KÖŞƏ

Vəli İlyasov

Qisas qiyamətə qalmadı...

27 may 2022 02:37
1175

Ermənilər pırnı-pırnıda...

“Azərbaycan Ermənistandan Xocalı soyqırımında iştirak edən erməni komandirlərin cəzalandırılmasını tələb edir.”

Bu barədə Ermənistanda çıxan “Hraparak” nəşri mənbələrinə istinadən yazıb. İddiaya görə, 44 günlük müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqların əsas məqamlarından biri də Xocalı ilə bağlıdır. “Əliyev Xocalı qırğınında iştirak edən erməni komandirlərdən müxtəlif yollarla intiqam alır. 44 günlük müharibədə əsas hədəflərdən biri də məhz həmin komandirlər idi. Bununla yanaşı, Əliyev Paşinyandan Xocalı qətliamında iştirak edən komandirlərin adlarını və digər təfərrüatları tələb edir. Əsas tələb odur ki, həmin şəxslər bu və ya digər formada cəzalandırılmalıdır. Hərbi kulislərdə gəzən məlumatlara görə, Paşinyan hakimiyyətinin bu komandirləri cəzalandırması da Bakının tələbinin yerinə yetirilməsidir”, - nəşrə danışan mənbə iddia edib.

“Hraparak” nəşrinin revanşist qüvvələrə yaxın olduğunu nəzərə alsaq, bunu Paşinyan hakimiyyətinə qarşı iddia hesab etmək olar. Lakin o da həqiqətdir ki, Vətən müharibəsində 30 illik işğala son qoyan Azərbaycan Birinci Qarabağ müharibəsində ermənilərin törətdikləri vandalizmin nəticələrinə qarşı da bir neçə istiqamətdə işləyir: 

- itkin düşmüş 4 min azərbaycanlının taleyinə aydınlıq gətirilməsi tələbini danışıqlar masasının əsas şərtləri sırasına daxil edib;

- erməni vandalizminə hüquqi müstəvidə qiymət verilməsi məqsədilə beynəlxalq səviyyədə addımlar atılır.

Şübhəsiz ki, Xocalı soyqırımını törədənlərə qarşı qisas əməliyyatının davam etdirilməsi də əsas hədəflərdən biridir. Prezident İlham Əliyevin “sülh əldə olunsa belə, bizə qarşı törədilən vəhşilikləri unutmayacağıq” sözləri bu gözləntini gücləndirir. 

Bəs necə olmalı idi ki!? Günahsız insanları vəhşiliklə qıranlara, kəndləri, şəhərləri yandıranlara, təbii sərvətlərimizi talan edib Ermənistana daşıyanlara gül bağışlayacaqdıq bəlkə!? Onlara əsla əfv yoxdur və ola da bilməz, qatillər axıtdıqları qanlara görə ən ağır cəzalara məruz qoyulmalıdırlar. Komandiri olduğu batalyonu ilə Xocalıda insanları tankının tırtılları altında əzib torpağa qarışdıran Seyran Ohanyanı, xocalıları qırmaqla Avropada öyünən Serjik Sarkisyanı, general Yuri Xacaturovu, azyaşlı uşağın damarını kəsib qanının axıb qurtarması ilə qətlə yetirən, sonra da bundan məmnunluqla danışan bədnam cəllad yazıçı Zori Balayanı və başqalarını bağışlamaq olarmı? Əlbəttə, yox!

Sonda sülh sazişi, barışıq, yaxud kapitulyasiya ilə başa çatan müharibələrdə qisas əməliyyatının davam etdirilməsi presedentləri mövcuddur. Tarixi Nürnberq məhkəməsi buna ən bariz nümunədir. Həmin beynəlxalq məhkəmənin hökmünə görə, digər millətləri amansızlıqla məhv edən, o cümlədən, yəhudi soyqırımını törədən nasistlərin bir çoxu müharibədən sonra qaçıb xarici ölkələrdə gizlənməyə çalışsa da, onların bir-bir müəyyən edilməsi və cəzalandırılması əməliyyatı onilliklər boyunca davam etdi. Bir çoxları adını, soyadını belə dəyişsə də ifşa edilib cəzalandırıldılar. İndi də barəsində cəza təyin edilmiş hər hansı bir nasist dünyanın hansı guşəsində müəyyən edilərsə, dərhal tutulub haqq divanına təhvil veriləcəkdir. Təbii ki,  milyonlarla insanın güllələnməsinə, qaz kameralarında boğulmasına, şəxsiyyətinin alçaldılmasına və təhqir edilməsinə, işgəncələrə məruz qoyulmalarına, aclıqdan və insanlıqdan uzaq vəhşi üsullarla öldürülməsinə göz yummaq olmazdı.

Azərbaycan da Ermənistanla sülh sazişinin imzalanmasına nail olmaqla yanaşı, XX əsrin ən dəhşətli soyqırımılarından olan Xocalını unutmur və erməni nasistlərə qarşı qisas əməliyyatını sonraya saxlamır. Çünki biz iyirmi səkkiz il Xocalı soyqırımının dəhşətlərini yaşamış, orada qətlə yetirilənlərin qisas gününü gözləmişik. Yaramızı göynədən tikan çıxarılmalı idi. Ona görə də 44 günlük müharibədə bu əməliyyata start verildiyini söyləyə bilərik. O müharibədə bir neçə Xocalı cəlladı günahını öz murdar qanı ilə yumalı oldu. Müharibədən sonra da Xocalıda azərbaycanlılara qarşı görünməmiş qətliam törətmiş bəzi yüksək rütbəli erməni komandirləri məhəlli atışmalarda məhv edildilər. Ancaq uşaqları atasız, evləri başsız qoymuş canilərin bir çoxu azadlıqda gəzir və firavan həyat sürür.

Bundan sonra da Xocalı cəlladlarının adlarının müəyyən edilməsi, onların beynəlxalq məhkəmələr qarşısına çıxarılması istiqamətində işləməklə yanaşı, Ermənistan hakimiyyəti qarşısında bu və ya digər formada cəzalandırılması tələbinin qoyulduğu da istisna deyil. Bu cəlladların və onların bağlı olduğu klanın Nikol Paşinyan hakimiyyətinə və Ermənistanın gələcəyinə təhlükə olduğunu nəzərə alsaq, Bakının belə bir tələbinin İrəvan tərəfindən ən azı düşünməyə məcbur qaldığı məsələ olduğunu deyə bilərik. Müharibə caniləri, kütləvi qırğınları təşkil edənlər qətlin, işgəncənin, insanlığa qarşı cinayətin ağrılarını konkret olaraq öz cismlərində yaşamalı, ömürləri boyu vicdan əzabı çəkməlidirlər. Bax, onda haqq-ədalət zəfər çalacaq, Xocalı qurbanlarının müqəddəs ruhları şad olacaq.