KÖŞƏ

Zahid Rza

Təcavüzkarı dəstəkləyənlər yaxşı bilirlər ki...

30 sentyabr 2022 01:59
2445

Ermənistan 2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük müharibədən sonra  üçtərəfli Bəyanatdakı öhdəliklərini yerinə yetirərək regionda sabitliyin bərqərar olunmasına töhfələr vermək əvəzinə hələ də revanşist xəyallarla yaşayır. Birmənalı demək olar ki, müharibədəki acı məğlubiyyətdən və hərbi-diplomatik iflasdan sonra Ermənistanda revanşizm meyilləri daha da güclənib. Təcavüzkar ölkə üçtərəfli Bəyanatda əksini tapmış tələblərin icrasından boyun qaçırır, xüsusilə Azərbaycan ərazisində hələ də qalmış hərçilərini və texnikasını çıxarmır, müxtəlif yollarla Qarabağda hərbi mövcudluğunu qoruyub saxlamağa və gücləndirməyə çalışır.  Ermənistanın hərbi-siyasi rəhbərliyi müəyyən dairələrin tapşırıqlarını yerinə yetirərək regionda sülh və əmin-amanlığın, sabitliyin yaranmasına əngəllər törədirlər. Sentyabrın 12-13 də baş verən hadisələr  onların ardıcıl şəkildə törətdikləri təxribatların pik nöqtəsi idi. Belə ki, həmin gün gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində ərazinin çətin relyefindən istifadə edərək,  Azərbaycan Ordusunun təminat yollarını minalaması, törətdiyi genişmiqyaslı təxribatlar bunun növbəti təzahürüdür. Bu dəfə də erməni hərbi birləşmələrinin təxribatlarına  qarşılıq olaraq Azərbaycan Ordusu öz Müzəffər Ali Baş Komandının əmrlərinə əsasən düşmənə layiqli cavablar verdi.

Təcavüzkar Ermənistanın revanşist, pozucu əməllərinə baxmayaraq, Azərbaycan daim sülhpərvər, humanist mövqe nümayiş etdirir. Ölkəmizin humanist mövqeyinə baxmayaraq, Ermənistan hər vəchlə  danışıqlar prosesindən yayınmağa cəhd edir.  Bütün bunlar göstərir ki,  bu ölkə regionda gərginliyin qalmasında maraqlıdır. Bu ab-havanı saxlamaqla, Ermənistan beynəlxalq ictimai rəylə manipulyasiya edir və Azərbaycanı hədəfə gətirməyə çalışır. Ermənistan hazırda işğaldan azad olunmuş ərazilərdə görülən işlərin miqyasını aydın görür, Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının qaçılmaz olduğunu bilir və bu prosesə zərbə vurmağa çalışır.

Baş verən proseslər göstərir ki, Ermənistan sülh danışıqları prosesindən hələ çox uzaqdadır. Əgər əvvəlki dövrdə Ermənistan  Rusiyaya arxalanır və işğalçılıq siyasətini davam etdirirdisə, son hadisələr artıq bu ölkənin öz istiqamətini dəyişdiyini və açıq şəkildə Qərbdə dəstək axtardığını nümayiş etdirdi. Görünən budur ki, Ermənistan artıq NATO-nu bölgəyə gətirməyi və öz revanşist məqsədlərini Qərbin əli ilə reallaşdırmağı düşünür.

Ermənistanın bu manipulyasiya, təxribat və siyasi avantüralarının son məqsədi sülh prosesini ləngitmək, mümkün olduğu halda iflasa uğratmaqdır. Təcavüzkar ölkə öz təxribatçı əməlləri ilə regionda formalaşan yeni arxitekturanı, olduqca pozitiv əməkdaşlıq imkanlarını, inkişafı və təhlükəsizliyi təhdid edir və açılan yeni perspektivlərə zərbə vurmağa çalışır.

Sentyabrın 28-də Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı əsassız bəyanatı, habelə bu ölkənin baş nazirinin sosial şəbəkə hesabı üzərindən Azərbaycana qarşı saxta ittihamları açıq şəkildə Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək məqsədi güddüyünü göstərir.

Bu gün bəzi Qərb ölkələrində Ermənistana dəstək verərək guya ərazi bütövlüyünün pozulmasının yolverilməzliyi barədə gen-bol danışan siyasətçilər, parlamentarilər və başqaları görəsən, bütün bunları nədən görməzlikdən gəlirlər? Bu yaxınlarda ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri zamanı “Ermənistanın müstəqilliyinə və suverenliyinə hücum edilib”, “ABŞ Konqresi adından Azərbaycanın Ermənistan ərazisinə hücumlarını qətiyyətlə pisləyirik”, “ABŞ hücumun Azərbaycan tərəfindən həyata keçirildiyini təsdiqləyib və Konqres Azərbaycanın təcavüzünü pisləyən qətnamə layihəsi hazırlayıb”, “Azərbaycanın “Artsax”ın mülki əhalisinə qarşı hərəkətləri, tarixi abidələrə qarşı vandalizmi bizim diqqətimizdədir” kimi ölkəmizin ünvanına qeyri-obyektiv və əsassız ittihamlar səsləndirməsi bəzi qaranlıq mətləblərin üzərinə işıq salır.

Buradaca belə bir sual ortaya çıxır: Görəsən, ədalətdən və demokratiyadan danışan N.Pelosi və onun kimilər niyə indiyədək bir dəfə olsun belə Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətə, Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal altında qalmasına, Azərbaycan şəhərlərinin, kəndlərinin, məktəblərinin, xəstəxanalarının, məzarlıqların dağıdılmasına, yüz minlərlə azərbaycanlının etnik təmizlənməyə məruz qalmasına və Ermənistanın məsuliyyət daşıdığı digər ağır cinayətlərə münasibət bildirməyiblər?

Əslində həmin qüvvələr yaxşı bilirlər ki, Ermənistan rəhbərliyi bölgədəki vəziyyəti gərginləşdirməməli, danışıqlar prosesində şərtlər irəli sürməməli, beynəlxalq ictimaiyyəti ittiham etmək təcrübəsini dayandırmalı və danışıqlar masasında əyləşməlidir. Nəhayət, dünyanın güc mərkəzləri Ermənistanın hazırda yürütdüyü siyasətin mahiyyətini aydın görməli, onun əsl niyyətlərini  düzgün qiymətləndirməli və təcavüzkar ölkəni bu iddialardan əl çəkməyə məcbur etməklə sülh prosesinə öz töhfələrini verməlidirlər.