KÖŞƏ

Sevinc Azadi

Goreşənlərin məzar qisasçılığı

19 oktyabr 2022 02:35
4620

“Sivil dünya” isə yenə də kar və kordur

Dağıdılmış tarixi abidələr, məscidlər, qəbiristanlıqlar, xarabalığa çevrilmiş şəhərlər, kəndlər... Erməni vandalizminin bu izlərinə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində hər addımda rast gəlmək olar. Məlumdur ki, tarix boyu Ermənistan tərəfindən Azərbaycan xalqının maddi-mədəniyyət abidələrinə qarşı qəddar düşmənçilik siyasəti aparılıb. Erməni millətçiləri əllərinə fürsət düşən kimi həmin abidələri dağıdıb məhv etməyə, yer üzündən silməyə çalışıblar. Dağıtmağı, məhv etməyi ermənilər yaxşı bilirlər. Onlar son iki yüz ildə Azərbaycana məxsus yüzlərlə, minlərlə abidəni yerlə-yeksan ediblər. Ermənistanın bu cür vandalizm aktlarına göz yummaq isə daha böyük faciələrə rəvac verir. Bu ölkənin Azərbaycan xalqına qarşı həyata keçirdiyi saysız-hesabsız cinayətlərlə bağlı indiyədək heç bir qüvvə hansısa nəticə kəsb edən addımlar atmayıb. Nə Qərb dövlətləri, nə də aidiyyəti beynəlxalq təşkilatlar Ermənistanın törətdikləri çoxsaylı cinayətləri görmək istəmir. Əslində, bu susqunluq gələcək üçün yaxşı heç nə vəd etmir.

Bu günlərdə Xankəndi yaxınlığında, rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında azərbaycanlılara məxsus məzarların dağıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər qlobal ədalətsizliyin hansı həddə olduğunu nümayiş etdirdi. Erməni istifadəçinin “TikTok” sosial şəbəkəsində paylaşdığı kadrlarda yük maşınının azərbaycanlılara məxsus qəbiristanlıqda məzar daşlarını qəsdən sökdüyü aydın görünür. Azərbaycan əleyhinə böhtanlar yağdıran bəzi ölkələr və beynəlxalq təşkilatlar hadisədən bir neçə gün keçməsinə baxmayaraq, qəbiristanlığın ermənilər tərəfindən dağıdılmasına heç bir reaksiya vermirlər. Məsələn, Azərbaycan mədəni abidələrinə qarşı həyata keçirilən bu münasibətə UNESCO-nun səssizliyi anlaşılan deyil. Bu təşkilat 1954-cü il Haaqa Konvensiyasının şərtlərinin kobudcasına pozulmasına laqeyd münasibət göstərir. 2022-ci ilin fevralın 4-də Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurası Prezidentinin video-formatda görüşünün nəticəsi olaraq həm də UNESCO-nun iki ölkə ərazisində missiyalarının həyata keçirilməsi planlaşdırılıb. Lakin təəssüf ki, biz bu günə qədər hansısa ciddi addımları müşahidə etmirik. Yəni bu məsələdə də riyakar, ikili yanaşma ilə qarşılaşırıq. Dünyanın harasındansa Qarabağa köçüb gələn bir erməninin daxmasından kərpic düşəndə bəşəri cinayətin baş verdiyini dünyaya car çəkən "beynəlxalq insan hüquqları və mədəniyyət" qoruyucuları nədənsə hələ də ermənilərin Cənubi Qafqazda zəbt etdiyi on minlərlə kv. km ərazidə türk və müsəlman abidələrinə qarşı törətdiyi mədəni soyqırımla bağlı dərin sükut içindədirlər.

Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərini işğal edən Ermənistan bəşəriyyətin ən qədim yaşayış məskənlərindən biri olan Azıx mağarasını hərbi sursat anbarına çevirmişdi. İnsanlığın ən qədim dövr mədəniyyət nümunələrinin toplandığı bu mağarada Ermənistan hərbçiləri azıxantropa aid olan, gildən və daşdan hazırlanmış məişət əşyalarını, əmək alətlərini məhv etdiklərini pərdələmək üçün yeni tədqiqatlar təşkil etmişdilər. Ermənilər yeni aşkarladıqları artefaktları dəvət etdikləri xarici arxeoloqlar vasitəsilə ərazidən kənara çıxararaq təbliğat alətinə çevirmişdilər. Onlar, həmçinin məşhur Xocalı kurqanlarını yer üzündən siliblər. İşğal altında saxladıqları İslam abidələrini, xüsusilə məscidləri, türbələri və qəbiristanlıqları dağıdıb, alban xristian abidələrini tamamilə saxtalaşdırıb erməniləşdiriblər.

İşğaldan azad edilən bir çox kəndlərimizdə erməni silahlı birləşmələrinin qətlə yetirdikləri azərbaycanlı hərbçilərin və mülki vətəndaşların kütləvi məzarlıqları da aşkar olunub. Belə ki, Xocavəndin Edilli, Kəlbəcərin Başlıbel, Xocalının Fərrux kəndlərində və ətraf yüksəkliklərdə aparılmış qazıntılar zamanı Birinci  Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş azərbaycanlıların yeni qalıqları aşkar edilib. Bu faktlar erməni faşizminin ifşasında və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında vacib əhəmiyyət kəsb edir. Ermənistan bu cinayətlərə görə beynəlxalq miqyasda məsuliyyətə cəlb olunmalıdır və olunacaqdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev kütləvi məzarlıqlar mövzusuna xüsusi önəm verir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransanın dövlət başçısı Emmanuel Makronla görüşlərdə də bu məsələ xüsusi qaldırılıb. Dövlət başçımız bəyan edib ki, Birinci Qarabağ müharibəsi dövründə 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir: “Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur. Mən bilmirəm niyə. Yəqin onlar başa düşürlər ki, orada, sadəcə, hərbi cinayətlərin sübutları olacaq. Lakin bununla belə biz tələb edirik və yeri gəlmişkən, Avropa İttifaqı da bu məsələ ilə bağlı fikrini bildirib ki, kütləvi məzarlıqların yeri bizə təqdim edilsin. Çünki ehtimal çox böyükdür ki, hər şey Qarabağdadır, bizim işğaldan azad etdiyimiz ərazilərdədir”.

Şovinizm virusuna yoluxan ermənilər unudurlar ki, nəinki Qarabağda, hətta Ermənistanın özündəki bütün tarixi, arxeoloji, mədəni-dini abidələr, maddi-mədəniyyət və incəsənət nümunələri Azərbaycan xalqına məxsusdur. Ermənilər onları nə qədər saxtalaşdırsalar, dağıdıb yer üzündən silməyə çalışsalar da heç nəyə nail ola bilməyəcəklər.