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm addımlar atılması da düşməndən təmizlənən torpaqların tezliklə yeni görkəm alacağından xəbər verir. Artıq Qarabağ və Şərqi Zəngəzurda işğalçının dağıtdığı, xaraba qoyduğu yaşayış sahələrində genişmiqyaslı bərpa-quruculuq işləri uğurla davam edir, bütün torpaqlar­da həyat bərpa olunur. Hazırda bu ərazilərdə infrastrukturun yaradılması, vaxtilə mövcud olan magistralların yenidən qurulması və yeni yolların çəkilməsi mühüm önəm da­şıyır. Çünki bu sahənin inkişafı şəhər və kəndlərin salınmasını, məskunlaşmanın gerçəkləşdirilməsini sürətləndirir.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı layihələrin icrası davam edir. Bu gün həmin bölgədə bərpasında prioritet istiqamətlərdən biri də yol infrastrukturunun bərpasıdır. Belə ki, Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Xudafərin-Qubadlı, Laçın, Qubadlı-Eyvazlı, Füzuli-Ağdam  yolları ən müasir standartlar səviyyəsində inşa olunur.

İnkarolunmaz həqiqətdir ki, hazırda Azərbaycan heç bir xarici maliyyə almadan, özünün güclü iqtisadi qüdrəti və maliyyə ehtiyatları hesabına Qarabağda geniş quruculuq işlərini uğurla davam etdirir. Respublikamız 2022-ci il ərzində nəzərdə tutulan bütün iqtisadi-sosial hədəflərini, bütün regionlarda nəqliyyat və sosial infrastrukturların yenidən qurulmasını ardıcıl davam etdirməklə bərabər, Qarabağda iri nəqliyyat kommunikasiyalarının, beynəlxalq tipli qovşaqların icra olunmasında heç bir maliyyə çatışmazlığı ilə üzləşmir, əksinə, artan strateji valyuta ehtiyatları hesabına bu nəhəng quruculuğun miqyasını daha da genişləndirir.

Zahid Rza, “İki sahil”