KÖŞƏ

Sevinc Azadi

Erməni lobbisinin əlaltılarının növbəti hoqqabazlıqları

22 dekabr 2022 01:16
3859

Əsl məqsəd Qarabağdakı qondarma rejimə Ağ Evin təcili humanitar yardım paketinin ayrılmasına nail olmaqdır

Məlum olduğu kimi, Rusiya sülhməramlıların müvəqqəti nəzarət zonasındakı ərazilərdə yerləşən Azərbaycana məxsus qızıl yataqlarının kontingentin yardımı ilə separatçılar tərəfindən talanması faktlarının ortaya çıxmasından sonra rəsmi Bakı hadisə yerinə baxış keçirmək üçün ekoloqlardan ibarət monitorinq qrupunun əraziyə baxış keçirməsinə çalışsa da bu cəhdlərin qarşısı bir neçə dəfə müxtəlif üsullarla alındı. Bunu görən bir qrup vətəndaş cəmiyyətinin fəalları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekoloqlar və digər fəallar dekabrın 12-dən etibarən Şuşa-Xankəndi yolunda etiraz aksiyasına başladılar. Sivil insanların bu əliyalın aksiyası Qarabağdakı erməni separatçıları ilə yanaşı, rəsmi İrəvanı da xeyli dərəcədə qorxuya saldı. Bunun nəticəsidir ki, Paşinyanın komandası və qondarma xunta rejimi tərəfindən Azərbaycanın Xankəndiyə hücum etməyə hazırlaşdığı ilə bağlı dezinformasiyalar bir-birini əvəz etdi. Hər zaman olduğu kimi, Amerika Erməniləri Milli Komitəsinin (ANCA) idarəçiliyi ilə dünya erməniləri, xüsusən ABŞ-dakı erməni lobbisi anti-Azərbaycan fəaliyyətini gücləndirdilər. Onlar keçirdikləri etiraz aksiyasını “Qarabağ ermənilərinin humanitar yardım blokadası və enerjinin kəsliməsi” adı ilə dünya gündəminə gətirməyə çalışırlar. Müxtəlif ölkələrdəki aksiyalarda, mediada Qarabağdakı erməniləri mitinq çağırışı ilə çıxış edir və azərbaycanlıların bu aksiyasını “ikinci erməni soyqırımı” kimi qələmə verməyə çalışırlar. Çıxışlarda ABŞ-dan qondarma rejimə humanitar yardım göndərilməsi və Azərbaycana sanksiya tətbiq edilməsi vurğulanır. Məsələ ilə bağlı ABŞ Konqresinin ermənipərəst üzvləri Ağ Ev rəhbərliyinə təzyiqi artırıblar, Amerikanın təcili tədbirlər görməsinə ehtiyacın olduğunu qeyd ediblər. Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez, Konqresin Erməni Problemləri üzrə Erməni Qrupunun rəhbərliyi və Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiff və Rep Dina Titus, ayrı-ayrılıqda anti-Azərbaycan bəyanatları veriblər. Ermənipərəst konqresmenlər “Twitter” hesablarında Azərbaycanın əleyhinə paylaşımlar ediblər. Onların əsas məqsədi Qarabağdakı qondarma rejimə Ağ Evin təcili humanitar yardım paketinin ayrılmasıdır.

Əslində hamıya məlumdur ki, aksiya başlayandan humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə olmayıb. Bu müddət ərzində Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya keçirilən məkandan maneəsiz keçiblər. Azərbaycan fəallarının keçirdiyi aksiya sülh aksiyasıdır. Bu, Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Əksinə, Azərbaycan Xarici İşlər Nazirliyinin ərazilərimizdə yaşayan ermənilərin humanitar ehtiyaclarını qarşılamağa hazır olduğunu bəyan etməsi isə bir daha rəsmi Bakının nə qədər humanist və insanpərvər olduğunu nümayiş etdirir. Aksiyanın Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı məsələsinə də heç bir aidiyyəti yoxdur. Çünki həmin ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir. Göründüyü kimi, erməni lobbisi və onları dəstəkləyən konqresmenlər yenə də Azərbaycana qarşı böhtan atır, məqsədli şəkildə Qarabağ ermənilərinin problemlərini Azərbaycanın üzərinə atmağa çalışırlar.

 Artıq iki həftəyə yaxındır ki, Azərbaycan xalqı, QHT-lər, ekofəallar könüllü şəkildə “Eko və mina terroruna son” deyərək etirazlarını davam etdirirlər. Bu, Azərbaycan xalqı üçün ümummilli məsələyə çevrilib, xalqımız hər zaman olduğu kimi, yenə də nümunəvi birlik və həmrəylik nümayiş etdirir. Bəlkə də elə bunun nəticəsidir ki, Xankəndi yolunda keçirilən aksiyada sülhməramlıların mövqeyində dəyişikliklər müşahidə edilir: ilk gündən indiyə qədər etirazçılarla üzbəüz dayanan sülhməramlılar indi aksiyanın keçirildiyi ərazidən təxminən 30 metrə qədər uzaqlaşıb. Sülhməramlılar sözügedən ərazidə quraşdırdıqları barrikadanı da götürüblər. Bundan başqa, zirehli texnika olan BTR-i də ərazidən aparıblar. Eyni zamanda, “humanitar yardım” adı ilə Laçın dəhlizindən Xankəndiyə keçmək istəyən 5 yük maşını yoxlanmasına icazə verilmədiyindən geri qayıdıb. Belə bir addımı niyə atdıqları anlaşılmır. Amma istənilən halda Rusiya sülhməramlı qüvvələri baş verənlərə görə daha çox tənqid hədəfinə çevrilir. Hətta Ermənistanda da açıq etiraf edilir ki, baş verənlərə görə bütün məsuliyyət rusların üzərindədir.

Bəli, Azərbaycanın məramı, məqsədi talançılığa son qoymaq, yad ünsürlərin bölgədən çıxarılmasının təmin edilməsidir. Sonrasını onsuz da dövlət başçısı hər çıxışında dəfələrlə qeyd edib: “Qarabağdakı yerli ermənilər Azərbaycan vətəndaşlarıdır və onların digər azsaylı xalqların nümayəndələri kimi Azərbaycan qanunvericiliyinin onlara verdiyi hüquqdan istifadə edərək bu ölkənin vətəndaşı kimi qalıb, yaşamaq haqqı var”.