Prezident İlham Əliyevin bu günlərdə təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilədək 30 faizə çatdırılacağı hədəflənir
Bərpaolunan enerjilərə nisbətən bərpaolunmayan mənbələr qazıntı-yanacaq növləri, nüvə və nüvə-istilik enerjisi ətraf mühitin əlavə olaraq istiləşməsinə, çirklənməsinə, atmosferdə oksigenin intensiv sərf olunmasına, zərərli tullantıların artmasına, texnogen fəlakətin baş verməsinə gətirib çıxarır. Bu səbəbdən də son dövrlərdə dünya ölkələri bərpaolunan alternativ enerji mənbələrinə sürətli keçidi prioritet məsələ hesab edirlər. Enerji mənbələri arasında 2020-ci ildə yeganə artım bərpaolunan enerji növləri üzrə qeydə alınıb. Pandemiya səbəbindən dünyada enerji tələbatının ötən il 5 faiz azalmasına baxmayaraq, bərpaolunan enerji mənbələrinin istehsalı 7 faiz yüksəlib. Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozuna görə, növbəti 10 ildə bərpaolunan enerji sektoruna hər il orta hesabla 440 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulur. Alternativ enerji mənbələrinin istehsalı 2021-ci ildə 10 faiz, növbəti beş ildə isə 50 faiz artaraq 2025-ci ildə qlobal elektrik istehsalının 33 faizini təşkil edəcək. Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi bərpaolunan enerji mənbələrinin payına düşəcək.
Ən çox artım isə günəş və külək enerjisi istehsalında, müvafiq olaraq 60 və 30 faiz qeydə alınacaq. Alternativ enerji mənbələrinin inkişafına görə Çin dünyada birinci sırada qərarlaşır və son 10 ildə bərpaolunan enerji tutumunu 3,34 dəfə artırmağa nail olub. BEA-nın proqnozuna görə, növbəti beş ildə bərpaolunan enerji üzrə artımın 40 faizi Çinin payına düşəcək. 2004-cü ildə Avropa İttifaqının (Aİ) ümumi enerji istehlakının 8,5 faizini bərpaolunan enerji mənbələrindən əldə edirdisə, 2019-cu ildə bu göstərici 19,7 faizə yüksəlib. Aİ-nin 2020 və 2030-cu illəri əhatə edən enerji strategiyasına əsasən, bərpaolunan enerji resurslarının payının, müvafiq olaraq, 20 və 27 faizə yüksələcəyi hədəflənirdi. 2020-ci ildə Aİ-nin ümumi elektrik enerjisi istehsalının 20 faizi, sadəcə, günəş və külək enerjisinin payına düşüb. Kömürün payı isə 20 faiz azalıb və 13 faiz təşkil edib.
Hazırda Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurma Avropa İttifaqı ölkələrində Rusiyadan təbii qaz və neftin idxalının azaldılması və ya ondan imtina edilməsi məsələsini əsaslı şəkildə aktuallaşdırıb. Aİ rəsmiləri artıq 2027-ci ilə bu istiqamətdə ciddi dəyişikliklər olacağını bəyan edirlər.
Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa edilən enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən, külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir. Ötən ilin dekabrında Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi” imzalanıb. Müqavilənin imzalanması və layihənin icrası Azərbaycanda formalaşmış əlverişli biznes mühitinin bariz nümunəsi kimi dəyərləndirilə bilər. İlk dəfə xarici sərmayə əsaslı belə bir layihənin həyata keçirilməsi nəticəsində külək elektrik stansiyası, təxminən ildə 1 milyard kVt/saat elektrik enerjisi istehsal edəcək, 220 milyon kubmetr qazın sərbəstləşməsini təmin edəcək, atmosferə 400 min tondan çox CO2 emissiyasının atılmasının qarşısını alacaq.
Bu il yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev stansiyanı Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcəyini deyib: “Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir”.
2021-ci ilin aprel ayında Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi” imzalanıb. Müqavilə çərçivəsində ildə 500 milyon kVt/saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bu da öz növbəsində, 110 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına, habelə yeni investorların digər layihələrə cəlb olunmasına yol açacaq. Səudiyyə Ərəbistanının “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə imzalanan müqavilələr - ilk dəfə xarici sərmayə əsaslı belə layihələrin həyata keçirilməsi nəticəsində il ərzində 330 milyon kubmetr qaza qənaət ediləcək, atmosferə 600 min tondan artıq CO2 emissiyasının atılmasının qarşısı alınacaq, habelə yüzlərlə yeni iş yerləri yaradılacaq.
Prezident İlham Əliyevin müəyyən etdiyi müasir inkişaf strategiyasında Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi mühüm yer tutur. Bu çərçivədə dövlətimizin başçısı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Azərbaycanın Energetika Nazirliyi ilə Yaponiyanın “Tepsco” şirkəti arasında işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üzrə müqavilə imzalanıb. Həmçinin, ötən ilin iyunun 3-də Azərbaycan Respublikasının Energetika Nazirliyi və BP şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. Bütün bu addımlar Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafında və Qarabağda yaşıl enerji zonasının yaradılmasında nə qədər istəkli və maraqlı olduğunu bir daha əyani göstəricisidir.
Prezident İlham Əliyevin bu günlərdə təsdiqlədiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bu istiqamətdə qarşıda duran mühüm vəzifələr öz əksini tapıb. Belə ki, Azərbaycanda elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faizə çatdırılacağı hədəflənir. Strategiyada qeyd edilir ki, bu, 2030-cu ilədək 30 faiz hədəfinə uyğun olacaq. Bildirilir ki, energetika sektorunda tənzimləmə mühiti təkmilləşdiriləcək və liberal bazar prinsipləri tətbiq olunacaq. Bərpaolunan enerji mənbələrindən istifadə artırılacaq, enerji səmərəliliyi təmin ediləcək. İqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadə genişləndiriləcək. Nəticədə, energetika sahəsində dövlətin maliyyə yükü azaldılacaq və subsidiyaların mərhələli şəkildə aradan qaldırılması reallaşdırılacaq.
Sevinc Azadi, “İki sahil”