Vəli İlyasov |
Onsuz da "xoruzun quyruğu" bir gün görünəcək
Deyirlər ki, ermənilər şeytana papış tikib ortasını da deşik qoyurlar, yəni, bunlar şeytandan da bədzatdırlar. Sentyabrın 8-də Qarabağdakı separatçıların başçısı Araik Arutyunyan bu günlərdə Rusiya vətəndaşlığından imtina edərək qanunsuz olaraq Azərbaycan ərazisinə köçmüş rusiyalı milyarder Ruben Vardanyanla görüşüb. Bu barədə erməni mediası xəbər verir. Qondarma qurumdan bildirilib ki, Arutyunyan Ruben Vardanyanın ““artsax”a köçmək, artsaxın təhlükəsizliyinin qorunmasında və inkişafında bilavasitə iştirak etmək qərarını alqışlayıb və bunun bütün dünya ermənilərinin çoxu üçün nümunə olacağına ümid etdiyini bildirib. Məlumatda bildirilir ki, görüş zamanı "əməkdaşlığın" perspektivləri müzakirə olunub.
"Çağırılmamış qonağ"ın qəfil gəlişindən "dalağı sancan" Ermənistan hakimiyyətinin təmsilçiləri Araikdən fərqli olaraq "zurna-balaban"da Rubenə çatdırıblar ki, burnunu bağlanmaqda olan sülh məsələsinə soxmasın.
Məsələn, Ermənistan parlamentində hakim “Mülki müqavilə” fraksiyasının deputatı Arsen Torosyan bildirib ki, azərbaycanlılarla uzunmüddətli düşmənçiliyin qızışdırılması Ermənistan və ümumiyyətlə, bütün erməni xalqı üçün bir tələdir! “Biz düşmənçiliyi qızışdırmamalıyıq. Biz illərdir “artsax” ideyası ilə yaşadıq. Bunu bizim beynimizə soxdular. Amma 30 il ərzində “artsax”ın müstəqilliyinə nail olunmamış, əvvəlki illərdə uğursuzluğa düçar olmuşuq. Bu fikir özünüaldatma idi. Ermənistanın “dqr”in müstəqilliyini tanımaq şansı yoxdur və heç vaxt olmayıb. Biz partlamamış minanın üzərində durmuşuq... İndi bizə şans verilib – ya böyük partlayışın qurbanı oluruq, ya da münaqişəni həll edirik. Bunun üçün müharibə və hərbi münaqişə içində 30 il yaşayan erməni və Azərbaycan xalqlarının yaralarını müalicə etmək lazımdır. Artıq ağıllanmaq vaxtıdır...”
"Ağıllanmış" deputatdan fərqli olaraq Ruben Vardanyan Xankəndiyə gəlişinin məqsədini anlaşılmaz və dumanlı şəkildə izah edib. Təəccüb doğuran odur ki, Vardanyan rahat həyatını və biznesini Rusiyada qoyub başını "arı yuvasına" niyə soxur? Bəlkə qamarladığı haram pulları "yumağa" gəlib? Hələlik o, müəmmalı gəlişini onunla əlaqələndirib ki, vəzifə istəmir, Qarabağda vuruşmadığı üçün azərbaycanlılarla asan dil tapacağına inanır. Ancaq buna heç bağça uşaqları da inanmaz. Ermənistanla Azərbaycan arasında ən böyük qalmaqallı məsələlərin bir qismi yoluna qoyulub, qalanlar isə razılaşdırılıb. Yəni, kiminsə yenidən ortaya atılıb "ağsaqqallıq" etməyinə ehtiyac qalmayıb. Əvvəla, Vardanyan xoş niyyətlə gəlmiş olsaydı, Azərbaycandan icazə alıb sonra bizim sərhədi keçərdi. Amma bunu etməyib və heç olmasa üzr istəməyi də unudub. İkincisi, heç bir vəzifəsi və səlahiyyəti olmayan sıradan bir Rubenlə kim nə danışacaqdır? Bəlkə Vardanyan pulunun çox olması ilə qürrələnir? Unutmasın ki, onun kimi varlı azərbaycanlılar saysız-hesabsızdır. Əgər pulu çoxdursa aclıq çəkən, dilənçi kökündə yaşayan, evsiz-eşiksiz qalan ermənilərini təmin etsin. Görünür, harınlamış erməni Araikin və ya Paşinyanın kreslosunu ələ keçirməyə, ermənilərin lideri olmağa gəlib. Bu isə indi Ermənistanda sadə məsələ deyil. Yaddan çıxarır ki, "dəmir yumruğ"un altında onlar daha at oynada bilmirlər.
Politoloqlar və siyasətçilər təxmin edirlər ki, Vardanyan Qarabağı gücləndirib Azərbaycana qarşı qaldırmağa çalışacaq və ermənilər dünyaya göstərəcəklər ki, baxın, qarabağlılar özlərinə status istəyir, Azərbaycan isə onları cəzalandırır. Bu yolla daha nələrəsə nail olmaq planlarını işə salacaqlar. Təbii ki, yeni təcavüzlərin başında "vətənpərvər" Ruben Vardanyan duracaqdır.
Müəmmalı gəlişinin səbəblərini açıqlamayan Ruben Vardanyanın iç üzü tezliklə açılacaqdır. Əgər o, sülh sazişinə əngəl olmağa gəlibsə, deməli, çox gözləyə bilməz, çünki vaxt keçir. Bir tərəfdən də qütbləşən Qarabağ və İrəvan ermənilərinin inamını qazanmaq üçün ona müəyyən vaxt lazımdır. Şübhəsiz, Ruben bilməlidir ki, hakimiyyət həvəsinə düşsə, hakimiyyətdəki qərbyönlülər ona düşmən münasibəti göstərəcəklər. Yəni, kresloları ona qırmızı alma kimi bağışlamayacaqlar. 1999-cu ildə Karen Dəmirçiyanın və deputatların parlamentdə güllələnib öldürülməsini yada salsın.
Ruben Vardanyan düşünməsin ki, Qarabağda hansısa pozuculuq işləri görə bilər. Buna imkan verilməyəcək, daha heç kəs orada at oynada bilməyəcəkdir. Qarabağ Azərbaycanındır və heç bir xüsusi statusu-filanı yoxdur və olmayacaq. O, hesab etməlidir ki, Azərbaycanın ermənilər yaşayan rayonlarından birinə qonaq gəlib. Əgər xoş niyyətlə gəlməyibsə onda onun yaxasını Azərbaycan polisinin əlindən babası Vardan xortlayıb gəlsə belə qopara bilməz. Gəlişinin həftəsi tamam olmamış Ruben Vardanyanın Fransaya təcili səfəri də sirlidir, çünki bu ölkə Azərbaycana qarşı daim qızışdırıcı mövqe tutub. Bunu yaxşı bilən Ruben görünür, "böyük bacı"dan dəstək almağa gedib. "Qaçdığı" Rusiyaya üz tutmamasının isə digər bir ssenarinin tərkibi olmasına şübhə yoxdur. Qısaca deyək ki, barışa gəlibsə, buyursun, əgər niyyəti qaradırsa, onda "Dəmir yumruğ"u başının üstə görsün.