01 noyabr 2022 08:04
454

Norveç Amazonka meşələrinin qırılmasının qarşısını almaq üçün Braziliyaya maliyyə yardımını bərpa etməyə hazırdır

Norveç Amazonka meşələrinin qırılmasının qarşısını almaq üçün Braziliyaya maliyyə yardımını bərpa etməyə hazırdır.

"İki sahil" xəbər verir ki, Norveç bir sıra digər ölkələrlə birlikdə Amazon meşələrinin mühafizəsinə uzun illər subsidiya ayırıb, lakin sonradan Jair Bolsonarunun Braziliyada prezidentliyi dövründə bu yardım dayandırılıb. İndi Skandinaviya ölkəsi prezident seçkilərində Luiz İnasio Lula da Silvanın qələbəsindən sonra bu əməkdaşlığı bərpa etmək niyyətindədir.

Ətraf mühit naziri Espen Bart Eidenin sözlərinə görə, Norveç Jair Bolsonaru hakimiyyətə gələnə qədər Braziliya hökumətləri ilə sıx əməkdaşlıq edib.

Norveç Amazon meşələri proqramının ən böyük donoru olub, lakin Almaniya ilə yanaşı, krallıq Bolsonaru hakimiyyətə gəldikdən sonra 2019-cu ildə Braziliyaya bu proqram çərçivəsində yardımı dayandırıb. Belə ki ifrat sağçı liderin dövründə Amazonda meşələrin qırılması müxtəlif hesablamalara görə, 70 faiz sürətlənib.

Espen Bart Eidenin sözlərinə görə, Amazon Meşə və İqlim Mühafizəsi Fondu tərəfindən istifadə olunmamış təxminən beş milyard kron (təxminən 485 milyon avro) yardım toxunulmamış halda hesablarda qalıb. Bununla əlaqədar olaraq, Norveç ölkələr arasında əməkdaşlığı bərpa etmək üçün mümkün qədər tez Braziliyanın yeni hökuməti ilə əlaqə saxlamağa çalışır.