KÖŞƏ

Zahid Rza

Milli qürur və ləyaqət hissini itirmiş marginallar

22 sentyabr 2022 01:35
2129

Son zamanlar mayası xəyanətlə, satqınlıqla, pozuculuqla yoğrulmuş radikal müxalifət düşərgəsinin siyasət dəllallarından olan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli, bu qurumun Koordinasiya Mərkəzinin üzvləri Gültəkin Hacıbəyli, Tofuq Yaqublu, eləcə də xarici ölkələrə sığınmış Arif Məmmədov, Arif Yunus, Sevinc Osmanqızı, Qənimət Zahid  və onların trol şəbəkəsinin tör-töküntüləri dövlətimizə, dövlətçiliyimizə qarşı şər-böhtan kampaniyasının miqyasını daha da genişləndiriblər. Bəri başdan deyək ki, bu başıpozuq, marginal dəstə üzvlərinin sosial şəbəkələrdəki qara piar kampaniyasını ardıcıl izlədikcə aydın olur ki, bütün bunlar onların ağıllarının məhsulu deyil. Yəni, səhnə arxasından gizli bir rejissor əli var. Təbii ki, burada bəzi dövlətlərin xüsusi xidmət orqanlarının və ermənipərəst dairələrin dəst-xətti kənardan sezilir.

Məsələ burasındadır ki, öz ağalarının sifarişi ilə təcavüzkar Ermənistanın 12 sentyabr təxribatlarına dolayısı ilə haqq qazandıran Ə.Kərimli, C.Həsənli, G.Hacıbəyli, T.Yaqublu kimi satqınlar bu günə qədər işğalçı Ermənistanın hərbi cinayətləri ilə bağlı bir kəlmə də olsun danışmayıblar. Bu satqınlar düşmən ölkənin minalı ərazilərin xəritəsini hələ də Azərbaycana təqdim etməkdən boyun qaçırması ilə bağlı cınqırlarını belə çıxarmayıblar. Axı onlar yaxşı anlayırlar ki, bu minalar Azərbaycanın hərbçiləri və mülki şəxsləri arasında çox ciddi itkilərə səbəb olur. Ermənilər tərəfindən basdırılan minalar münaqişədən sonrakı dövrdə mülki şəxslərin həyatı, təhlükəsizliyi və yaşayış imkanları üçün çox ciddi təhdiddir. Hazırda işğaldan azad edilmiş ərazilərin kütləvi minalanması Azərbaycanın həyata keçirdiyi bərpa və yenidənqurma işlərinə ciddi əngəl yaradır.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, qatı  ermənipərəst mövqeyi ilə seçilən Nensi Pelosinin bu günlərdə Ermənistana səfəri zamanı Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə haqq qazandıran Sevinc Osmanqızı, Qənimət Zahid, Tutal Sadıqlı, Arif Məmmədov kimi satqınlar milli birliyimizə xələl gətirmək, cəmiyyəti çaşdırmaq, insanlar arasında etimadsızlıq, ümidsizlik, ruh düşkünlüyü yaratmaq üçün dəridən-qabıqdan çıxaraq xəyanətkar fəaliyyətlərinin miqyasını daha da genişləndirirlər. Satqın, şərəf və ləyaqətini itirən məlum antimilli qüvvələr hətta ermənipərəst və anti-Azərbaycan fikirləri ilə tanınan bəzi qərbli ekspertlərin, və erməni lobbisi ilə, eləcə də Ermənistan mətbuatında ölkəmizin əleyhinə yazılanlarla həmrəy olduqlarını nümayiş etdirməkdən, N.Pelosi kimi  qatı bir erməni sevdalısının söylədiklərinə qahmar çıxmaqdan belə çəkinmirlər.

Dağıdıcı, inkarçı, pozucu, xəyanətkar müxalifət düşərgəsinin antimilli təmsilçiləri, xüsusilə də AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli və onların tör-töküntüləri bilməlidirlər ki, xalqa yaşatdıqları o ağır günləri, zülmləri, talançılığı, oğurluğu, müasir tariximizin o qara səhifələri heç də unudulmayıb. Bu gün sosial şəbəkələrdəki bədnam çıxışları ilə cəmiyyətdə yanlış ictimai rəy formalaşdırmağa çalışan bu marginallar, birillik hakimiyyətləri dövründə Vətən torpaqlarını hərrəca çıxaran xəyanətkarlar birdəfəlik bilməlidirlər ki, dövlətçilik tariximizin qara səhifələrindən birini təşkil edən 1992-1993- cü illərin məşəqqətləri, saxta “demokratların” xəyanəti ucbatından Qarabağın tacı olan Şuşanın erməni işğalına məruz qalması tarixin yaddaşından heç vaxt silinməyəcək. Gələcək nəsillər onları ancaq lənətləyəcək. Prezidentimizin dediyi kimi, xalqımız torpaqlarımızı düşmənə satanları da, onu canı-qanı bahasına azad edənləri də, bu gün hərbi-siyasi və diplomatik müstəvidə Azərbaycan üçün gecə-gündüz demədən çalışanları da yaxşı tanıyır. 

Şübhəsiz, son dövrlər Azərbaycana qarşı “qara piar” kampaniyası apararaq onun beynəlxalq aləmdəki nüfuzuna kölgə salmağa cəhd edən, xalq-iqtidar birliyini, ictimai-siyasi sabitliyi və milli həmrəyliyi pozmağa çalışan, öz xəyanətkar əməlləri ilə düşmən çörəyinə yağ sürtənlər özlərini ifşa etməklə yanaşı, erməni dəyirmanına su tökdüklərini və anti-Azərbaycan dairələrin bir nömrəli qulluqçusu olduqlarını açıq-aşkar ortaya qoyurlar. Bu gün tarixi Zəfərin qürurunu, sevincini və mənəvi rahatlığını yaşayan xalqımız xəyanətkarlığı adi davranış modelinə çevrilən bu başıpozuq dəstənin sosial şəbəkələrdəki fəaliyyətinin sifarişçilərinin kimliyini çoxdan bilir. Bu mənada əxlaqi-mənəvi deqradasiyaya uğrayan, milli hissiyyatını itirən, öz xalqına, Vətəninə müxaliflik edən bu nankorların, əqidəsizlərin və xəyanətkarların son zamanlar “YouToube” və “Facebook”da anti-Azərbaycan cəfəngiyyatları, qarayaxmaları heç bir nəticə verməyəcək. Çünki xalqımız kimin kim olduğunu yaxşı bilir.