28 oktyabr 2022 01:16
880

Çay dəstgahı

Bakıda kafe və çayxanalarda soyğunçuluq: Adi çay vermirik...

Paytaxtımızda yerləşən restoranlarda, kafe və çayxanalarda təklif olunan xidmətlərin qiymətləri ilə bağlı narazılıqlar bitib-tükənmir. Vətəndaşlarımız və ölkəmizə gələn turistlər bu cür möhtəkirliklərlə demək olar ki, hər an qarşılaşırlar. Məsələn, sahibkarlar ictimai iaşə obyektlərində müştərilərə təklif olunan bir çaynik çayın yanında şirniyyat, tort, ya da konfet, mürəbbə sırımağa çalışırlar.

Bakı bulvarında və “Torqovı” kimi tanınan meydanda həmçinin şəhərin digər ərazilərində yerləşən ictimai iaşə obyektlərindəki soyğunçuluqla bağlı dəfələrlə yazılıb, aidiyyəti qurumlara müraciət edilib. Amma nə yazıq ki, tədbir görən yoxdur ki, yoxdur. Məsələn, giriş qapısında dayanan obyekt əməkdaşına “Sizdə adi çay verilirmi” sualına “Bəli” cavabı alandan sonra restorana daxil olub əyləşirsən. Masaya yaxınlaşan ofisiant isə “Bizdə adi çay seçə bilməzsiniz, yalnız çay dəstgahımız (30, 35, 40, 50 manatlıq) var” cavabı verir. Həmçinin ona qapıdakı dialoqu xatırlatdıqda “Biz sizə qapıda hörmətsizlik edib əliboş qaytarmaq istəmədik” söyləyirlər. Və təbii ki, onlar “Birdəfəlik çay paketi” ilə dəmlədikləri bir çaynik çayı (şirniyyat, tort, ya da konfet, mürəbbə ilə birlikdə) 30, 35, 40, 50 manata sırımağa cəhd edirlər. Beləliklə, müştərini qapıdan qaytarmağa “qıymayan” ofisiantlar, ona masadan qalxmağı rəva bilirlər...”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, çox təəssüflər olsun ki, nə marketlər, nə də restoranlar üçün heç bir qaydalar təsdiq olunmayıb: “Bu barədə Nazirlər Kabinetinin müəyyən qaydaları yoxdur. Belə yerlərdə istehlakçılarla istədikləri kimi davranırlar. Bu sahədə Azad İstehlakçılar Birliyinə hər həftə şikayət gəlir. Biz dövlət orqanları qarşısında məsələni qaldıranda deyirlər ki, öz əraziləridir, özləri bilərlər. Düşünürəm ki, bu, doğru deyil. Bu kimi hallar Azərbaycanda turizmin inkişafına böyük zərbə vurur. Hətta bununla bağlı xarici turistlərdən də mənə şikayət edənlər olub.”

E.Hüseynov qeyd etdi ki, xüsusən belə hallar tarixən çaya meyilli xalq olaraq bizə qətiyyən yaraşmır: “Bu, açıq-aydın istehlakçı hüquqlarının pozulmasıdır. Bütün dünyada qəbul olunmuş istehlakçı hüquqları var. Eləcə də ölkəmizdə istehlakçının sərbəst seçim hüququ var. O, özü xidməti seçə bilər. Heç kim, heç bir sahibkar, satıcı müştərini nəsə almağa məcbur edə bilməz. Satıcı nəyisə zorla satmamalıdır. Bu nə deməkdir ki, şirniyyat almasanız, çay yoxdur?! Dünyanın heç bir ölkəsində belə qayda-qanun yoxdur ki, müştəri çay içmək istəyirsə, mütləq şirniyyat, tort, ya da konfet, mürəbbə də almalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda qeyd olunur ki, xidmət göstərən tərəf istehlakçıya əlavə olaraq təzyiqlə pullu xidmət göstərə bilməz.”

Birliyin sədri qeyd etdi ki, belə hallara xüsusən Dənizkənarı Milli Parkda (Bulvar) daha çox rast gəlinir: “Təxminən 5 ildir ki, Azərbaycanda belə anormal vəziyyət hökm sürür və bununla bağlı insanların böyük narazılığı var. Ona görə də xüsusən Dənizkənarı Bulvar İdarəsindən xahiş edirəm ki, bu məsələləri yoluna qoymaqda bizə köməklik etsin. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də bu kimi qeyri-normal hallara son qoyulması üçün iş aparmalıdır. Çünki bu, Azərbaycanda turizmin inkişafına mənfi təsir göstərir, istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir.”

E.Hüseynov məsləhət görür ki, istehlakçılar bu kimi hallarla rastlaşanda, 012-599-76-00 telefon nömrəsi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat versinlər.

Cavid Əkbərov, “İki sahil”