KÖŞƏ

Sevinc Azadi

Ermənilərin sülh oyunu: Sərhəd təxribatları nəyə hesablanıb?

21 oktyabr 2022 01:36
6645

Ermənistanın sərhəd təxribatları davam edir. Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına əsasən, oktyabrın 18-i saat 18:40-dan oktyabrın 19-u saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman, Pəmbək və Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Təzəkənd və Astaf, Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Bunlar fonunda, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, guya Sotk-Kutakan ərazisində azərbaycanlılar əvvəlcə öz mövqelərini, daha sonra isə erməniləri atəşə tutublar. Azərbaycanın Müdafiə Nazirliyi bunu də təkzib edib. Nazirlik qeyd edir ki, Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlcə bir-birinə, daha sonra isə qarşı tərəfin mövqeləri istiqamətində atəş açması ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Qəribə görünsə də, Ermənistan tərəfi bir tərəfdən Azərbaycanla sülh danışıqları aparmaq istədiyini bəyan edir, digər yandan dövlət sərhədində təxribatlardan əl çəkmir. Xüsusən son günlərdə Avropa İttifaqı mülki missiyasının regiona gəlişi fonunda atəşkəs ermənilər tərəfindən intensiv pozulur. Bu da İrəvanın heç də sülh istəmədiyini bir daha sübut edir. Ermənistan tərəfi Azərbaycan sərhədləri boyunca hərbiləşməni artırmaq, ölkəmizin ərazilərində icazəsiz və qanunsuz minadöşəmə həyata keçirmək cəhdləri ilə genişmiqyaslı hərbi təxribatlara hazırlaşdığını təsdiq edir. Təkcə bu fakt deməyə əsas verir ki, Ermənistan Qafqazın təhlükə sindromudur. Təcavüzkar dövlətin hərbi-hücum taktikası ilə yeni müzakirə mövzusu yaradıb normallaşma prosesini arxa plana keçirmək cəhdini dəstəkləyən və həvəsləndirən bir sıra maraqlı qüvvələr var. Buna baxmayaraq, baş verən təxribata, yaranmış gərginliyə, itkilərə və beynəlxalq hüquqa edilən qəsdə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi birbaşa məsuliyyət daşıyır. O cümlədən, Ermənistan tərəfinin itkilərinə görə mənəvi və hüquqi məsuliyyət, öz cəmiyyəti qarşısında cavabdehlik mövcud Ermənistan hakimiyyətinin üstündədir.

Maraqlısı isə odur ki, ermənilərin bu təxribatları daha çox sərhədyanı zonada yaşayan ermənilərin özlərinə ziyan vurur. Məsələn, Ermənistan ordusunun təxribatları, Azərbaycanın cavab tədbirləri görməsi nəticəsində artıq Sotk kəndində qalan ailələr də buranı tərk etməyi düşünür. Sotk sakini Hakob Avetyan “Azatutyun” radiosuna bildirir ki, ötən ay sərhəddə baş verən toqquşmalardan sonra onsuz da sakinlərin böyük hissəsi buranı tərk edib: “Kəndlilərin 70 faizi müvəqqəti olaraq başqa yaşayış məntəqələrinə köçüb. İnsanlar genişmiqyaslı döyüşlərin yenidən başlaya biləcəyindən narahatdır. Gündəlik hal alan top atəşləri bu qorxuları daha da artırır. Atışmaya görə kəndi tərk etmək istəyənlər var və əslində, təhlükə çox böyükdür. Sentyabrın 13-də baş verənlərin bir daha təkrar olunmayacağına hansı zəmanətimiz var? Atəş səsləri əsasən gecə saatlarında eşidilir. Gündüz də olur. Sərhəd o qədər yaxındır ki, insanlar hətta atəş səsləri ilə oyanır”.

Hadisələrin inkişaf axarı isə Ermənistanın cinayətkar davranışları ucbatından üzündən proseslərin daha təhlükəli məcraya qədəm qoyacağını göstərir. Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryan “Azatutyun” radiosuna bildirib ki, bu hallar Ermənistanın xeyrinə deyil: “Regionda silah balansı pozulub və Ermənistanın lehinə deyil”.

Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov isə bildirir ki, erməni tərəfi atəşkəsi pozmaqdansa, Cənubi Qafqazdakı yeni reallıqlarla barışıb müvafiq addımlar atsa daha yaxşı olar: “Ermənistan rəhbərliyinin ümid etdiyi mühüm variant odur ki, Qarabağda erməni maraqları üçün başqaları mübarizə aparmalıdır. Onlar, təbii ki, Rusiyanın Ermənistan üçün döyüşəcəyini gözləyirdilər, çünki Ermənistan KTMT və Avrasiya İqtisadi İttifaqının üzvüdür. Əslində, Ermənistan bu təşkilatlara ona görə qoşulub ki, Rusiya Qarabağ münaqişəsində onun tərəfində olsun. Amma Rusiya Ermənistan üçün döyüşməkdən imtina edib, açıq-aşkar neytral mövqe tutur. İndi Rusiyanın mövqeyi Ermənistan rəhbərliyində elə nifrətə səbəb olur ki, onlar Rusiyanı daim Azərbaycanyönümlü mövqedə ittiham edir. Ermənistanın Fransa Prezidenti Emmanuel Makron kimi müttəfiqləri də Rusiyanı Azərbaycanyönümlü olmaqda ittiham edirlər”.

O vurğulayıb ki, Azərbaycanda ruslar, yəhudilər, bir çox başqa millətlərin nümayəndələri yaşayır və onların hamısı bərabər hüquqlardan istifadə edir: “Amma erməni cəmiyyəti özünü bütün xalqlardan üstün tutur. Bu cür ultramillətçilik onları dalana dirəyir. Ermənistan qəbul etməlidir ki, heç bir muxtariyyət olmayacaq. Digər xalqlar kimi, Qarabağın erməni icmasının Azərbaycana tam inteqrasiyasının mərhələlərini ümumi şərtlərlə müzakirə etmək lazımdır”.