Vəli İlyasov |
Hayları "içəridən yeyəcək" sentyabr gəlir
İşğaldan əvvəlki dönəmlərdən fərqli olaraq son vaxtlar Rusiya və Ermənistan mediasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlərin sıraları genişlənir. Həmişə ətrafa çirkab yağdıran erməni təbliğat maşını sındırıldığı üçün heç bir müqavimət göstərə bilmir. Hətta əvvəllər ağzından "od-alov" püskürən "yeni müharibə, yeni ərazilər" deyən baş nazir Nikol Paşinyan və digər Ermənistan rəsmiləri Azərbaycana qarşı tamamilə yumşaq mövqedən çıxış etməyə başlayıblar. Rusiya telekanallarından birinə müsahibə verən Xocalı qatili, keçmiş prezident Serjik Sarkisyan and içib, aman edib ki, mən heç vaxt, heç yerdə "Qarabağı qaytarmayacağıq" deməmişəm, sadəcə biz güzəştlər qoparmağa çalışırdıq. Təbii ki, Serjikin bu sözləri səmimiyyətdən və həqiqətdən çox uzaqdır. Eyni fikri az əvvəl Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da dilə gətirmişdi. Lakin ikinci Qarabağ müharibəsinədək Ermənistan dövlətinə rəhbərlik edənlərin hamısı münaqişənin ədalətli həllindən qaçır, yaxşı halda vaxt uzadırdılar. Ancaq indi vəziyyət və şərait başqadır.
Bu günlərdə rusiyalı politoloq, daha çox ermənipərəst mövqeyi ilə tanınan Stanislav Tarasov isə erməni mətbuatına müsahibəsində gözlənilmədən “Qarabağ Azərbaycandır!” deyib. “Bakı Qarabağ ermənilərinin taleyini yalnız özü həll edir. Bunun üçün Bakıya nə Minsk qrupu, nə də İrəvan lazımdır. Çünki Qarabağ Azərbaycan ərazisidir! Bütün Dağlıq Qarabağ Azərbaycandır! Rus sülhməramlıları da Azərbaycan ərazisində müvəqqəti yerləşdirilib. Bir də deyirəm ki, Qarabağ ermənilərinin taleyi yalnız Bakının əlindədir”, - deyə Tarasov bildirib.
Buna müsbət reaksiya verənlərdən biri, erməni rejissor və ictimai xadim Ovanes Qalustyan nikbin proqnoz verərək hesab edir ki, sentyabr ayı Ermənistan dövləti və ümumilikdə erməni xalqı üçün kulminasiya ayı olacaq. O, fikrini belə izah edib: “Ən ciddi proseslər məhz bu ay baş verəcək. Bu proseslərdən dərhal sonra Azərbaycan, türk maşınları İrəvan küçələrində şütüyəcək, Xankəndiyə nəzarət Bakıya keçəcək və buna nəinki Azərbaycan xalqı, hətta Qarabağda yaşayan ermənilər də sevinəcək. Onlar aclıq, səfalət, işsizlikdən çıxıb işıqlı, gözəl həyata qədəm qoyacaq. Ermənistan hakimiyyətinin onlara verə bilmədiyini Bakı verəcək”.
Qalustyana görə, İrəvanın ticarət mərkəzindəki partlayış ümumilikdə Ermənistanda sentyabrda baş verəcək böyük “partlayışın” kiçik modelidir. “Biz hazırda bomba üzərində oturmuşuq. Ermənistanın qorxulu yuxusu çox davam edə bilməz, yaxın vaxtlarda biz yeni fazaya qədəm qoyacağıq. Orada necə olacağı isə özümüzdən asılıdır”, - deyə o, fikrini tamamlayıb.
Son sözün deyilməsinə lap az qalıb. Sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olacaq. Şübhə yoxdur ki, həmin görüşdə otuz dörd il davam edən üzücü münaqişənin son nöqtəsi qoyulacaq. Məhz bunu anlayan ermənilər Azərbaycan Prezidentinin qətiyyətini və tələbini bildikləri üçün sarsıntı içərisində qalıblar.
Məğlubiyyət sindromu psixologiyasının hökm sürməsi səbəbindən İrəvandakı həyəcan təbii qarşılanmalıdır. Bu həyəcanın erməni cəmiyyətini şoka salan zirvəsi isə Azərbaycanın hərbi gücü və onun Türkiyə ilə strateji müttəfiqliyidir. Buna görə də illərdir ki, Azərbaycana və Türkiyəyə düşmən mövqe tutması ilə qürrələnən ermənilərdə "qürur"un qorxu ilə əvəzlənməsi başadüşüləndir.
Proseslərin sonu "necə olacaq" sualının cavabını yaxşı bilən ermənilər indi həmişəkindən daha çox təlaş keçirirlər. Çünki artıq bütün yayındırıcı fəndlər və bəhanələr tükənib. Ümumiyyətlə, onlar üçün vaxt limiti qurtarıb. "Dəmir yumruq" isə başlarının üstündə, divara qısnanmış vəziyyətdədirlər. Qarşıda sözün əsl mənasında "olum, ya ölüm" dilemması durub.
Proseslərin gedişi aydın göstərir ki, bununla belə hər şey yenə məhz ermənilərin özündən, onların seçimindən asılı olacaq. Ancaq seçim çox deyil. Yalnız bir seçim var ki, o da Azərbaycanla sülhə gəlmək, düşmənçiliyi yerə qoyub yersiz və sərsəm iddialardan əl çəkmək, normal münasibətlər qurmaqdır. Ancaq onlardan həmişə ağıllı nəsə gözləmək də düzgün deyil, ermənidirlər axı...
Bütün bunlarla bərabər, unutmayaq ki, qarşıdan erməniləri "içəridən yeyəcək" sentyabr gəlir...