16 iyul 2025 00:31
137

Regionlarda ekoturizmin inkişafı prioritetdir

Dövlət başçısı İlham Əliyevin 14 iyul 2025-ci il tarixli «Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında» Sərəncamı da bu məqsədə xidmət edir

İnsan kapitalının müasirləşdirilməsi, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi və iqtisadi suverenliyin tam təmin olunması əsas çağırışlar sırasındadır. Dövlət başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də müəyyənləşdirilən 5 hədəf bu məqsədlərə xidmət edir. Onlardan biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Həmin sənəddə qeyd edilir ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasının beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaqdır. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə  iki məqsədin effektiv reallaşdırılmasına nail olunmalıdır: yüksək keyfiyyətli ekoloji mühit;  yaşıl enerji məkanı.

Dövlət başçısı İlham Əliyevin 14 iyul 2025-ci il tarixli «Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında» Sərəncamı Azərbaycanda, eləcə də Cənubi Qafqaz regionunda xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, ekoturizmin inkişafı, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyası, ətraf mühitin dayanıqlı idarə olunması və bütövlükdə regionun bioloji müxtəlifliyinin qorunması baxımından mühüm və tarixi hadisə kimi qiymətləndirilir. yeni yaradılmış Azərbaycanın unikal təbiət komplekslərindən biri olan Axar-Baxar Milli Parkı Samux, Yevlax və Qax rayonlarının əsasən dövlət ehtiyat fondu torpaqlarında formalaşdırılıb və ümumilikdə 23 901,99 hektar ərazini əhatə edir.

İlisu Milli Parkı isə fəaliyyətdə olan İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılıb. Milli Park Qax və Zaqatala rayonlarının ərazisində yerləşir və ümumi sahəsi 13 966 hektardır.

Dayanıqlı inkişafın təmin edilməsi dövlətimizin həyata keçirdiyi siyasətin, gələcəyə hesablanmış inkişaf strategiyasının əsasını təşkil edir. Bunun üçün iqtisadiyyatın şaxələndirilməsi bu gün də öz aktuallığını qoruyur, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin olunması, ətraf mühitin qorunması, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun yaradılması istiqamətində biri-birindən əhəmiyyətli addımlar atılır. Artıq Zəfərimizdən sonra iqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsi, işğaldan azad olunmuş torpaqlarımızın malik olduqları potensialdan səmərəli istifadə olunması üçün Milli Prioritetlərin təsdiqlənməsi və digər mühüm sənədlər qarşıya qoyulan məqsədlərə daha yüksək səviyyədə nail olmağa stimul verir. Ümumilikdə inkişaf hər bir bölgəni, şəhəri, qəsəbəni və kəndi əhatə edir. Regionlarla yanaşı, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı qəbul olunub və icrası uğurla başa çatdırılıb. Dövlət proqramları çərçivəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Bakı şəhərində və bölgələrdə  irimiqyaslı infrastruktur layihələrinin gerçəkləşməsinə, sahibkarlıq və investisiya fəaliyyətinin genişlənməsinə, əhaliyə göstərilən xidmətlərin, o cümlədən kommunal və sosial xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşmasına, abadlıq işlərinin sürətlənməsinə şərait yaratdı. Həmin proqramların icrası nəticəsində Bakı şəhəri, onun qəsəbə və kəndləri, regionlarımız yeni inkişaf mərhələsinə qədəm qoydu, rəqabətqabiliyyətli və ixracyönümlü ən müasir müəssisələr yaradıldı, yeni iş yerləri açıldı, əhalinin həyat səviyyəsi daha da yüksəldi. Prezident kimi fəaliyyətə başladığı ilk gündən cənab İlham Əliyev «İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır» çağırışını edərək bu məqsədə nail olmaq üçün  regionların malik olduqları potensialdan səmərəli istifadənin vacibliyini bildirdi. Bu gün dünya Azərbaycanın təkmil  şəhərsalma təcrübəsindən bəhs edirsə bu, yalnız bu günün deyil, illərlə atılan addımların, göstərilən səylərin nəticəsidir.  Reallıq budur ki, bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Məqsəd bundan ibarət idi ki, Bakını parklar və bağlar şəhərinə çevirək və buna nail oluruq. Bu gün həm Bakı sakinləri bunu görür, həm də xarici qonaqlar bunu qeyd edirlər. Paytaxt və bölgələrdə həyata keçirilən yaşıllaşdırma tədbirlərinin miqyasının genişliyi göz önündədir.

Ümummilli Lider Heydər Əliyev dünya səviyyəsində ətraf mühit məsələlərində Azərbaycanı beynəlxalq mühit quruluşları ilə daha yaxından əlaqələndirmişdir. O, ətraf mühitin qorunması və inkişafı üçün ölkədaxili və beynəlxalq layihələrin təşviqinə və dəstəyinə çox diqqət yetirərək, Azərbaycanın ətraf mühit məsələlərində lider olması üçün zəmin yaratmışdır. Ətraf mühitin qorunması və təbii resursların idarə edilməsi sahəsində  atılan addımlardan biri «Milli Təbii Sərvətlərin İnkişafı və Qorunması Konsepsiyası» nın qəbul edilməsi olmuşdur. Bu konsepsiya təbii sərvətlərin qorunması və düzgün idarə edilməsi, ətraf mühitə ziyan verən faktorların azaldılması və sair bu kimi mühit məsələlərinə dair strateji bir yanaşma təyin etmişdir. Ətraf mühitə diqqət yetirilməsi  üçün  mühüm addımlardan biri də enerji effektivliyi və təbii ehtiyatların məhv olmasının qarşısının alınması ilə bağlıdır.

Bütün bu tədbirlərin davamı olaraq, Prezident  İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycanın sosial-iqtisadi inkişafı, beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi  inkaredilməzdir. Dövlətimizin başçısı artıq beş ildir tarixi sahibinə qovuşmuş torpaqlarımızda  infrastrukturun inkişafını prioritet məsələ kimi diqqətdə saxlayır.  Bu, yolların, su təchizatının, məktəblərin, xəstəxanaların və digər infrastruktur obyektlərinin inşasını və təkmilləşdirilməsini əhatə edir. Bütün bu tədbirlər əhalinin rahatlığını artırmaq və ölkənin ərazi bütövlüyünü qorumaq üçün əhəmiyyətli bir məsələdir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərininin əsas tərkib hissələrindən biri yaşıllıq zolaqlarının genişləndirilməsidir. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni abidələr ilə yanaşı,  füsunkar təbiətə və geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”»nda nəzərdə tutulan əsas prioritetlərdən biri də məhz bu bölgədə turizmin müxtəlif növlərinin inkişafı üçün zəruri təminatların yaradılmasıdır. Artıq son illər bu istiqamətdə genişmiqyaslı işlər görülür. Füzuli,  Zəngilan və Laçında tikilib istifadəyə verilən Beynəlxalq Hava limanları, inşa olunan müasir hotellər və həyata keçirilən digər infrastruktur layihələri azad olunan ərazilərimizin turizm potensialının reallaşmasında, turistlərin bu bölgələrə cəlb edilməsində mühüm rol oynayacaq.

Ətraf mühitin yaxşılaşdırılması, yaşıllıqların genişləndirilməsi, ekoloji tarazlığın qorunması tədbirlərinə Heydər Əliyev Fondunun irəli sürdüyü təşəbbüslər, layihələr və onların uğurlu icrası böyük töhfədir. Məlum olduğu kimi, Azərbaycanın zəngin təbiətinin mühafizə edilməsi, ekoloji mənbələrlə bağlı ictimai maarifləndirmə, fəallığın artırılması və bununla təbiətimizin gələcək nəsillər üçün qorunub saxlanılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2011-ci ildə IDEA İctimai Birliyini təsis etmişdir. Onun rəhbərliyi altında IDEA Azərbaycanda “yaşıl” hərəkatının aparıcı qüvvəsinə, ətraf mühit üzrə fəaliyyətin regional mərkəzinə, mötəbər beynəlxalq təşkilatların etibarlı tərəfdaşına çevrilib. Son illər IDEA İctimai Birliyinin təşəbbüsü ilə respublika ərazisində milyonlarla  ağac əkilib, ekoloji tədbirlər, sənaye və məişət tullantılarının azaldılması, o cümlədən sahibsiz heyvanlar üçün sığınacaqların təşkili istiqamətində bir çox layihələr həyata keçirilib.

Parkların sayına görə paytaxt Bakı dünya miqyasında ən qabaqcıl yerlərdədir. Onu da bildirək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın və onun təsisçisi olduğu IDEA İctimai Birliyinin səyləri nəticəsində bu gün Bakı şəhərində yeni bir format - məhəllələrarası parklar formatı tətbiq olunub və olunur. Bu ərazilərdəki onlarla binanın fasadları, dam örtükləri, blokları təmir olunub, su təchizatı sistemi yenilənib və bütün yaş kateqoriyaları üçün həm istirahət etmək, həm idmanla məşğul olmaq, həm də asudə vaxtı səmərəli keçirmək üçün şərait yaradılıb. 

Cənab İlham Əliyev daim çıxışlarında bildirir ki, biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcək, təhlükəsizlik şəraitində yaşayacaqlar. Ölkəmizə gələn qonaqlar da Bakının gözəlliyini, müasirliyi və qədimliyi özündə sintez etdiyini xüsusi qeyd edirlər. Azərbaycanın ənənələri olan ölkə kimi təqdim olunması, tariximizin, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində atılan addımların təqdir edilməsi həyata keçirilən siyasətin düzgünlüyünün və məqsədyönlülüyünün bariz nümunəsidir.

    Bu mühüm məqam da dövlət başçısının gündəmdə saxladığı məsələlər sırasındadır ki, Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil. Bakı və Bakıətrafı qəsəbələrdə, rayonlarda bütün infrastruktur yaradılmalıdır. “Biz şəhərin infrastrukturunu, ilk növbədə, vətəndaşlar, ondan sonra turistlər, xarici qonaqlar üçün yaradırıq” söyləyən cənab İlham Əliyev qeyd edir ki, ilk növbədə, ölkə vətəndaşlarının problemlərini həll etməliytk. Dövlət başçısı İlham Əliyevin 30 yanvar 2025-ci il tarixli Sərəncamı ilə  «Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı»nən təsdiqlənməsi də vətəndaş məmnunluğunun artırılmasına, paytaxt Bakının və ətraf ərazilərin nəqliyyat sisteminin daha da təkmilləşdirilərək müasir tələblərə uyğunlaşlırılmasına xidmət edir. Dövlət Proqramı əhaliyə keyfiyyətli nəqliyyat xidmətləri göstərilməsi, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması, həmçinin fərdi mobil nəqliyyat vasitələrinin, nəqliyyat və piyada infrastrukturundan istifadənin müasir tələblərə cavab verən səviyyədə təmin edilməsi və nəqliyyatda rəqəmsal texnologiyaların tətbiqi prinsipləri əsasında hazırlanmışdır. Məqsəd nəqliyyat sisteminin təkmilləşdirilməsi nəzərdə tutulan Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir. Dövlət Proqramı çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, ümumi istifadədə olan nəqliyyat növləri üzrə vahid ödəniş sisteminin tətbiqi və inteqrasiyası, rəqəmsal texnologiyalardan istifadə və innovativ həllərin tətbiqi əsas təminedici amillər olaraq müəyyən edilmişdir.

Qısa təhlil Bakının beynəlxalq maliyyə qurumlarının hesabatlarında reytinqlərinə bir daha aydınlıq gətirir. Bakının təhlükəsiz ölkə olması beynəlxalq səviyyədə də etiraf olunan reallıqlar sırasındadır. Həmçinin Azərbaycan xalqı dünyanın ən xoşbəxt xalqları sırasında yer alır. Təbii ki, dövlətinə, xalqına xidməti fəaliyyətinin əsasında saxlayan, hər kəsin Prezidenti olduğunu əməli fəaliyyəti ilə təsdiqləyən dövlət başçısına xalqın sevgisi hüdudsuz olacaq. Eyni zamanda, gələcəyə böyük hədəflərlə addımlayan cənab İlham Əliyevin daim vurğuladığı kimi, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi yeni-yeni layihələrə yol açır. Bakı füsunkar gözəlliyi, təhlükəsiz şəhər olması ilə beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunur. Dövlətimizin uğurlu siyasəti qarşıdakı illərdə daha böyük uğurlara imza atacağımıza böyük əminliklər yaradır. Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsini şərtləndirən amilləri diqqətə çatdıran cənab İlham Əliyev bildirir: “Əsas vəzifəmiz, - mən bu vəzifəni çox ciddi qoymuşdum, - ondan ibarət idi ki, biz keçmişlə müasirliyin vəhdətini təşkil etməliyik.”

Hazırda ölkəmizin həyatında yeni dövr başlanıb- işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri geniş miqyas alıb. Bu ərazilərimizin dövlət başçısı İlham Əliyevin «ağıllı şəhər» və «ağıllı kənd» strategiyasına uyğun olaraq qurulmasında da tarixlə müasirliyin vəhdəti yüksək səviyyədə qorunur. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu ərazilərdə iqtisadi fəaliyyətin bərpası ölkəmizin dayanıqlı inkişafına dəstək olacaq. «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də bu çağırışlar xüsusi yer alıb ki, ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olmalıdır.  İqtisadi artımla ekoloji mühit tarazlı olmalıdır. Regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Regionlar paytaxtla müqayisə oluna biləcək yaşayış standartlarına malik olmalıdır. Bu, regionların milli gəlirdə payının artırılmasını təmin edəcəkdir.

Dövlət başçısı İlham Əliyevin iki yeni milli parkın yaradılması ilə bağlı Sərəncamı ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Yeni milli parkların yaradılması ilə qorunan təbiət ərazilərinin sahəsi genişləndirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında da qeyd edildiyi kimi, hər iki milli parkın yaradılması həmin ərazilərin zəngin təbii və tarixi irsinin əhəmiyyətli turizm potensialına çevrilməsi ilə yanaşı, regionda məşğulluğun artmasına, yerli əhalinin rifah halının yüksəlməsinə, ekoloji maarifləndirmə yolu ilə ekosistemlərdən dayanıqlı istifadəyə əsaslanan sosial-iqtisadi imkanların genişlənməsinə şərait yaradacaq. O da qeyd edilir  ki, Azərbaycanda Xüsüsi Mühafizə olunan Təbiət Ərazilərinin (XMOTƏ) sahəsi 892 855,78 hektar olmaqla ölkə ərazisinin ümumi sahəsinin 10,31 faizini təşkil edirdi. Yeni yaranan milli parklar hesabına hazırda bu rəqəm 913 342,17 hektar olmaqla ölkə ərazisinin ümumi sahəsinin 10,54 faizinə yüksəlib.

Yeganə Əliyeva, "İki sahil"