KÖŞƏ

Mahir Rəsuloğlu

Baltalarımız kəsərli olmasın!..

28 aprel 2022 22:51
675

Künc zərbəsi

Əgər özümüzə, ömrümüzə zərbə endirmək, insanların taleyinə “balta çalmaq” üçün işlədəcəyiksə...

Demək olar ki, hər gün səhər açılar-açılmaz xəbər saytlarını “bəzəyən” qara, iri şriftli qətl xəbərləri bu qədərmi adiləşib hamımız üçün? Niyə insanımız uzağını-yaxınını, yadını-doğmasını baltalyacaq, qanına susayacaq qədər qəddarlaşıb? Nə baş verir, cənablar?

Hadisələrin davamlılığına və səmtinə görə narahatam, bu gedişatın gətirdiyi və daha da gətirə biləcəyi, get-gedə artan sonuclardan qorxuram! Hələ bir statistikaya baxın – təkcə dünən ikisi “baltalama” olmaqla dörd ağır cinayət xəbəri oxudum. Dördü də bir-birindən dəhşətli!

...Cəlilabad Rayon Prokurorluğunun məlumatında bildirilir ki, aprelin 27-də rayonun Qarazəncir kənd sakini Çingiz Bayramov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı balta ilə həmkəndlisi Cəmil Bayramovun baş və kürək nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.

...Quba rayonunda ailə dramı yaşanıb. Bir insanın həyatına son qoyulması ilə nəticələnə biləcək hadisə törədilib və bu dəfə də cinayət aləti kimi baltadan istifadə olunub. Bir neçə gün əvvəl rayonun Səbətlər kənd sakini Elşən Muradov qayınanasına məxsus evə gələrək balta ilə keçmiş həyat yoldaşı Gülnar Muradovanın baş nahiyəsinə 2 dəfə zərbə endirib. Qadın yerə yıxıldıqdan sonra isə əlləri ilə onu boğmaq istəyib. Bu zaman qızı Ayşən stəkanla atasının başına vurduğundan E.Muradov cinayət əməlini başa çatdıra bilməyib.

...Laçın rayonunun Fingə kənd sakini Əşrəf İsmayılov aldığı xəsarətlər nəticəsində aprelin 26-da xəstəxanada dünyasını dəyişib! Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qardaşı oğlu Bahadur İsmayılov dırmıqla əmisinin baş nahiyəsinə zərbələr endirib və nəticədə o, almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

...Və nəhayət, daha bir qanlı cinayət. Salyan rayonunda kişi keçmiş kürəkənini qətlə yetirib. Aprelin 25-də rayonun Təzəkənd kəndinin sakini Məlikağa Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı keçmiş kürəkəni Faiq Məlikova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

O qədər sakit, soyuqqanlılıqla yazır və oxuyuruq ki bu xəbərləri, sanki söhbət bütün yaradılışların əşrəfi olan insanın yarımçıq qırılan ömründən, bəzən bir nəfərin deyil, bir ailənin, bir nəslin “balta çalınan”, qaralan taleyindən getmir. Sanki bu xəbərlərin içində hər birimizin timsalında cəmiyyətimizi ciddi narahat etməli olan heç nə yoxdur! Elə bil Saxara canlılarının yemək və yaşamaq uğrunda qanlı savaşlarının nümayiş etdirildiyi bəlgəsəli izləmək üçün çayımızdan qurtumlaya-qurtumlaya ekran qarşısında əyləşmişik. Heç nə baş verməmiş kimi...

Əlbəttə, insan özünü tanıyandan, yəni, tarixin bütün dönəmlərində bu bapbalaca Yer kürəsinin hər yerində cinayətlər baş verib, qətllər törədilib. Ancaq heç vaxt indiki qədər adiləşməyib insan həyatı!

Bəlkə bu sayaq qara xəbərləri həm saytlarda, həm çap mətbuatında, həm də sosial şəbəkələrdə yaymaqda, kütləviləşdirməkdə səhv edirik? Bəlkə belə daha çox insanların şüuraltına mənfi kodlar yüklənir? Bəlkə problemin kökündə yenə də sosial şəbəkələr, kriminal xarakterli film və seriallar dayanır? Bu bəlkələri kifayət qədər sadalamaq olar və yəqin ki, qorxunc nəticələrə aparan səbəblər hansınınsa içində gizlənib. Deməli, mütləq SOS siqnalı vermək lazımdır! Həkimlər, sosioloqlar, psixoloqlar, nə bilim daha nə “oloqlar” narahat olsunlar, araşdırsınlar, çıxış yolu tapsınlar, tədbir görsünlər deyə. Təcili, bir an belə gecikmədən. Yoxsa, bu gözəlim məmləkətin sadə, səmimi, istiqanlı, mehriban, ürəyitəmiz insanı hər keçən gün özündən, dəyərlərimizdən daha bir az uzaqlaşa bilər!

Cavid Əkbərov
Siyasi tullantı
Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?