KÖŞƏ

Sevinc Azadi

Araikin Paris sərgüzəştləri

14 dekabr 2022 02:36
4029

Rəsmi Parisin bu gün xarici siyasətini bir ovuc erməni lobbisinin maraqları üzərində qurması Fransa dövləti adına utancverici addımdır

Qarabağdakı erməni separatçı quldurlarının başçısı Araik Arutyunyan Fransada peyda olub. Bir həftədən çoxdur ki, Fransada olan separatçı Arutyunyan ölkənin müxtəlif rəsmi şəxsləri ilə görüşlər keçirib. O, İle-de-Frans region şurasının sədri Valeri Pekres ilə görüşüb. Pekres “Qarabağın və Ermənistanın erməni xalqı”na həmrəylik və dəstəyini ifadə edib. “Cənubi Qafqazda sülh və sabitlik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tələb edir”, - Pekress “Twitter” mikrobloqunda yazıb. Xankəndidəki separatçı rejimin başçısı Fransanın “France-24” televiziya kanalına müsahibə də verib. Bu kanal onu “artsax” prezidenti kimi təqdim edib. Bütün bunlar bir daha Fransa dövlətinin Cənubi Qafqazda sülhə mane olmaq cəhdlərini davam etdirdiyini göstərir. Nəzərə alınmalıdır ki, bir müddət öncə Fransa Senatının və Milli Assambleyasının Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qəbul etdikləri qərəzli qətnamələrdə qondarma “artsax respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırış öz əksini tapmışdı. Araiklə bağlı məsələ isə, eyni zamanda, “qətnamə” oyununun pərdəarxasında yatan erməni maraqlarıdır. Xüsusi vurğulanmalıdır ki, bu, Fransanın Azərbaycana qarşı apardığı çoxşaxəli təxribatçı kampaniyanın tərkib hissəsidir.

Arutyunyan da öz növbəsində Fransa Senatı və Milli Assambleyasının Azərbaycan əleyhinə qətnamə qəbul etməsindən məmnunluğunu dilə gətirib, bunu Qarabağ separatçılara verilən böyük dəstək adlandırıb. Marsel meri Beyna Payan əmin edib ki, Qarabağ separatçılarına humanitar yardım proqramlarının artırılmasına yönəlmiş səylər davam etdiriləcək. Separatçıların başçısı Provans-Alp-Kot d'Azur regionunun rəhbəri Renaud Muselier ilə görüşdə Azərbaycanın “artsaxa və Ermənistana qarşı təcavüzü”nü pisləyən və “Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ”nu dəstəkləyən birgə “bəyannamə” imzalayıb. Göründüyü kimi, Fransa yenə də öz ampluasındadır.

Belə görünür ki, öz ərazi bütövlüyünə, dövlətçiliyinə hörmət edən bir çox ölkələrin utancverici hesab etdiyi məsələni fransız dövlət nümayəndələri özləri üçün şərəf sayırlar. Rəsmi Parisin bu gün özünün xarici siyasətini bir ovuc erməni lobbisinin maraqları üzərində qurması, milli maraqlarını erməni xislətinə qurban verməsi Fransa adına rəzalətdir. Prezident Emanuel Makron isə hazırda xalqının, dövlətinin dəyərlərini radikal separatçılar üçün ayaqlar altına atır. Terrorçu, işğalçı, təcavüzkar siyasət aparan ölkəni hər cür dəstəkləmək və özünə ən yaxın tərəfdar seçməklə Fransa əslində beynəlxalq hüququ heçə saydığını, separatizmi var gücü ilə dəstəklədiyini sərgiləyir.