KÖŞƏ

Mahir Rəsuloğlu

Vİran olmalı qonşu...

23 sentyabr 2022 02:15
1308

Künc zərbəsi

Atalar deyib ki, gen qaz, dərin qaz, özün düşərsən

Uzaq qohumdan yaxın qonşu yaxşıdır, qədrini bilmək lazımdır. Çünki mehriban qonşuluq etmək asan iş deyil - gərək paxıl olmayasan, dalınca danışmayasan, kəm, xor baxmayasan. Təmkinli, ədalətli, açıq ürəkli, xoş niyyətli olasan qonşuna qarşı. Ki, sabah-birisi gün başına bir iş gəlsə, ayağın büdrəsə, ya qatıq küpəsinə ilişsə ürəklə qapısını döyüb kömək istəməyə üzün olsun. Yoxsa cənub qonşumuz İran kimi?..

Yaxın keçmişin acı xatirələridir – 2020-ci ildə 30 ilə yaxın tarixi torpaqlarımızı işğalda saxlamış namərd, kafir ermənilərə qarşı haqq savaşı aparanda dini dinimizdən olan digər qonşumuz İran bizə dəstək olmaq əvəzinə düşmənimizə tərəf durdu. Qəhrəman oğullarımızın Vətən uğrunda can alıb, can verdiyi, kəndlərimizi, qəsəbələrimizi, şəhərlərimizi qarış-qarış, addım-addım geri aldığı o 44 gündə İranın bir dəfə də olsun ləyaqətli davranışını, ədalətli bəyanatını görən, eşidən olmadı. Ancaq bu ölkədən və ya bu ölkə vasitəsilə Ermənistana silah, texnika, yanacaq göndərilməsinin görüntülərini qəzəblə, bir az da ürək ağrısı ilə izlədik. Ayrı vaxt Allahın buyurduğu kimi ədalətli olmaqdan dəm vuran əmmaməli İran başbilənləri haqlı olan dindaşlarına sahib çıxmaq əvəzinə, əksinə, açıq-aşkar işğalçıya, talançıya, vəhşiyə, vandala kömək etməyə çalışdılar. O dərəcədə ki, ünvanlarına “Müharibə qurtaracaq. Onda hansı üzlə qarşımıza çıxacaqlar?” deyildi. Hətta ən inkişaf etmiş ölkələrin hərbi mütəxəssislərinin öyrənməyə, analiz etməyə çalışdıqları yeni əsrin müasir müharibəsində möhtəşəm Qələbə qazanıb düşmənimizi məğlub etdik, onun İranın, Fransanın və sairlərin su tökdükləri dəyirmanlarının külünü göyə sovurduq. Azərbaycan Cənubi Qafqazın lideri statusunu ordumuzun rəşadəti, xalqımızın birliyi və Müzəffər Ali Baş Komandanımızın uğurlu siyasəti nəticəsində qazandı. Bunu hər kəs bilir və bilməlidir. Odur ki, Azərbaycanla hədə-qorxu dili ilə danışmaq heç kimin həddinə deyil. İranın isə heç deyil...

Öz daxili problemlərini həll edə bilməyən, ölkəsində zülm və müstəbiddən əziyyət çəkən, haqları pozulan milyonlarla insanın zindan həyatı yaşadığı dırnaqarası İslam respublikasının Azərbaycan-Ermənistan mübasibətlərinə qarışması, “qırmızı xətt” çəkmək istəməsi yolverilməzdir. İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının Zəngəzur dəhlizi ilə bağlı “İstənilən sərhəd dəyişikliyinin qəbuledilməzliyi və bunun beynəlxalq hüququn prinsiplərinə zidd olması barədə bəyanatı” isə sadəcə ikrah doğurur. Görəsən, “İran İslam Respublikası region ölkələrini mehriban qonşuluğa riayət etməyə çağırır və sionist rejimin, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) regionda geosiyasi-konspirativ planlar şəklində həyata keçirdiyi fitnəyə layiqli və qəti şəkildə reaksiya verəcəkdir” bəyanatı verən “mehriban və ədalətli” qonşumuz ermənilər 30 il torpaqlarımızı işğalda saxlayanda niyə narahat deyildilər? Beynəlxalq hüquq Azərbaycan müharibədə qalib gələndən sonra yaradılıb?

Bəyanatda deyilir ki, parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyası öz vəzifə və missiyasına uyğun olaraq, Qafqaz regionunda baş verənləri daha həssaslıqla izləyəcək və İran xalqının hüququnu qorumaq üçün lazımi tədbirlər görəcək. Paradoksa fikir verin – bu bəyanat məhz İranda xalqın hüquqları “əxlaq polisi”nin dəyənəkləri altında əzildiyi üçün ayağa qalxdığı, bütün ölkəni etirazlar dalğası bürüdüyü vaxt verilib. Əcaba, ağayi parlamentarilər hansı haqdan və onu necə qorumaqdan danışırlar?

İran ordusunun Baş Qərargah rəisi, general Məhəmməd Baqiri də ölkəsinin regionda sərhədlərin dəyişməsinə və qeyri-sabitliyə imkan verməyəcəyini deyib: “İranın silahlı qüvvələri mehriban qonşuluq prinsiplərinə və beynəlxalq normalara hörmət edərək bəyan edir ki, onlar heç bir qeyri-sabitliyə və sərhədlərdə dəyişikliklərə yol verməyəcəklər. Biz Ermənistan və Azərbaycana problemlərini sülh yolu ilə həll etməyi məsləhət görürük.”

Məsləhət verməyə nə var ki, ağa. Məsələn, tam yeridir ki, həm iranlı deputatlara, həm də general Baqiriyə gedib İrandakı narazı xalqın dərdinə qalmağı məsləhət görəsən. Məsləhət verəsən ki, Azərbaycana yol göstərməyə çalışınca, əxlaq polislərinin günahsız yerə döyərək öldürdükləri Məhsa Əmininin, buna etiraz etdikləri üçün güllələnən 10-dan artıq dinc nümayişçinin, Urmiyada qətlə yetirilən 3 soydaşımızın haqqını arayın, günahkarları tapıb cəzalandırın! Əsarət altında saxladığınız qadınlara azadlıq verin! 40 milyona yaxın Azərbaycan türkünə öz dilində danışmaq, yazmaq, oxumaq hüququ verin! Qurutduğunuz Urmiya gölünə su verin! Yoxsa sonu yaxşı görünmür bu işlərin. Yoxsa viran olar zülm və qanla idarə edilən məmləkətiniz. Bir də atalarımızın bir yaxşı məsəli var, yəqin Arazın o tayında yaşayan soydaşlarımızdan eşitmiş olarsınız: “Gen qaz, dərin qaz, özün düşərsən”. Azərbaycanın sizlərin məsləhətinə ehtiyacı yoxdur!