Vəli İlyasov |
Həqiqətləri görən UNESCO isə müəmmalı şəkildə susmaqda davam edir
ABŞ Dövlət Departamentinin dini etiqad azadlığı ilə bağlı 2021-ci il üçün illik hesabatının Ermənistana aid hissəsində açıq mətnlə bildirilir ki, Ermənistan silahlı qüvvələri 28 il müddətində işğal altında saxladığı Azərbaycan ərazilərində "yanmış torpaq" siyasəti və təcavüz aktları həyata keçiriblər. Onlar müharibələrdən həm əvvəl, həm də sonra kəndlərimizi, şəhərlərimizi, ümumiyyətlə, bütün yaşayış məntəqələrimizi dağıdıb yandırmışlar. Bununla da Azərbaycan mədəniyyətinə, dininə, tarixinə, ekologiyasına aid nə varsa hamısı məhv edilib. Əvvəlcədən onu qeyd edək ki, bu hesabatda Ermənistan ərazisindəki abidələrimizin dağıdılıb məhv edilməsi və ya erməniləşdirilməsi barədə məlumat verilməyib. Hesabatda yalnız Qarabağ və ona yaxın erməni işğalı altında qalan rayonlarımızdakı vandalizm təzahürlərindən faktlar gətirilir.
Nəhayət, rəsmi Vaşinqton gec də olsa Avropada yanlış məlumat yayanlara cavab olaraq beynəlxalq aləmə çatdırdı ki, əksinə, Qarabağda dini abidələri məhv edilən varsa, o da azərbaycanlılardır. İşğal illərində 67 məscidin 65-ni dağıdan, ibadət evində donuz saxlayan, Allah evlərini fermaya çevirən ermənilər üçün avropalı deputatlar göz yaşı tökərkən Birləşmiş Ştatlardan onlara şillə kimi cavab gəldi.
Bəli, ABŞ Dövlət Departamentinin 2021-ci il üzrə dünyada dini etiqad azadlığının vəziyyətinə dair hesabatında qeyd olunub ki, sentyabrın 27-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələri” adlı qətnaməsi qəbul edilib. Bildirilib ki, assambleya Ermənistanın məsuliyyət daşıdığı dağıntıları və zərərləri, xüsusilə də Ağdam və Füzuli rayonlarının ötən 30 il ərzində total şəkildə dağıdılması və qarət olunmasını, mədəni irsin dəyişdirilməsini qınayıb. Hesabatda qeyd olunub ki, təxminən 400 min azərbaycanlıya məxsus çox sayda məscid, ziyarətgah, məzarlıq daxil olmaqla, yüzlərlə dini irs abidəsi qarət olunub, vandalizmə məruz qalıb, murdarlanıb və ya dağıdılıb.
Vurğulanıb ki, professional imzası “REZA” olan beynəlxalq jurnalist Reza Deqati Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda azərbaycanlılara məxsus yüzlərlə məzarlığın sistematik şəkildə dağıdılmasını sənədləşdirib. "Uzun sürən münaqişə regionun mədəni irsinə dağıdıcı təsir göstərib", - hesabatda vurğulanır. Qeyd olunur ki, Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda onlarla azərbaycanlı qəbiristanlıqlarının sistemli şəkildə dağıdılması mötəbər faktlarla əks etdirilib. Qəbirlər təhqir olunub, onların ağır tikinti texnikası ilə dağıdılması, qəbir daşlarının zədələnməsi, insan qalıqların ekshumasiyası izləri aşkar edilib.
Hesabatda bildirilir ki, azərbaycanlıların qəbirlərindəki cənazə qalıqları qızıl dişlərin çıxarılması məqsədilə ekshumasiya edilib, bundan sonra kəllə və meyitlərin sümükləri qəbiristanlıq boyunca səpələnib.
Hesabatda vurğulanır ki, bütün bunların əksinə olaraq erməni qəbiristanlıqları toxunulmaz qalıb. Həmçinin qeyd olunur ki, Azərbaycan ərazilərinin işğal dövründə genişmiqyaslı minalanması şəhər və kəndlərdəki yüzlərlə dini məkanın böyük əksəriyyətinə girişi mümkünsüz edib. Vandalizmə məruz qalan mühüm dini obyektlər sırasına Füzuli rayonundakı XIX əsrə aid dağıdılmış Hacı Ələkbər məscidi və erməni dilində qraffiti ilə təhqir olunmuş, mehrabı (divarda Məkkə istiqamətini göstərən oval oyuq) güllələnmiş Ağdamdakı Cümə məscidi və Şuşada dağıdılmış Yuxarı və Aşağı Gövhər ağa məscidləri daxildir. Azərbaycanın böyük musiqi xadimləri Üzeyir Hacıbəylinin, Bülbülün və şairə Natəvanın büstləri güllələnənlər sırasındadır. Ağdamdakı bütün qəbiristanlıqlar təhqir edilib, talan edilərək dağıdılıb. Onların arasında qədim tarixə malik olan İmarət Qərvənd qəbiristanlığında keçmiş yüzilliklərə aid müqəddəs tarixi məzarlar, Qarabağ xanlığının tanınmış əyanlarının qəbirləri, şəhər Şəhidlər xiyabanı da var. Şəhidlər xiyabanını ziyarət edən Qərb diplomatları qazılmış və təhqir olunmuş məzarları gördüklərini bildiriblər.
Nəhayət, ABŞ Dövlət Departamentindən ölkəmizə aid əsl həqiqəti çatdıran sənəd və münasibəti gördük. Bizim üçün sevindirici odur ki, bu sənəddə ikili standartlardan uzaq əsl həqiqətlər öz əksini tapıb. Görünür, Ağ evdə daha xoş üz görməyən ermənilər bu dəfə Dövlət Departamentinə heç "pişik yolu" da tapa bilməyiblər. Ermənipərəst konqresmenlər və senatorlar cınqır çıxarmağı bacarmayıblar. Haqq nazilər, amma üzülməz,-deyiblər.
Amma çox qəribədir ki, ABŞ Dövlət Departamenti Azərbaycan həqiqətlərini açıq şəkildə müdafiə etdiyi halda UNESCO kimi böyük beynəlxalq qurum susmaqda davam edir. Əslində UNESCO hələ 1992-1994-cü illərdə səsini qaldırmalı, təcavüzkar Ermənistanı dayandırmağa çağırmalı, təcavüz olunanın yanında durmalı olduğu halda otuz il susub durdu. Keçən illər ərzində ermənilərin bizim milli musiqilərimizi, qədim musiqi alətlərimizi, dini və tarixi abidələrimizi özlərininki kimi təqdim etmələrinə göz yuman bu beynəlxalq təşkilat özünü kar və kor yerinə qoydu. İndi də onun kölgəsi Ermənistanın arxasında görünməkdədir. Elə olmasa otuz ildir Azərbaycanın dağıdılan mədəni irsinə seyrçi münasibətdə qalmazdı.
Biz gözləyirik və ümidvarıq ki, UNESCO da nəhayət, reallıqları görəcək, haqq yoluna gələcək. Bu beynəlxalq qurum Azərbaycanın pozulmuş hüquqlarının bərpasına çalışacaq, onun dini, milli-mədəni irsinə, varidatına vurulmuş ziyanın qaytarlmasına təşəbbüs göstərəcək və bizim suallarımıza təcavüzkar Ermənistandan cavab tələb edəcək.