KÖŞƏ

Vəli İlyasov

Gözümüz aydın, Laçınımız azaddır!

27 avqust 2022 01:00
1466

2020-ci il noyabrın 10-da hərbi əməliyyatlar Azərbaycanın üstünlüyü ilə dayandırılanda bəziləri "bəs Ağdam, Kəlbəcər və Laçın nə vaxt azad olacaq?",- deyə bədgüman fikirlər söyləməkdən də çəkinmirdilər.  Azərbaycan Prezidenti , Ali Baş Komandan İlham Əliyev isə bildirmişdi ki, "Mən nəyi, nə vaxt və necə etməyi özüm bilirəm". Dövlət başçımızın qətiyyətinə və prinsipiallığına inanan Azərbaycan xalqının böyük əksəriyyəti şübhə etmirdi ki, Prezident indiyədək bütün vədlərini yerinə yetirib, dediyi sözlərə əməl edib, bu sözünə də əməl edəcəkdir.

Xatırladaq ki, Ağdam, Kəlbəcər və Laçın rayonlarının dinc yolla təhvil verilməsi üçtərəfli Bəyanatda öz əksini tapmışdı. Həmin sənəddə göstərilirdi ki, həmin rayonlar öz əzəli sahibinə-Azərbaycana dinc yolla təhvil veriləcəkdir. Yadınızdadırsa, Qələbə paradında iştirak edən qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan məşhur "Ay Laçın" xalq mahnısından "Ay Laçın! Can laçın! Mən sənə qurban Laçın" misrasını əzəmətlə  səsləndirərkən hamımız böyük qürur hissi keçirdik və düşündük ki, Laçın düşmən əlində qalmayacaqdır. Elə də oldu. Ağıllı siyasət yürüdən və daim hücum taktikası yeridən Azərbaycan rəhbərliyi səbir və təmkinlə hərəkət edərək həmin rayonların bir güllə atılmadan azad edilməsinə nail oldu. Həmişə humanist mövqe tutan Prezidentimiz yaxşı bilirdi ki, həmin rayonları müharibə yolu ilə azad etsək, bəlkə də minlərlə yeni qurban verməli olarıq. Lakin dövlətimizin başçısı gənclərə qıymadığı üçün gözləməyi üstün tutdu. Bu, misli görünməmiş gözəl bir addım oldu. Artıq müzəffər Azərbaycan Ordusu Laçındadır! Laçının ən uca zirvəsində Azərbaycan bayrağı dalğalanır, gözümüz aydın olsun!

Dünən səhərdən bütün Azərbaycan xalqı bayram əhval-ruhiyyəsindədir. Hamı sevinir, qələbə münasibətilə bir-birini təbrik edir. Onların arasında sevincindən göz yaşlarını saxlaya bilməyənlər də var. Laçınlıların isə sevinclərini sözlə təsvir etmək mümkün deyil! Onu görmək lazımdır.

Laçın rayonu Azərbaycanla Ermənistan arasında ən strateji əhəmiyyətə malik nöqtələrdən biridir. Ona görə də hələ Birinci Qarabağ müharibəsi başlamazdan əvvəl erməni hərbi strateqləri Laçının ələ keçirilməsini ilk plan kimi irəli sürmüşdülər. Bilirdilər ki, Laçın alınmadan onlar Qarabağa heç bir təsir göstərə bilməzlər. Ermənistan xarici havadarlarının və xəyanətkarların köməyi ilə ərazini işğal edəndən sonra Qarabağın işğalı asanlaşdı. Dediyimiz kimi, Laçın "koridoru" ermənilər üçün çox əlverişli idi, çünki ordu birləşmələrini, hərbi texnikanı, artilleriyanı, silah-sursatı buradan kəsə və rahat yolla daşımaq daha asan idi. Ona görə də ermənilər Laçını mümkün qədər əldə çox saxlamağa çalışırdılar. Onlar hətta Laçının adını dəyişərək ona əcaib bir ad qoymuşdular.

Bu gün üzümüz ağ, başımız ucadır. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş sonuncu rayon mərkəzimiz və bu ətrafdakı kəndlərimiz də Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Təbii ki, bu qələbənin böyük tarixi əhəmiyyəti var. Əvvəla onu deyək ki, güc yolu ilə alınmış torpaqlarımızı güc yolu ilə də geri qaytardıq. Düşmənə elə bir dərs verildi ki, o, özünü bəlkə də onillərlə də düzəldə bilməz. Bundan sonra ermənilər Qarabağa Azərbaycanın icazəsi və ciddi nəzarəti altında gəlib-gedə bilərlər. Bu dəhlizdə ermənilərin əvvəlki sərbəstliklərinə birdəfəlik son qoyuldu. Həm də əvvəlki dəhliz bağlanaraq əvəzinə Laçının içərisindən deyil, kənarından keçən yeni yol çəkilib. Ermənilər Laçın şəhərinə girmədən onun kənarından gəlib-gedəcəklər. Təbii ki, həmin yolda gömrük postu və nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərəcəkdir. Laçın şəhəri və kəndləri müstəqil Azərbaycanın bir hissəsi kimi sürətlə inkişaf etdiriləcək, xarabalıqlar içərisindən abad, gözəl Laçın yüksələcəkdir.

Təbrik edirik, əziz xalqımız! Həmişə evinizdə-eşiyinizdə olasınız əziz laçınlılar!